Ötən ilin dekabrın 4-də “Günəşli” yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün SOCAR prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən abidə qoyulacaq.
Bu barədə Teleqraf.com-a “Azneft” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, həlak olmuş neftçilərin əziz xatirəsinin əbədiləşdirilməsi üçün abidə “Günəşli yatağını istismar edən “28 May” neft qaz çıxarma idarəsinin yerləşdiyi “Çilov” adasında ucaldılacaq: “Abidənin özü quruda yığılıb, qranit mərmərdəndir. Abidənin yerində və ətrafında beton işləri yekunlaşıb. Bir neçə günə abidə Çilov adasına aparılacaq. Ətrafın abadılaşdırılması ilə birlikdə abidə dekabrın 2-ə tam hazır olacaq.
Birlikdən qeyd edilib ki, abidənin açılışı dekabrın 4-də - hadisənin baş verdiyi gündə olacaq.
İlhamə ƏBÜLFƏT