Rabitə və yüksək texnologiyaları olmadan bir ölkənin inkişaf perspektivlərini düşünmək mümkünsüzdür.
Azərbaycan Prezidenti ilham Əliyevin sərəncamı ilə 10 ildir ki, hər il 6 dekabr tarixi “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Bu, təsadüfi gün deyil. Çünki, dekabr Azərbaycanda ilk telefon xəttinin çəkilişi tarixinə təsadüf etdiyindən bu təqvim həm də rabitənin təşəkkülü tarixi kimi də təqvimə yazılıb.
Tarixə nəzər salsaq...
Telefonun nə vaxt kəşf olunması ilə bağlı bir çox mübahisələr mövcuddur. Telefonun kəşfindən əvvəl ona bənzər prinsipdə işləyən qurğular kəşf edilib. Aleksandr Qrehem Bell ilə Edisonun kəşfə görə əldə etdikləri patent əsas sayılıb. 1876-cı il fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi. Və 1876-cı il martın 10-da ilk telefon danışığı baş tutdu. Bell iş otağında mayeni öz üstünə dağıtdı və telefonla qonşu otaqda işləyən həmkarına müraciət etdi: “Mister Uotson, buraya gelə bilərsinizmi? Siz mənə lazımsınız”.
1877-ci ildə Aleksandr Qraham Bell özünün "Bell Telephone Company" adlı şirkətini qurub və ilk telefon stansiyası 1877-ci ildə ABŞ-ın Konnektikut şəhərində fəaliyyətə başlayıb. Bir il sonra – 1878-ci ildə Amerikada, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağı qurulub. On il sonra isə Amerikada telefon istifadəçilərinin sayı 150 minə, İngiltərədə 26 minə, Almaniyada 22 minə çatıb.
Azərbaycan da dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri kimi bu sahədə istisna olmayıb. Qədim dövrlərin özünəməxsus rabitə vasitələri olub. Qobustanın qayaüstü rəsmləri ilə yanaşı, ən nadir abidələrdən biri olan Qavaldaş da qədim rabitə vasitələrindən biri olub. Dövlət səviyyəsində poçtun əsası isə 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulub.1881-ci il 6 dekabr tarixində isə “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib. Beləliklə, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər, telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.
Rabitənin köklü inkişafı
Azərbaycanda rabitənin köklü inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul edib. Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika” və s. kimi elmi-tədqiqat müəssisələri yaradılıb. Heydər Əliyevin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - BESM-6 gətirilib. Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri - RASU - “Azərbaycan”, respublika kompüter şəbəkəsi, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlanıb. “AZON”, “NORD” elm-istehsalat birlikləri, Radiozavod, Elektron hesablama maşınları zavodu, “Peyk”, “Ulduz” kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verilib.
Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə olub. Ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulub və 1994-cü ildə “Bakcell” və 1996-cı ildə “Azərcell” birgə müəssisələri yaradılıb və Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyulub.
“İKT-nin rolu Azərbaycanın informasiya tranziti ölkəsinə çevirir”
Daha sonra Prezident İlham Əliyevin prezident seçildikdə Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılıb. Artıq hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edə bilməsi üçün hər tərəfli şərait yaradılıb. Prezident çıxışı zamanı bildirib ki, ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsası qoyulub: “Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək. Bunun üçün bir neçə perspektiv layihələr üzrə əməli iş görülür”.
Prezident ilham Əliyevin 29 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilib və bu hədəfin reallaşdırılmasında İKT sektorunun rolu və potensialı önə çəkilib. Ölkə rəhbəri tərəfindən bu konsepsiya ilə respublikada innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması üçün İKT sahəsinin üzərinə yeni vəzifələr qoyulub.
Azərbaycanın uzunmüddətli inkişafının, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasının təmin edilməsi üçün innovasiyalı iqtisadiyyatın yaradılması istiqamətində elm, təhsil və informasiya-kommunikasiya texnologiyalarının qarşılıqlı surətdə inkişaf etdirilməsi mühümdür. Ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı yaradılıb.
Son statistik rəqəmlər…
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Nazirliyin cari ilin 9 ayının yekunlarına dair müşavirə zamanı Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında proqram xarakterli nitqindən irəli gələn vəzifələr barədə danışaraq, qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin üzərinə daha böyük vəzifə və öhdəliklərin düşdüyünü qeyd edib.
Nazir ölkədə aparılan uğurlu iqtisadi islahatlar fonunda rabitə və yüksək texnologiyalar sektorunda əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi, sahə üzrə inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün qarşıda duran əsas prioritetlərdən söz açıb, müvafiq sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.
Müşavirədə bildirilib ki, cari ilin 9 ayı ərzində nazirliyin, o cümlədən tabeli qurum və müəssisələrin fəaliyyətinin səmərəliliyinin, infrastrukturunun təkmilləşdirilməsi, öhdəliklərin icra olunması, maliyyə intizamının gücləndirilməsi, əldə olunan gəlirlərin həcminin artırılması və əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində davamlı işlər görülüb.
Bu işlər nəticəsində, rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq 1,2 milyon manata çatıb, gəlirlərin ÜDM-da payı 1,9 faiz, qeyri-neft sektorunda payı isə 3,7 faiz təşkil edib.
Qafqaz Universitetinin rektoru, Havar Məmmədov deyir ki, informasiya-kommunikasiya texnologiyalarının təhsildə və təlimdə, elm və tədqiqatlarda, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarını bir araya gətirir, aktual problemlərin optimal həllərini tapmaq imkanı yaradır: “Ölkəmizdə İKT-nin inkişafı istiqamətində sərəncamlar imzalanıb, dövlət proqramları qəbul edilib. Bu, Azərbaycanda müvafiq sahənin dövlət tərəfindən daim diqqətdə saxlanılmasının parlaq nümunəsidir. Qafqaz Universitetində tamamilə elektronlaşdırılıb və burada təhsil alan tələbələrin 60 faizdən çoxu müvafiq istiqamətdə mütəxəssis kimi hazırlanır. Azərbaycanda İKT-nin tərəqqisi istiqamətində artıq mühüm nailiyyətlər əldə olunub. Dövlətimizin başçısının müvafiq sahəyə olan diqqət və qayğısı nəticəsində alimlərimiz bu istiqamətdə səylə çalışırlar”.
Dünyada İKT-nin rolu genişləndiyi üçün bütün sahələrdə istifadə hər an artmaqdadır. Ona görə də rabitəsiz nə cəmiyyət, nə də dövlətin inkişafı mümkündür. Rabitə sahəsindəki uğurlarımızdan biri də, Azərbaycanın ilk peyki olan “Azərspace-1” telekommunikasiya peykinin buraxılmasını mütləq xatırlamaq lazımdır. Hər zaman əsas prioritet məsələ informasiya mübadiləsinin xarici ölkələrdən asılılığıni aradan qaldırmaq və yeni sahələrin inkişafı olub. Ardınca “Azerspace-2” layihəsinin istifadəyə verilməsi uğurlarımızı daha da artıracaq. İkinci telekommunikasiya peykinin istifadəyə verilməsi hərbi baxımdan da əhəmiyyətlidir.
Azərbaycanda “Elektron Hökumət”in yaranması ümummilli lider Heydər Əliyevin təsdiq etdiyi Milli Strategiyada öz əksini tapmış əsas hədəflərdən biri idi. Bu sahədə görülən işlər nəticəsində dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsinə, vətəndaş-məmur münasibətlərinin müasir dövrün tələbləri əsasında qurulmasına, şəffaflığın təmin olunmasına, informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradıb.
Bu gün Avropa Birliyi ölkələrində əhaliyə və biznes sektoruna göstərilən əsas elektron xidmət növləri Azərbaycanda da həyata keçirilməkdədir. Ölkəmizdə elektron vergi və gömrük bəyannamələri təqdim olunur, sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, daşınmaz əmlakla bağlı sənədlərin verilməsi, müxtəlif fəaliyyət növlərinə lisenziyaların alınması, pensiya və sosial yardımların təyinatı və s. üzrə tələb olunan sənədlərin elektron formada qəbulu həyata keçirilir. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılması və onların elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə www.e-gov.az “Elektron Hökumət” portalı yaradılıb.
Bütün bunlar göstərir ki, Azərbaycan rabitəsinin ötən 135 illiyinə nəzər salanda gələcək üçün böyük uğurlar var.
İlhamə Xankişiyeva
Yazı "Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi- informasiya cəmiyyətinə keçid" mövzusunda keçirilən müsabiqəyə təqdim olunur.