“Türkiyəli iş adamları Azərbaycan dövlət əmlakının özəlləşdirilməsi prosesinə maraq göstərir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı yeni səfiri Erkan Özoral bildirib.
Onun sözlərinə görə, türkiyəli biznesmenlər ölkəmizdəki iqtisadi prosesləri yaxından izləyir: “İş adamlarımız Azərbaycandakı işlərini daha da genişləndirmək istəyir. Zaman keçdikcə bu maraq özünü göstərəcək”.
Qeyd edək ki, cari ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər” haqqında fərman imzalayıb. Sentyabrda isə dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib. Azərbaycanda yerli və xarici investorlara, potensial alıcılara hərracda məhdudiyyətsiz iştirak etmək, qiymətini bank vasitəsi ilə ödəməklə əmlak sahibi olmaq imkanı yaradılıb. Azərbaycandakı özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi məqsədilə satışa çıxarılan əmlaklar barədə bütün məlumatlar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunur.
Nərgiz