23 Noyabr 2016 17:03
5 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eyyubova 1400 qram, Əhmədov 1600 qram, Qəmbərov 2300 qram, Məhərrəmli 800 qram... Bu körpələrin heç birinin adı yoxdur. Dünyaya gəlməyə elə tələsiblər ki, onlara ad belə qoyulmayıb.

Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda bu uşaqlar soyadları ilə müalicə alırlar. Çəkisi az olan uşaqlar isə küvezdə saxlanılırlar.

İnstitutun Anestiziologiya, reanimotologiya və intensiv terapiya şöbəsində ən az çəkili körpə 800 qramdır. Uşaq noyabrın əvvəllərində Mərkəzi Kliniki Xəstəxanada doğulub. İnstitutuna gətirilib və hazırda süni tənəffüs aparatına qoşulub. Əl içinə yerləşəcək çəkidə olan bu oğlan 600 qram çəki ilə doğulubmuş. Ötən 14 gün ərzində göstərilən qulluq nəticəsində çəkisi 800 qrama çatıb. Amma yenə də şöbənin ən "yüngül" körpəsidir.

Elmi-Tədqiqat Pediatriya İnstitutu (“OMD” kimi tanınır) Azərbaycanda ilk uşaq xəstəxanasıdır. 1926-ci ildə əhalidən yığılan ianə hesabına tikilməyə başlanıb. Tibb müəssisəsi 1932-ci ildə istifadəyə verilib, 1986-cı ildə Səhiyyə Nazirliyinin göstərişi ilə Elmi-Tədqiqat Pediatriya İnstitutu statusu alıb. 1992-ci ildə instituta Kübra Fərəcovanın adı verilib.

“Bəzi körpələrin 5-6 dəfə az çəkisi olur”

İnstitutunun direktoru Nəsib Quliyev deyir ki, hazırda burda 150 xəstə uşaq müalicə alır: “Əksəriyyəti təzə doğulanlardır. Çünki institut Səhiyyə Nazirliyi tərəfindən təkcə Bakı şəhərində yox, bütün respublika üzrə reanimotoloji- neonatololoji mərkəz kimi fəaliyyət göstərir. Bölgələrdən ən ağır diaqnozla doğulan körpələr bizim instituta köçürülür”.

Baş pediatrin sözlərinə görə, yeni doğulan körpələrin əsas problemləri anadangəlmə xəstəliklərdir: “Uşaqların vaxtından əvvəl doğulmasının çoxsaylı səbəbləri var. Həm cinsiyyət üzvləri ilə bağlı, həm də uşaqlıqdan kənar səbəblər olur ki, körpələr vaxtından əvvəl doğulurlar. Doğuş prosesində, yaxud doğuşdan sonra ilk günlərdə yaranan xəstəliklər də var. Belə körpələr doğulduqdan sonra müalicə olunmalıdırlar. Biz bunu tibbi dillə, perinatal dövrdə yaranmış vəziyyət adlandırırıq.

Həddindən az çəki ilə doğulan uşaqlar da az deyil. Körpə 500-600 qram bədən kütləsi ilə dünyaya gəlirsə, bu o deməkdir ki, normadan 5-6 dəfə az çəkiylə doğulub. Bu zaman söhbət tək körpənin kütləsindən getmir. Həm də üzvlərin və toxumaların morfofunksianal yetişməzliyi olur. Vaxtında tez doğulma riskdir.

Ana bətnindən ayrılan uşaqda bəzi xəstəliklər də əmələ gəlir, tənəffüs, ürək çatışmazlığı olur. Bu, perinatal dövrdə baş verən xəstəlik və ya problemlər uşağın müalicəyə cəlb olunması ilə nəticələnir”.

“Əməliyyatla doğulan uşaqların sayı artır”

İnstitutun direktoru deyir ki, hamiləliyi normal keçən qadın öz istəyi ilə qeysəriyyə əməliyyat etdirə bilər: “Təəssüf ki, dünyada və Azərbaycanda əməliyyatla doğulan uşaqların sayı artır. Bu, anormal haldır. Çünki əslində doğuş təbii yolla olmalıdır. İndi qəribə vəziyyət yaranıb. Normal hamiləlik keçir, amma qadın öz istəyi ilə qeysəriyyə əməliyyatı etdirir. Bununla bağlı səhiyyə naziri əmr imzaladı ki, tibbi göstəriş olmadan cərrahiyyə doğuş aparılmasın və uşaqlar normal halda dünyaya gəlsinlər”.

QİÇS xəstəliyi ilə doğulan uşaqlara az halda rast gəlindiyini deyən Nəsib Quliyev hesab edir ki, bu xəstəlik Azərbaycan səhiyyəsi üçün problem deyil: “Şükürlər olsun ki, bu gün QİÇS-lə doğulma bizim ölkədə problem hesab olunmur. Bu xəstəliklə dünyaya gələn az sayda uşaq var. Onların antiretrovirus müalicəsi aparılır. QİÇS sindromu səhiyyəmiz üçün problem olmasa da, dünyada böyük narahatçılıq var ki, xəstəliyə yoluxmanın miqyası daha da genişlənə bilər”.

Nəsib Quliyev deyir ki, 2013-cü ildə Prezident ilham Əliyevin sərəncamı ilə institutun binası əsaslı təmir olunub: “2014-cu ilin dekabr ayından institut fəaliyyətini təmirli şəraitdə davam etdirir. Hazırda xəstəxanada 245 çarpayı var. Şöbələrin əksəriyyəti yeni doğulanlar üçün nəzərdə tutulub. Bizdə xidmət üçün yetərli imkan mövcuddur. Deyə bilmərəm ki, hər şey ən yüksək səviyyədədir. Şəraitimiz qənaətbəxşdir”.

Pediatriya İnstitutunda 8 klinik şöbə və elmi tədqiqat bölməsi fəaliyyət göstərir.

44 uşaq, süni tənəffüs aparatı, küvez, körpə qışqırtısı...

Erkən doğulan və xəstəliyi olan uşaqlar Anestiziologiya, reanimotologiya və intensiv terapiya şöbəsində müalicə alırlar. Reanimasiya 3 zaldan ibarətdir. Erkən doğulan, xəstəliyi olan, çətin əməliyyat keçirmiş 50 uşağın müalicəsi üçün nəzərdə tutulub.

Şöbənin müdiri Solmaz Eyvazova deyir ki, burdakı uşaqların heç birinin adı yoxdur: “Biz onları soyadla qeydiyyata alırıq. Çünki ağır vəziyyətdə olduqları üçün doğulan kimi bizim instituta gətirilirlər. Vəziyyət düzəldikdən sonra doğum haqqında şəhadətnamə alınmalıdır. Hələliksə onları adsız uşaqlar hesab edirik”.

Solmaz Eyvazovanın sözlərinə görə, hazırda şöbədə müxtəlif problemli xəstəliklə bağlı 44 uşaq müalicə alır: “Normal çəkili körpələr də var ki, bətndaxili problem olub, əməliyyat ediliblər. Normada uşağın çəkisi 2 kilo yarımdan çox olmalıdır. Bir uşağımız var ki, 3 kilo 300 qramla doğulmuşdu. Doğuşdan sonra mədədə daralma baş verib, yediyini qaytarıb və çəkisini itirib. Hazırda 2 kilo 700 qramdır. Yenidən əvvəlki çəkisinə qaytarmaq üçün qulluq olunur”.

Şöbə müdiri deyir ki, körpələrin küvezdə qalma müddəti onların vəziyyətindən asılıdır: “Normal çəki yığana kimi süni tənəffüs aparatına qoşulurlar. Adətən, bu proses 10 gün çəkir. Uşaqları ana südü ilə və ya süni qarışıqlarla qidalandırırıq. Ana südünə daha çox üstünlük veririk. Elə analar var, südləri olmur və ya doğuşdan sonrakı vəziyyətlə əlaqədar uşaqlara süni qida verməyə məcbur oluruq”.

28 ildir institutda çalışan Solmaz həkim deyir ki, uşaqlarla işləmək çətin və ağır olsa da işini sevir: “Uşaq tələf olanda valideynlərin stressi mənə pis təsir edir. Qoşulub onlara ağlayıram. Ağır və məsuliyyətli, eyni zamanda şərəfli işdir. Buradakı hər uşaq mənə doğmadır. Hər ağlayan uşağa yaxınlaşıb oynayıram. Ağlamağı dayandırıb gözlərini süzürlər. Bu, çox gözəl hissdir. Günümün çoxu isə onların qışqırtısı ilə keçir”.

Həkimin sözlərinə görə, erkən doğulan uşaq 3 gün ərzində xəstəxanaya gətirilməlidir: “Körpələrdə anadangəlmə ürək qüsuru, inkişaf qüsuru, qida borusu ilə mədə arasında əlaqənin yoxluğu, dovşandodaq deyilən qüsur, bağırsaqların döş qəfəsində yerləşməsi kimi problemlər olur. Vaxtından əvvəl doğulan uşaqlarda ağciyərlər açılmır. 3 gün ərzində xəstəxanaya gətirəndə o uşaqların ciyərlərinə dərmanlar veririk. Gecikəndə dərman vermək çətin olur”.

Yeri gəlmişkən, institutda ən az çəkili uşaq 500 qram olub. Şöbə müdiri deyir ki, həmin uşağı həkimlər yaşada bilib: “Uşaqların yaşaması üçün həkimlər əllərindən gələn hər şeyi edirlər. 28 illik fəaliyyətim dövründə bizim institutda 500 qram doğulan uşaq olub, hazırda onun 10 yaşı var. Bu yaxınlarda bir tanışı gördüm, dedi, 1300 qram çəki ilə doğulan uşaq vardı. Sənin xəstən olub, artıq liseydə oxuyur, əlaçıdır. Bu cür xəbərlər məni sevindirir. Onların qışqırtısı elə yaşamaq üçün bir səbəbdir”.

Uşaq çığırtısının ətrafa yayıldığı otaqdan çıxırıq. Onların bu qışqırtısını evdə valideynlərinin eşitməsini arzulayırıq...

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər