1922-ci il
Zəhmətkeşlərin əmək hüququ və iş şəraitinin yaxşılaşdırılması - “Bakinski Raboçi” qəzetinin mütəmadi olaraq yer ayırdığı mövzulardandır. 17 noyabr tarixli nömrəsində qəzet dezinfeksiya kameralarında çalışan işçilərin problemlərinə geniş yer ayırıb.
“Ağır əmək” başlıqlı məqalədə yazılır: “Şəhər dezinfeksiya kameraları daima gərgin iş rejimindədir. Buraya Bakının və rayonlarının bütün müalicə müəssisələrindən paltar və yataq ağları göndərilir. Yataq ağları kəskin və asan keçən xəstəliklərlə yoluxub. Buraya çiçək, saqqo xəstəliyi, sifilis, yatalaq daxildir. Həyat üçün təhlükəli işlə məşğul olan zəhmətkeşlər müvafiq iqtisadi şəraitlə də təmin olunmalıdırlar”.
Ancaq vəziyyət ürəkaçan deyil. Aldıqları cüzi maaş işçilərə yaşamaq üçün yetmir. Onlar peşəkar geyimlə təmin olunmayıb. Paltaryuyanların əksəriyyəti dul qadınlardır və maaşları ailələrini dolandırmaq üçün çox azdır.
Qəzet yazır: “Bu üzgün, solğun, daim ağır atmosferdə çalışan qadınların görkəmi acınacaqlı təəssürat yaradır. Onların çoxu revmatizmdən əziyyət çəkir. Dezinfeksiya kameralarında ümumilikdə 170 nəfər çalışır. Qadınlar ittifaqına buraya baş çəkmək, burada çalışanların minimum iqtisadi tələbatlarını təmin etmək üçün səylər göstərmək pis olmazdı”.
1923-cü il
Ölkənin hər yerində kitabxanalar açılır. Qəzet 18 noyabr tarixində Bakının Qara şəhər, maşınqayırma zavodu və Lenin adına fabrikin nümayəndələrinin Qazaxda savadsızlığın ləğvi üçün 4 məktəb və qiraətxana açdıqlarını yazır. Ümumilikdə isə dairələrdə kitabxanaların təşkili işinin ləng getdiyi vurğulanır.
Qəzet yazır: “1922-23-cü illər ərzində qəzalara 5377 kitab göndərilib. Onların 3119-u türk dilindədir (yəni, azərbaycancadır - Red.). Bütün qəza kitabxanaları Bakı, Tiflis və Moskva qəzetləri ilə təchiz olunur. Ancaq kitabxanaların saxlanması yerli maliyyə vasitələrindən asılı olduğundan bu, əməkdaşların maaşlarına öz mənfi təsirini göstərir, halbuki başqa xərclər də var. Odur ki, qəza kitabxanalarını dövlətin təminatına keçirmək yaxşı olardı. Ümumiyyətlə isə kitabxana işinə zəif diqqət göstərilir. Məsələn, seksiyaya cəmisi bir əməkdaşın xidmət göstərməsi qeyri-normaldır. Əsas məsələlərdən biri də kitabxanaların yüksək ixtisaslı işçilərlə təmin olunmasıdır”.
1924-cü il
Məşhur sirk ustası Durov Bakıd qastrol səfərindədir. Noyabrın 19-da “Bakinski Raboçi” sirk ustasının çıxışından repotaj dərc edir:
“Tülkülər, canavarlar, dələlər, porsuqlar çoxlu maraqlı nömrələrlə çıxış etdilər. Durov “Avropa konfransı, donuzlar və mən” adlı nömrə nümayiş etdirdi: ümumi masanın arxasında tülkülər, canavarlar, pişik, it, donuzlar və Durov dostcasına yemək yedilər.
- Dostlar, göstərək ki, onlardan daha mehribanıq! - Durov səsləndi.
“Trotski” keşikçi gəmisinin komandası Durova ayı və qaban bağışladı. Durov fəhlə rayonlarında da bir neçə çıxış planlaşdırıb”.
1931-ci il
Gənc Sovet dövlətinin xüsusi əhəmiyyət verdiyi məsələlərdən biri də savadsızlığın ləğvidir (“likbez”). 16 noyabr tarixində “Bakinski Raboçi” bu işdə nəzərə çarpan əyir-əskiklərdən yazır:
“Sabirabad rayonunun Saatlı kənd sovetindəki kolxozçuların əksəriyyəti savadsızdır. Yerli təşkilatlar savadsızlığın ləğvi üçün əllərində olan imkanlardan lazımınca yararlanmırlar. Bəzi kəndlərdə məktəb kimi istifadə oluna biləcək tikililər boşdur. Eyni zamanda isə kənd sovetinin likbezlə bağlı işlərinin təqvim planı bina çatışmazlığından yerinə yetirilməmiş qalıb. Yaşlılar üçün 18 axşam kursu və qrupun açılışı qərara alınsa da, indiyədək bir dənə də olsa savadsızlığın ləğvi qrupu təşkil olunmayıb”.
1939-cu il
Hər tənqidi yazı məhkəmə hökmünə çevrilə bilər.
Noyabrın 20-də “Bakinski Raboçi”də çap olunmuş “Laqeydliyin meyvələri” məqaləsindən:
“Yevlax rayonunun Qaramanlı kəndindəki Əli Bayramov adına kolxozun sədri yoldaş Əli Əliyev pambıq yığımı mövsüsü başlamazdan əvvəl kolxozun planı 150 faiz yerinə yetirəcəyinə arxayın salmışdı. Bu, boşboğazlıqdan başqa bir şey deyilmiş. Sahələrdə bol məhsul olsa da, kolxoz pambıq yığımının öhdəsindən gəlməyib. Əmək qabiliyyəti olanların cəmisi 40 faizi yığımda iştirak edir. Musa Baxış oğlunun briqadasında işə cəmisi 12-13 nəfər çıxır. Briqadirin həyat yoldaşı Suğra İbrahimovanın hesabında cəmisi 23 əmək günü var.
Briqadir Rəhim Əsədovun briqadasındakı 56 nəfərdən vur-tut 20-25 nəfər gündəlik işləyir. Adamlar ikinci dərəcəli işlərlə məşğuldur, pambıq yığımını isə “əlverişli hava şəraiti”nə saxlayıb.
Əli Bayramov adına kolxozda 20 ton, Bağırov adına kolxozda 30 ton, Kaqanoviç adına kolxozda isə 11 ton pambıq toplanıb qalıb və tədarük məntəqələrinə təhvil verilməyib. Təşkilatlarda özündənrazı laqeydlik hökm sürür. Kolxozlarda məhsulun böyük itkisinə rayon rəhbərlərinin biganəliyini məhz bununla izah etmək olar”.
1941-ci il
Noyabrın 16-da qəzet Azərbaycan xalqının ön cəbhəyə köməyindən yazır:
“Ölkənin müdafiə fonduna Azərbaycan zəhmətkeşləri tərəfindən böyük pul məbləği, istiqrazlar, daş-qaş və ərzaq məhsullarının daxil olması davam edir. Artıq fonda 25 milyon 769 min manat nəqd pul, dəyəri 30 milyon manatdan çox olan istiqraz vərəqələri, 14 kiloqram 373 qram qızıl və 979 kiloqram gümüş daxil olub”.
Bu rəqəmlər bütün Azərbaycanı əhatə edir. O cümlədən, Bakı əhalisinin payına 13 milyon manat nəqd pul, elə həmin məbləğdə istiqraz vərəqələri, 188 kiloqram gümüş və 5 kiloqram qızıl düşür.
1942-ci il
“Ali məktəblərlə iş Komitəsinin Ali attestasiya komissiyası 40 elmi işin müəllifi olan gənc alim Fuad Əfəndiyevə tibb elmləri doktoru elmi dərəcəsi verib” - Müharibənin qızğın çağında, 17 noyabr tarixli nömrəsində “Bakinski Raboçi” yazır. “Alimin doktorluq dissertasiyası döş qəfəsinin yaralanmasında plevraya qan sızması problemlərinə həsr olunub. Mütəxəssislərin rəyinə görə, bu iş elmə ciddi töhvədir. Əməkdar elm xadimləri, professor Mirqasımov və professor Afonski alimin işini aktual, böyük nəzəri və praktik əhəmiyyət daşıyan adlandırıblar”.
Burada söhbət həmin vaxt 33 yaşlı olan görkəmli həkim-alim Fuad Əfəndiyevdən gedir. O, Azərbaycan tibb tarixinə adını qızıl hərflərlə yazdıran istedad sahibidir. Əfəndiyev 1963-cü ildə 54 yaşında vəfat edəcəkdi. Uzun illərdir onun adını Bakıdakı 4 nömrəli xəstəxana (məşhur “Kəndçilər xəstəxanası”) daşımaqdadır.
1946-cı il
Bakının Baş planı hazırlanıb. İndi harada olduğu bilinməyən Baş plan.
Noyabrın 16-da qəzet xəbər verir: “Bakı Sovetinin İcraiyyə komitəsinin növbəti iclasında Bakının inkişafının Baş planı müzakirəyə çıxarılıb. Şəhərin baş arxitektoru yoldaş İvanov nitqlə çıxış edib. Baş plan yaxın 15-20 il üçün nəzərdə tutulub. Onu hələ 1937-ci ildə professor İlyinin rəhbərliyi altında arxitektorlar qrupu işləyib hazırlayıb. Ancaq müharibə planın gerçəkləşdirilməsini müvəqqəti təxirə salıb”.
Baş planda nə nəzərdə tutulub? “O, Bakı əhalisinin sayının 1,5 dəfə artmasını, qərb yaşayış rayonunun geniş inkişafını və yeni şərq rayonunun tikintisini nəzərdə tutur. Lenin prospekti genişləndiriləcək. Əsas yaşayış tipi 4 və 5 mərtəbəli binalar olacaq. İkinci Bakı su kəmərinin çəkilişinin başa vurulmasından başqa, su kəmər şəbəkəsinin gələcəkdə inkişafı nəzərdə tutulub. Şəhərin geniş qazlaşdırılması planı hazırlanıb. Bakının gələcək mərkəzi hazırda Hökumət Evinin (indi - Nazirlər Sovetinin yerləşdiyi - Red.) inşa edildiyi ərazidə olacaq...”
1950-ci il
“Karyagiino rayonunun (1959-cu ilə qədər Füzuli rayonunun adı - Red.) Kərimbəyli kəndində yeni kolxoz elektrik stansiyasının təntənəli açılışı olub”, - qəzet noyabrın 14-də yazır:
“120 evdə, məktəbdə və küçələrdə İliç lampaları yanır. Artıq Kərimbəyli kənd sovetliyinin bütün kəndlərinin elektrik stansiyası var. Bu günlərdə Gövşadlı kəndində də yeni elektrik stansiyası fəaliyyətə başlayıb”.
Elə həmin nömrəsində “Bakinski Raboçi” neftçilər üçün tikilib təhvl verilən yeni mənzillərdən söz açır: “Son aylar ərzində neft kəşfiyyatçıları üçün onlarla yeni və rahat mənzil tikilib. Bu günlərdə qazma işçilərinin 20 ailəsi öz yeni mənzillərinə köçüb. Son il ərzində neftçilər 5 min kvadrat metrdən çox mənzil sahəsi ilə təmin olunublar. İlin sonuna qədər daha 1500 kvadrat metr mənzil sahəsi hazır olacaq”.
1957-ci il
Noyabrın 19-da “Bakinski Raboçi” ilk azərbaycanlı artilleriya təyyarəçisi Fərrux Ağa Qayıbova məqalə həs edir. Qazaxın Salahlı kəndində doğulub Tiflisdə kadet korpusunu bitirən Fərrux Qayıbov 1-ci Dünya Müharibəsində - 1916-cı ilin 12 noyabrında Qərb cəbhəsindəki döyüşlərdə həlak olur.
Təyyarəsi almanlar tərəfindən vurulan Qayıbovu düşmənlər hərbi sayğı ilə dəfn edirlər. Bu barədə həmin vaxtın alman qəzetləri də yazır. Qayıbov ölümündən snra 4-cü dərəcəli müqəddəs Georgi ordeni ilə təltif olunur. Onun igidliyinə dair sənədlər Azərbaycan Elmlər Akademiyasının tarix muzeyində qorunub saxlanılır.
1970-ci il
“Qusarda bir neçə ildir ləzgi mahnı və rəqs ansamblı öz sənətini nümayiş etdirir”. - qəzet 15 noyabr sayında yazır: “Tamaşaçılar arasında həvəskar artistlərdən sürücü Q.Qəniyev, konserv zavodunun fəhləsi E.Əhmədova, tibb bacısı N.Məmmədova, məişət xidməti kombinatının fəhləsi H.Əhmədov və başqaları böyük hörmət qazanıb”.
Qəzet qeyd edir ki, kollektiv te-tez kolxozçular, dəmiryolçular və inşaatçılar qarşısında konsertlər verir. Onların azərbaycanca, rus, ləzgi və qumuq dilində ifa etdiyi mahnılarla Bakı tamaşaçıları da tanışdır.
1983-cü il
“Abşeron rayonunun “Zəfəran” sovxozunda ekzotik zəfəran bitkisinin yığımına başlanılıb”, - qəzet noyabrın 14-də xəbər verir. Zəfəran plantasiyası 80 hektar ərazini əhatə edir. Məhsulu 20 gün ərzində yığıb qurtarmaq nəzərdə tutulub.
Qəzet yazır: “İlk gündən yarışa yığıcılardan Atlas Hacıyeva, Leyla Tağıyeva, Zeynəb Hüseynova və başqaları başçılıq edir. Onların hər biri gündəlik 20 kiloqram zəfəran çiçəyi toplayır ki, bu da normadan bir neçə dəfə çoxdur. Sovxozun əkinçiləri bu il dövlətə rekord miqdarda - 120 kiloqram qurudulmuş zəfəran vermək öhdəliyi götürüblər”.