Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, K. Heydərov respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər, habelə FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri barədə məlumat verib.
Səmimi görüşə görə minnətdarlığını bildirən nümayəndə Məcid Saif Al Qurair nazirliyin fəaliyyətini yüksək qiymətləndirib, hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.