18 Noyabr 2016 17:29
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siyasi mühacir", "hüquq müdafiəçisi", "müstəqil jurnalist" kimi xaricə sığınanlar Azərbaycana qarşı kampaniyalarda istifadə edilirlər.

25 ildir müstəqilliyini qoruyub saxlayan və inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesində, xarici ölkələrlə münasibətlərin qurulmasında qarşılıqlı maraqlara söykənən siyasi kurs yürüdür. Bu siyasətin kökündə milli və dövlətçilik maraqlarının qorunması amalı dayanır. Azərbaycan dəfələrlə bəyan edib ki, dövlətin siyasi kursunun əsas prinsiplərinə uyğun olaraq işğal altında saxlanılan ərazilərinin qeyd-şərtsiz azad edəcəyi təqdirdə, hətta düşmən Ermənistanın da ərazi bütövlüyünə, onun suverenliyinə hörmətlə yanaşacaq. Baxmayaraq ki, dünya bir neçə qütbə bölünüb və bu qütbləşmə bir sıra dövlətləri də seçim qarşısında qoyur, Azərbaycan belə vəziyyətdə də müstəqil, balanslı xarici siyasət yürütməklə, kimlərinsə yanında olmadığını, yalnız xalqının, dövlətinin maraqlarını güddüyünü beynəlxalq aləmə nümayiş etdirir.

Çox təəssüflər olsun ki, Şərq aləmində, eləcə də MDB məkanında bir sıra dövlətlərin ərazilərini münaqişə mərkəzinə, müharibə meydanlarına çevirən xarici qüvvələr demokratiya libasına bürünərək, Azərbaycanda da oxşar ssenariləri təkrarlamaq istəyirlər. Beləliklə, onlar Azərbaycanı müstəqil siyasi kursundan döndərmək, öz iradələrinə tabe etdirmək, diktə etdikləri şərtlər altında ölkəmizi oyuncaq dövlətə çevirmək niyyəti güdürlər. Lakin ölkəmizdəki xalq-iqtidar birliyinin sarsılmazlığı xarici qüvvələrin qara niyyətlərini beşiyindəcə boğur. Bu istəklərinə çatmağın qeyri-mümkünlüyünü anlayanda isə həmin qüvvələr alternativ yollara əl atır, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edən, özünü "siyasi mühacir", "demokrat", "hüquq müdafiəçisi", "müstəqil jurnalist" adlandıranlardan maşa kimi yararlanırlar. Bunun nəticəsidir ki, beynəlxalq təşkilatların dəstəyinə arxalanan azərbaycanlı "vətən fədailəri" xarici ölkələrdə Azərbaycan əleyhinə müxtəlif tədbirlər keçirməkdən də çəkinmirlər. 2016-cı il noyabrın 2-dən etibarən Almaniyanın Haqen şəhərində "Azərbaycan-müxalifətçilərin təqibi" mövzusunda keçirilən "sərgini" də bu qəbildən saymaq olar. Daim ölkəmizə qarşı sərgilədiyi qərəzli mövqeyi ilə "məşhurlaşan" Amnesty İnternational təşkilatının Haqen qrupunun təşkilatçılığı ilə keçirilən bu "sərginin" məqsədi Azərbaycanda "insan hüquqları fəallarının" guya təqib edilməsi faktlarını işıqlandırmaqdan ibarətdir. Sözügedən "sərginin" 2016-cı il dekabrın 21-dək davam etməsi nəzərdə tutulur.

Amnesty İnternational təşkilatının Haqen qrupunun (www.amnesty-haqen.de) internet səhifəsində bu "sərgi" ilə bağlı yerləşdirilən məlumatlara diqqət yetirəndə məlum oldu ki, tədbirin açılışında hal-hazırda Almaniyada yaşayan Azərbaycan Miqrasiya Mərkəzi qeyri-hökumət təşkilatının direktoru kimi tanınan Əlövsət Əliyev iştirak edəcək. Əslində, Haqen qrupu internet resursunda belə bir məlumatı yerləşdirməklə, öz məqsədini bəlli edib. Bəzi məlumatları da araşdırdıqdan sonra heç bir şübhə etmədən, əminliklə bu qənaətə gəlmək olar ki, sözügedən sərgi məhz Ə.Əliyevin təşəbbüsüdür. Məlumat üçün qeyd edək ki, özünü hüquq müdafiəçisi, Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin prezidenti və "Leqat" Hüquq Firmasının direktoru kimi təqdim edən Ə.Əliyev 2014-cü ildə gözlənilmədən Avropaya qaçıb. Onun ölkəni birdəfəlik tərk etməsi barədə yerli mediada məlumatlar yer alan zaman Ə.Əliyev dərhal sosial şəbəkə vasitəsilə bildirib ki, haqqında yayılan xəbərlər doğru deyil. O, ölkəni müvəqqəti olaraq tərk etməyinin səbəbi kimi səhhətində yaranan problemi əsas gətirib. Qeyd edib ki, hazırda Almaniyadadır və bu ölkədə daha 1 il qalması üçün qanunla nəzərdə tutulmuş qaydada yaşamaq hüququ, vizası var. Ə.Əliyev Almaniyada nəzərdə tutduğu işləri yekunlaşdırdıqdan sonra fəaliyyəti ilə bağlı Tbilisiyə, oradan da Bakıya qayıdacağını vurğulayıb. Təkrarən bəyan edib ki, onun Azərbaycanı birdəfəlik tərk etməsi ilə bağlı məlumatlar yalandır.

Lakin göründüyü kimi, bu "bir illik yaşamaq hüququ" indiyə qədər sona çatmayıb. Xarici dairələrin təsiri altına düşən Ə.Əliyev ona vəd edilənlər müqabilində birdəfəlik Almaniyada yaşamağa, aldığı təlimatlara uyğun olaraq da öz ölkəsinə qarşı cəbhə açmağa, əsassız, heç bir reallığı əks etdirməyən ittihamlarla Azərbaycanın beynəlxalq nüfuzunu ləkələməyə başlayıb. Azərbaycanın məşhur el məsəlində deyildiyi kimi, yalançının yaddaşı olmur. Elə Ə.Əliyev də sonrakı açıqlamaları ilə yaddaşının olmadığını büruzə verib. Bir il əvvəl ölkəni birdəfəlik tərk etmək niyyətində olmadığı barədə fikirləri danıb. VHP sədri, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı olan bu adam 2015-ci ilin may ayında mediaya açıqlamasında ailəsi ilə birlikdə ölkəni tərk etməsinin səbəbi kimi, guya həbs təhlükəsi ilə üzləşməsini göstərib, Azərbaycana dönmək niyyətində olmadığını söyləyib. Qeyd edib ki, haqqında cinayət işinin qaldırılmasının səbəbi yüksək vəzifəli bir şəxsin keçmiş xanımı ilə bağlı planlarını pozması, onun övladları ilə birlikdə xaricə köçməsinə yardım etməsidir. Əslində isə valideynlərdən birinin icazəsi olmadan övladların gizli yolla ölkədən çıxarılmasından söhbət gedirdi. Etdiyi əməlin məsuliyyətindən yayınmaq üçün isə Ə.Əliyev xaricə qaçmağa üstünlük verdi.

Amma iz azdırmağa hesablanmış açıqlamalara cavab verən S.Rüstəmxanlı qardaşının guya onlara təzyiqlər olması bardə dediklərini təkzib etmişdi. 2015-ci ilin may ayında mediaya verdiyi müsahibəsində S.Rüstəmxanlı qardaşı oğlu Türkel Rüstəmxanlının mühacirətə Bakıda olan təzyiqlərlə bağlı getməsi fikrini də təkzib edib: "Türkelin hansısa siyasi fəaliyyətinin olduğunu bilmirəm. Mən ona mənasız statuslar yazdığına görə bir neçə dəfə irad tutmuşam. Onun statusları nə özünə, nə də bizə yaraşan səviyyədə deyildi. Bizim cəmiyyətdə öz yerimiz var. Siyasətimiz əxlaq ölçüləri çərçivəsindədir... O, siyasi təzyiqlərə görə yox, həyat yoldaşı xaricdə təhsil alırdı, ona qoşulub gedib. Onun indi Almaniyadan bu cür danışmağını qəbul etmirəm". Əslində böyük Rüstəmxanlının dediyi "Siyasətimiz əxlaq ölçüləri çərçivəsində olmalıdır" sözləri qardaşının hansı əxlaq çərçivəsində işlərlə məşğul olduğuna işarə kimi də qəbul edilə bilərdi...

Görünür, eyham olunan deyil, öz bildiyi "əxlaq ölçüləri çərçivəsi"ndə siyasət yürütməkdə davam edən Ə.Əliyev yeni və böyük qrant layihəsinə həvəslidir. Buna görə də Azərbaycana qarşı növbəti qərəzli kampaniyanın əsas fiquru olmağa razılıq verib.

Hər bir insan siyasi hakimiyyətlə eyni formada düşünməyə də bilər, müxalif mövqe bildirməklə sivil qaydada siyasi hakimiyyətə qarşı mübarizə də apara bilər. Bəzi Avropa ölkələrinin gözqamaşdırıcı, həyat tərzi kimlərisə özünə cəlb edə və beləliklə, həmin insan da tək, yaxud ailəsi ilə birlikdə köçüb birdəfəlik həmin ölkəyə gedə bilər. Heç kimin müxalif düşüncəsinin, hətta ölkəni tərk etmək, başqa bir ölkəyə köçmək istəyinin də qarşısı alınmır. Amma əfsuslar olsun ki, yazının əvvəlində qeyd etdiyimiz kimi, barmaqla sayılacaq bəzi vətəndaşlarımız, daha doğrusu sapı özümüzdən olan baltalarımız bu niyyətlərini həyata keçirərkən düşmən dəyirmanına su tökəcək davranış nümayiş etdirirlər. Onlar özlərini "siyasi mühacir", "demokrat", "hüquq müdafiəçisi", "müstəqil jurnalist" kimi təqdim etməklə, guya Azərbaycanda təqib edildiklərini, buna görə də qaçıb Avropaya sığındıqlarını bildirirlər. Təbii ki, bu əmələ heç bir halda haqq qazandırmaq olmaz. Bu davranışın bir adı var: dönüklük! Belə kəskin dönüşlər isə Ə.Əliyevin həyatında ilk və son deyil. Bu həmin Əlövsətdir - Qarabağa İsgəndər Həmidovun sağ əli kimi gedib Lənkərana Ələkrəm Hümbətovun sağ əli kimi qayıdan "işgüzar"! İndiyədək böyük qardaşın kölgəsinə sığınıb əməllərini gizlətməyi bacarırdısa, indi bu kölgə ondan o da kölgədən imtina edir. Hər şey öz görkəmində görünür.

Azərbaycanın sağlam diaspor nümayəndələri belə adamlara, həmçinin onların təşkil etdiyi "aksiyalara", "sərgilərə", ölkəmizin beynəlxalq nüfuzunu ləkələyəcək kampaniyalara etiraz edirlər. Sağlam əqidəli diaspor nümayəndələrimiz eynilə Haqen qrupuna da etiraz edir, Azərbaycanda hüquqları pozulmuş bir milyondan çox qaçqın və məcburi köçkünün olduğu halda yuxarıda qeyd edilmiş mövzuda sərginin keçirilməsini, ikili standartların, qərəzli yanaşmaların bariz nümunəsi kimi qəbul edirlər.

Milli.Az


Müəllif:

Oxşar xəbərlər