“Noyabrın 17-də Respublika Perinatal Mərkəzində beşəm dünyaya gəlib. Onların hamısı ölüb”.
Teleqraf.com xəbər verir ki, bunu Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova jurnalistlərə açıqlamasında deyib.
Direktorun sözlərinə görə, bu, ananın ikinci hamiləliyi olub: “1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib. Birinci hamiləlikdə əkiz uşağı olub, onlar inkişafdan qaldıqları üçün vaxtından əvvəl abort olunublar. Ana ikinci hamiləliyə dərmanlar vasitəsilə qalıb. Hamiləliyin 20-ci həftəsinə qədər ana 3 saylı Şəhər Klinik Xəstəxanasında olub.
Hamiləlik boyunca ana hamiləliyin qorunması üçün müxtəlif dərmanlar qəbul edib. Vəziyyəti pisləşəndən sonra noyabrın 11-də kəskin qanaxma ilə Mərkəzə daxil olub. Vəziyyəti kəskin ağır olan anan qaraciyər və böyrək funksiyalarının stabilləşdirilməsi məqsədilə hospitallaşdırılıb".
Sevinc Məmmədova qeyd edib k, Səhiyyə Nazirliyi və Bakı şəhər Baş Səhiyyə İdarəsinin müxtəlif xəstəlilər üzrə baş mütəxəssisləri Mərkəzə dəvət edilərək konsilium təşkil edilib: “Bu gün səhər saat 7-də doğuş spontan-özbaşına fəaliyyətə başlayıb. Nəticədə çəkisi 200 qramdan 420 qrama qədər olan 5 uşaq doğulub. Lakin görülən bütün tədbirlərə baxmayaraq, körpələrin hamısı ölüb.
Son bir ayda ananın qaraciyər və böyrəyində kəskin surətdə baş verən pisləşmələr nəticəsində onun qanında müəyyən dəyişmələr var. Uşaqlar 24-cü həftədə zəif inkişaf etmiş doğulublar”.
İlhamə ƏBÜLFƏT