19 Noyabr 2016 14:11
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə 1 yaşadək 2033 uşaq ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 1 yaşadək ölən uşaqlardan 1220-i oğlan, 813-ü isə qızdır. Bakı şəhəri üzrə 1 yaşadək 787 uşaq ölüb, onlardan 535-i oğlan, 252-i qızdır. Abşeron rayonu üzrə 1 yaşadək 174 uşaq ölüb, onların 102-i oğlan, 72-i qızdır.

1 yaşadək ölən uşaqların hansı xəstəlikdən ölmələri barədə də məlumat açıqlanıb. Ötən il 1 yaşadək ölən uşaqlardan 65 nəfəri infeksion və parazitar xəstəliklərdən, 112-i sinir sisteminin xəstəliklərindən, 221-i tənəffüs sistemi xəstəliklərindən, 30-u həzm sisteminin xəstəliklərindən, 1233-ü perinatal dövrdə meydana çıxan bəzi hallardan, 198 anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqlarından, 17-i travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən, 157-i digər səbəblərdəndir.

Vəziyyəti şərh edən pediatr Vaqif Qarayev deyir ki, hazırda uşaqlar arasında yayılmış əsas xəstəlik tənəffüs və həzm sistemi ilə bağlıdır: “Onların bu xəstəliklədən ölməsinin səbəbi uşaq orqanizminin anatomo-fizilolji xüsusiyyətlərindən asılıdır. Körpə uşaqların müqaviməti zəif olduğundan infeksiyalara çox həssas olurlar. Bu xəstəliklər onlarda ciddi ağırlaşmalar verir.

Bizim insanlar uşaqların xəstəliyi barədə həkimə gec müraciət edirlər. Xüsusilə bağırsaq infeksiyalarında uşağın bədəni susuzlaşdıqdan sonra həkimə müraciət olunur. Əslində bu iki sistemin xəstəlikləri dünyanin hər yerində birinci sıradadır”.

Statistikada oğlan uşaqlarının daha çox ölümü səbəblərinə toxunan Vaqif Qarayev qeyd edib ki, təbabət belə seçim aparıb, araşdırmır: “Statistik məlumatlarda oğlan və ya qız uşaqlarının ölüm fərqi yer alsa da, cinsi ayrı-seçkiliyin tibbi əsası yoxdur”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər