1925-ci il. Qadınlara qarşı zorakılıq
Ailədaxili zorakılıq o illərin də aktual mövzusu imiş. 6 noyabr tarixli sayında “Bakinski Raboçi” qəzeti “Məişətdə kötək” adlı yazı dərc edir. Məqalədə məhkəmə təbabəti kabinetinə müraciət edən qadınların çoxunun ərləri tərəfindən döyüldüyü qeyd olunur. Üstəlik, zorakılığın “milli cəhətlər”indən də söz açılır. Qəzet yazır:
“Döyülən türk qadınlarının 60 faizi kötəyi evdə darısqallıq və müxtəlif çəkişmələr nəticəsində yaranan davalarda alıb. Türk qadınları əsasən yaşlı vaxtda, qoca ərləri tərəfindən döyülür ki, buna da səbəb ərin yaşlaşmış qadından canını qurtarmaq istəyidir”.
O ki qaldı döyülən rus qadınlarına, burada həm səbəblər fərqlidir, həm də zorakılığın dərəcəsi böyükdür. Qəzet bununla bağlı yazır:
“Rus qadınların demək olar ki hamısı ərlərinin sərxoş vəziyyətində zorakılığa məruz qalıb. Üstəlik, xəsarətlər çox ağır dərəcədədir. Sərxoş ər həyat yoldaşını əlinə keçən hər şeylə vurur - çubuqla, kətillə, çəkiclə, ütü ilə. Məsələn, bir qadın sərxoş əri tərəfindən döyülərkən çənəsi, 2 qabırğası və əli sınıb. Bu cür münaqişələr daha çox bayram öncəsi və bayram günlərində baş verir”.
Bununla belə, zorakılığın əsl miqyasını müəyyənləşdirmək çətindir, çünki, məhkəmə təbabəti kabinetlərinə heç də döyülən qadınların hamısı müraciət etmir.
1928-ci il. Nuxada 7 noyabr bayramı
“Bakinski Raboçi” 11 noyabr nömrəsində Nuxada (indiki Şəki - Red.) Oktyabr İnqilabının ildönümü ilə əlaqədar tədbirlərdən yazır:
“Artıq noyabrın 6-dan şəhər işıqlarla bəzədilmiş, bütün küçələr və evlərdən bayraqlar asılmış, çiçəklərə qərq olmuşdu. III İpəkçilik zavodunun klubunda şəhər Sovetinin partiya fəalları və həmkarlar ittifaqının iştirakı ilə geniş tərkibdə iclası keçirilmişdir. Noyabrın 7-də VI İpəkçilik zavodunun nəzdində 30 çarpayılıq vərəm dispanserinin açılışı olmuşdur. Nuxa poliklinikasının təntənəli şəkildə özülü qoyulmuş, dairədə 6 məktəb açılmışdır”.
1928-ci il. Çadra əleyhinə kampaniya
Qəzet 11 noyabr sayında Azərbaycanda çadra əleyhinə kampaniyanın gedişatını işıqlandırır. Zaqafqaziya vilayət partiya komitəsinin qadın şurasının sədri yoldaş Şaverdova Azərbaycanda bu kampaniya ilə bağlı uğurlardan danışaraq deyir:
“Bütün Zaqafqaziyada bu kampaniya ən sürətlə Bakıda gedir. Bu da təsadüfi deyil - Bakı Qafqazın ən böyük proletar mərkəzidir. Bakı və fəhlə rayonları maksimum fəallıq göstərirlər. Mən özüm fəhlə yığıncaqlarında və ailə axşamlarında olmuşam və təsdiqləyə bilərəm ki, hər yerdə yüksək əhval-ruhiyyə və mübarizənin inqilabi vüsəti hiss olunur. Xüsusi olaraq noyabrın 9-da Suraxanıda ailə axşamında iştirakım məndə müsbət təəssürat yaratdı. Orada hətta yaşlı türk kişilər çıxış edərək çadra əleyhinə mübarizəni qızğın müdafiə etdilər. Bütün göstəricilərə görə, Azərbaycanın qəzalarında da bu mübarizə uğurlu olacaq, çünki partiya çadra əleyhinə kampaniyaya qətiyyətlə başlayıb”.
1935-ci il. Savadsızlıqla mübarizə
Noyabrın 6-da qəzet İnqilabdan əvvəlki və İnqilabdan sonrakı təhsil səviyyəsinin fərqini əyani göstərən diqqətəlayiq rəqəmlər dərc edib. Məsələn, 1913-cü ildə Azərbaycan əhalisinin cəmisi 9,3 faizi yazıb oxumağı bacarırdı. Artıq 1935-ci ildə 7-50 yaş arasında savadlıların göstəricisi 80 faizdir.
İnqilaba qədər Azərbaycanda cəmi 974 məktəb vardı və onlarda 72 min nəfər təhsil alırdı.Artıq 1922-ci ildə təhsil alanların sayı 89 min nəfərə çatır, 1934-cü ildə isə Respublikanın 3170 məktəbində təhsil alan şagirdlərin sayı 478 minə yüksəlir.
Yaxud, 1934-cü ildə Azərbaycanın Ali məktəblərində 9066 tələbə təhsil alırsa, 1921-ci ildə onların sayı vur-tut 2 minə yaxın idi.14 ildə Ali məktəblərin sayı 9 dəfə artıb.
Daha bir maraqlı rəqəm: son siyahıyaalmaya görə, Respublikada 1696 kitabxana var, kitab fondu isə 4,5 milyon cildi ötüb.
Mədəniyyət sahəsində də nəhəng uğurlara imza atılıb. 14 teatr fəaliyyət göstərir. 1934-cü ildə teatrlarda 1,142 milyon tamaşaçı olub. Kinoteatrların sayı isə son 5 ildə 238-dən 489-a yüksəlib. Maraqlıdır ki, bu kinoteatrlardan 142-si orta məktəblərdə yerləşir.
Görünən odur ki, biz kəmiyyət yox, keyfiyyət baxımından 1920-ci ildən əvvələ qayıdırıq. Kəmiyyət isə çoxdan keyfiyyətə keçmir.
1935-ci il. Günə vur-tut 8 kilo pambıq
Noyabrın 6-da qəzet pambıqçılıq sahəsindəki çatışmazlıqlara geniş yer ayırıb və ayrı-ayrı rayonlarda baş verən xoşagəlməz hallardan yazıb.
Məsələn, Göyçay rayonunun Mollaşıxlı kəndindəki Stalin adına kolxozda kolxozçular gündəlik 68 sentner əvəzinə cəmisi 15 sentner pambıq toplayır. Məhsul tarlalarda tökülüb qalıb, 170 kolxozçudan cəmisi 60-ı sahəyə çıxır. Kolxoz sədri Əhmədov isə əyyaşlığa qurşanıb.
Yaxud, Kürdəmir rayonundakı Kirov adına kolxozda briqadir Həsən Xəlil oğlu işi çox pis təşkil edib. Cəmisi 2,5 ton pambıq toplanıb. Briqadir Həmməd Hümmət oğlunun briqadasının üzvləri də pis çalışırlar - onlar tarlaya gec gəlir, evə isə tez dönürlər.
Salyan rayonunun Kazımkənd kəndindəki Beriya adına kolxozda da vəziyyət rüsvayçıdır. Orada pambıqçılar Musa Kəlbi oğlu və Mədinə Quliyeva günə vur-tut 8 kiloqram pambıq toplayır.
Kürdəmir rayonundakı “Oktyabr” kolxozunun sədri Möhübbət Qurbanov isə öz həyat yoldaşına pambıq yığmağı qadağan edib. Ona baxaraq kolxozun hesabdarı və partiya təşkilatının katibi də həyat yoldaşlarını sahəyə buraxmırlar ki, bu da əmək intizamına ağır zərbə vurmaq deməkdir.
1938-ci il. Lenin-Stalin xalçası və Kirovabadda bayram
“Bakinski Raboçi” 11 noyabr nömrəsində xəbər verir:
“Bir qrup Bakı xalçaçısı Böyük Oktyabr Sosialist İnqilabının 11-ci ildönümü münasibətilə üzərində sosializmin dahiləri Marks, Engels, Lenin və Stalinin təsvirləri olan yaraşıqlı xalça toxuyub. Bu xalça əsl incəsənət nümunəsidir. Onu Anabacı və Töhfə Ədilovalar, Nanə Zeynalova və Afaq Aslanova toxuyub”.
Elə həmin sayında qəzet İnqilabın növbəti ildönümünün Kirovabadda (ndiki Gəncə - Red.) necə geniş qeyd edildiyindən yazıb:
“7 noyabr - xoşbəxt, fərəhli həyatın ümumxalq bayramıdır. Şəhər bayrama bürünüb. Küçələr, yaşayış evlərinin və müəssisələrin fasadları qırmızı bayraqlar, plakatlar, partiya və hökumət rəhbərlərinin portretləri ilə bəzədilib. Küçələrdə qeyri-adi canlanma var...
...Kirov adına meydanda nümayiş təntənəli marşla başlayır. Kirovabadın 60 mindən çox fəhlə və kolxozçusu Lenin-Stalin partiyasına, Sovet hökumətinə və xalqların böyük rəhbəri doğma Stalinə olan sonsuz sevgi və sədaqətini göstərmək küçələrə çıxıb. Tribunada şəhər rəhbərləri ilə yanaşı staxanovçu qadınlar - Ağca Əliyeva, Güllü Həsənova, Tamara Ağayeva və başqaları dayanıb. Rayonun kolxozları Böyük Oktyabrın ildönümünü qürurla qarşılayır. 15 kolxoz illik pambıq planını artıq yerinə yetirib...”
1947-ci il. Bilgəh sanatoriyası
Müharibə cəmisi 2 ildir bitib, ancaq zəhmətkeşlərin istirahəti və müalicəsi məsələləri artıq gündəmdədir. Noyabrın 12-də qəzetdə “Xəzər sahilində yeni sanatoriya” məqaləsi çap olunub. Yazıda deyilir:
“Xəzərin sahilində, Bilgəh qəsəbəsində Həmkarlar ittifaqının dördmərtəbəli yeni nümunəvi sanatoriyasının tikintisi başa çatmaq üzrədir. O, Azərbaycanın ən gözəl sanatoriyası olacaq. Palatalar bu günlərdə Moskva fabriklərindən göndəriləcək rahat mebellərlə təmin olunacaq. Binanın bir hissəsi oxu zalı, kitabxana və istirahət zalı üçün ayrılacaq. Sanatoriyanın ətrafında böyük meyvə bağı salınacaq. Yeni sanatoriyada su ilə müalicə, rentgen və digər kabinetlər nəzərdə tutulub. Binanın damı solyariyə uyğunlaşdırılıb. Yeni sanatoriyanın tikintisinə 4 milyon manat sərf edilib. 300 nəfərlik ilk istirahətçiləri sanatoriya artıq gələn ilin yayında qəbul edəcək”.
1953-cü il. Naxçıvan şərabları
“Bakinski Raboçi” 12 noyabrda Naxçıvanda şərabçılığın inkişafından yazır:
“Naxçıvan şərab tresti”nin istehsalı olan “Kaqor”, “Ağ portveyn”, “Şahbuz”, “Naxçıvan”, “Əbrəqunis” şərablarına istehlakçılar arasında böyük tələbat var. Trestin məhsulları Bakı neftçilərinə, Ural maşınqayıranlarına, Donbass şaxtaçılarına, Uzaq Şərq zəhmətkeşlərinə göndərilir. Trest müəssisələrinin şəbəkəsi də genişlənir. Əbrəqunis kəndində mexanikləşdirilmiş şərabçılıq zavodu istismara verilib. Bu günlərdə “Naxçıvan şərab tresti” illik istehsal planının yerinə yetirildiyini raport edib. İl ərzində şərabçılıq zavodları plandan əlavə 2,5 milyon manatlıq şərab, portveyn və konyak məhsulları hazırlayıb”.
1963-cü il. Bayram yenilikləri
Noyabrın 6-da qəzet Oktyabr İnqilabı bayramı ilə əlaqədar tədbirlərdən yazır. Məsələn, bayram günü şəhər nəqliyyatının iş saatları uzadılacaq. İstisnasız olaraq bütün tramvay, trolleybus və avtobuslar noyabrın 7-sində gecə saat 2-yə qədər işləyəcək.
Bayram öncəsi Bakı, Kirovabad, Stepanakert (indiki Xankəndi - Red.) və digər şəhərlərdə mal dövriyyəsinin xeyli artdığı qeyd olunur. Əhaliyə daha yaxşı xidmət göstərmək üçün 6-7 noyabr günlərində bütün ərzaq mağazaları gecə saat 12-yə qədər, sənaye malları mağazaları və univermaqlar isə axşam saat 8-ə qədər çalışacaq.
1980-cı il. Fəhlələr üçün yeni mənzillər
Yeni nəslə inanmaq çətindir ki, Sovet Azərbaycanında əhali pulsuz mənzillərlə təmin olunurdu. Növbəti bu cür mənzillərin istifadəyə verilməsindən qəzet noyabrın 7-də yazır.
Şuşada üç yeni yaşayış binası istifadəyə verilir. Ağdamda isə Avtomobil nəqliyyatı nazirliyinin təsərrüfat hesablı tikinti idarəsinin işçiləri beşmərtəbəli binanın tikintisini başa vurub. Binadakı mənzillər Ağdam avtomobil bazasının 25 işçisinə paylanacaq. 92 saylı tikinti idarəsinin ucaltdığı daha 2 yeni binaya isə Ağdamın sənaye müəssisələrində çalışan 40 fəhlə ailəsi ilə köçəcək...