21 Noyabr 2016 16:20
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin və ISEFAC Biznes Məktəbinin Nitsa filialının birgə təşkilatçılığı ilə Formula 1 Avropa Qran Prisinə həsr olunmuş konfrans keçirilib.

Teleqraf.com-un xəbərinə görə, tədbirdə bu ilin 19 iyun tarixində Formula 1 Avropa Qran Prisinə ilk dəfə ev sahibliyi edən Bakıda yarışın təşkili işində əldə olunmuş təcrübə, xüsusilə də şəhər halqası boyu ümumi təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili məsələləri ətrafında müzakirələr aparılıb. Konfransın əsas məruzəçisi Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞHƏŞ) baş icraçı direktoru Arif Rəhimov olub.

Konfransa ISEFAC Biznes Məktəbinin marketinq və idman tədbirləri üzrə ixtisaslaşan tələbələri, həmçinin, Nitsa və ətraf regiondan olan bir sıra təhsil mütəxəssisləri də daxil olmaqla 70-dən artıq iştirakçı qatılıb.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin təşkilatın idmanla bağlı fəaliyyəti və Azərbaycanın idman strategiyası haqqında qısa məlumat verib. O, bildirib ki, idman universal bir dildir və ölkəni təbliğ etmək üçün mükəmməl bir alətdir. Eyni zamanda davamlı inkişaf üçün yeni imkanlar yaradır. 2015-ci ildə Azərbaycan Avropa Oyunları və 2016-cı ildə Formula 1 Avropa Qran Prisi yarışlarına ev sahibliyi etməklə nəhəng infrastruktur layihələrin həyata keçirilməsi ilə yadda qaldı.

Sonra Arif Rəhimov Formula 1 Avropa Qran Prisi yarışı haqqında geniş video təqdimat keçirib. Təqdimatda halqa üçün inşa edilmiş infrastrukturun fotoşəkilləri və tədbirin özünü nümayiş etdirən video çarxlar da göstərilib. A.Rəhimov deyib: “Unikal Bakı Şəhər Halqası elə təşkil olunmuşdu ki, Formula 1 yarışını televiziya vasitəsi ilə izləyən tamaşaçılar Bakının YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhər tarixi-memarlıq qoruğu, şəhərin müasir göydələnləri və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar simasını da görə bildilər. Bütün çətinliklərin öhdəsindən layiqincə gəldik və tədbir uğurla keçdi”.

Daha sonra həmin axşam TEAS, “Lions Club Nice Arénas” uşaq assosiasiyası ilə birgə xeyriyyə konserti də keçirib.

“Lions Club Nice Arénas” assosiasiyasının prezidenti Andre Ro bu ilin 14 iyul tarixində Nitsanın “Promenade des Anglais” küçəsində bütün dünyanı dəhşətə qərq edən terror aktı haqqında danışıb. Terror nəticəsində uşaqlar arasında çoxsaylı itkilərin olması haqqında faktlar açıqlayıb.

“Bir ildən çoxdur ki, biz “Lions Club” assosiasiyası ilə birlikdə bu təşkilatın işinə dəstək vermək üçün xeyriyyə konsertinin təşkil olunmasını müzakirə edirik və iyul faciəsindən sonra bu layihə tamamilə yeni müstəviyə keçdi”, - deyə Marie-Laetitia Gourdin bildirib.

Xeyriyyə konsertində Azərbaycanın caz pianoçusu Emil Əfrasiyab akkordion ifaçısı Ənvər Sadıqovla birgə duetlə çıxış edib. Onlar bunu Nitsada baş vermiş dəhşətli terror hadisəsi qurbanlarının xatirəsinə həsr edib. Konsert zamanı Nitsa regionunda uşaq layihələri üçün 2 500 avro toplanıb.


Müəllif:

Oxşar xəbərlər