31 Oktyabr 2016 16:43
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda Şəffaflıq təşəbbüsü ilə bağlı məlumatlandırma sessiyası keçirilib. Qadınlar neft gəlirləri ilə bağlı məlumatlandırılıblar.

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 31 oktyabr 2016-cı il tarixində Ağdaş rayonunda informasiya sessiyası keçirdi.

Ağdaş rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə 30-dan artıq təhsil, səhiyyə, mədəniyyət, kitabxana, muzey işçiləri və gənc xanımlar iştirak etdilər. Tədbiri açan H.Əliyev Mərkəzinin direktoru Şıxıyeva Tənzilə iştirakçıları salamladı və qonaqları təqdim etdikdən sonra sözü Lətafət Məlikovaya verdi.
L.Məlikova ilk öncə icra olunan layihəyə dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirdi. O, təşkilatın daim qadınlarla bağlı layihə icra etdiyini bildirdi və qadınların maarifləndirilməsinin vacibliyini vurğuladı. Daha sonra L.Məlikova qlobal miqyasda şəffaflıq təşəbbüsünün meydana gəlməsini və burada məqsədin korrupsiyaya qarşı və şəffaf xərcləməyə yönəlik olduğunu bildirdi. Layihə rəhbəri yoxsulluğun azaldılması üçün şəffaflığı yeganə texnologiya olduğunu bildirdi.

Bundan sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının üzvü Məlahət Mürşüdlüyə verildi. M.Mürşüdlü şəffaflıq mövzusunda hazırladığı təqdimatla MHŞT prosesinin meydana gəlməsini, prosesdə vətəndaş cəmiyyətinin rolunu, MHŞT prinsiplərini ardıcıllıqla şərh etdi. O, neft gəlirlərinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini qeyd edərək proses nəticəsində hökumətin hesabatlılığının əhəmiyyətini göstərdi. M.Mürşüdlü eyni zamanda şəffaflıq təşəbbüsünün Azərbaycanda tətbiq olunmasını, standartın təkmilləşməsini və vətəndaş cəmiyyətinin rolunun güclənməsinin vacibliyini qeyd etdi.

Tədbirin ikinci məruzəçisi Rafiq Təmrazov üzvü olduğu Çoxtərəfli Qrupun fəaliyyətindən danışdı və vurğuladı ki, hökumət, şirkətlər və vətəndaş cəmiyyəti kimi QHT koalisiyasının üzvlərindən ibarət bu struktur ölkədə şəffaflıq təşəbbüsünü idarə edən strukturdur. R.Təmrazov bütün məsələlərin Çoxtərəfli Qrupda konsensusla qəbul edildiyini, vətəndaş cəmiyyətinin problemlərinin burada müzakirə olmsını qeyd etdi. Eyni zamanda Azərbaycanın şəffaflıq prosesində iştirakıyla əhəmiyyətli addımları sadaladı və qeyd etdi ki, 2015-ci ildə Azərbaycanın statusu aşağı enib və cari il ölkə üçün bu baxımdan əhəmiyyətlidir. Sonda R.Təmrazov Koalisiyanın fəaliyyət istiqamətlərini də şərh etdi.

Tədbirin sonunda isə iştirakçılar onları maraqlandıran məsələlərə dair suallar verdilər və qarşılıqlı müzakirə şəklində tədbir başa çatdı.


Müəllif: