25 Noyabr 2016 13:34
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

1923-cü il

21 noyabr sayında “Bakinski Raboçi” maraqlı bir tədbirdən - Zavokzalnı rayonunda keçirilmiş sərxoşluq əleyhinə nümayişdən söz açır:

“Pioner və məktəblilər Zavokzalnı rayonunda alkoqol əleyhinə böyük nümayiş keçiriblər. 10 minə qədər uşaq əllərində sərxoşluq mövzusunda plakat, şüar və karikaturalar tutaraq bütün əsas küçələri dolaşıb və əhalinin diqqətini özlərinə yönəldib. Daha çox adamın olduğu küçələrdə mitinqlər təşkil olunub. Mədəniyyət ordusunun balaca əsgərləri böyükləri alkoqoldan istifadədən əl çəkməyə çağırıb. Bir qadın pionerlərə qızğın təşəkkürünü bildirərək deyib:

- Siz pionerlər öz mədəni yürüşünüzlə yaşlılara alkoqolu tərgitməyə və bununla da biz fəhlə qadınlarının həyatını yüngülləşdirməyə kömək edirsiz.

Hər yerdə yaşlılar və gənclər pionerləri maraqla qarşılayır və onlara alkoqol əleyhinə plakatları yapışdırmağa köməklik göstərirlər”.

1925-ci il

“Bakinski Raboçi” noyabrın 22-də Yevlax stansiyasında gedən geniş tikinti işlərindən yazır.

Pambıqtəmizləmə zavodunun quraşdırılması üçün artıq əsas korpusun özülü hazırlanıb. Kür çayı üzərindən müvəqqət körpünün salınmasına başlanılıb.”Azərittifaq” anbarların, idarələrin və qulluqçuların yerləşəcəyi yeni binanın tikintisini başa vurmaq üzrədir. “Aznefttorq” isə anbarları sisternlərin dayandığı yerlə birləşdirəcək neft kəmərinin tikintisinə başlayıb. Yevlaxla Bakı və Tiflis arasında telefon xətti quraşdırılıb və yeni telefon stansiyası tikilir. Daha bir plan Yevlaxın kəndlərinin elektrikləşdirilməsi ilə bağlıdır.

1927-ci il

24 noyabr. Şimal-qərb fırtınası yalnız səhərə doğru zəifləyir. Dənizdə külək qasırğa səviyyəsinə çatır. “Bakinski Raboçi” fırtınanın fəsadlarından yazır.

“Qubanov” paroxodu Abşeron yarımadasına yan ala bilməyib. “Rıbak” barjası yedəkdən qoparaq açıq dənizə çıxıb və onun axtarışları hələlik nəticə verməyib. “Boyevoy” teploxodu yükdaşıma əməliyyatlarını dayandırıb. “Axundov” paroxodu Lənkəranı tərk edə bilməyib və artıq 2 gündür hərəkətsiz dayanıb. “Caparidze” paroxodunda radioteleqraf sıradan çıxıb və onun indi dənizin harasında olması naməlumdur.

Soyuqlar güclənib. Bakı reydində axşam vaxtı 7 dərəcə şaxta qeydə alınıb. Salyana qar yağıb. Gəmilərin Həştərxana hərəkəti dayanıb.

Elə həmin nömrəsində qəzet mədəniyyət sahəsində daha bir yenilikdən yazıb - Bakıda “Müzik holl” fəaliyyətə başlayıb. Qəzetin yazdığına görə, bu yenilik “Estrada artistlərin qaraçılar kimi səfil-sərgərdan dolaşmasının qarşısını alacaq. Veyllənməklə onlar istər-istəməz öz işlərinin keyfiyyətini aşağı salmalı olurdular”.

“Müzik holl” fəaliyyətə hələ yenicə başladığından, repertuarda və ifada tələskənlik və hazırlıqsızlıq özünü göstərməkdədir. Proqramda Nikolo Luponun attraksionu, Viys və Vaysın musiqili ekssentrikaları, Petrovun “Bağdad oğrusu”nu parodiyalı səhnələşdirməsi var.

Qəzet yazır: “Tələsik tərtib olunmuş ilk proqramına görə teatra qiymət vermək çətindir. Onun fizionomiysı sonra bilinəcək. Ancaq tanınmış Sovet və xarici estrada ustalarının da dəvət olunacağı yaxın proqramın maraqlı və aktual olacağı gözlənilir”.

1932-ci il

21 noyabr nömrəsində “Bakinski Raboçi” qəzeti “Kolxozçuların uşaqları uşaq bağçasında olmalıdır” başlığı altında Salyandan göndərilmiş kolxozçu məktubunu dərc edir. Məktubda deyilir:

“Salyan rayonunun Şorsulu kəndində kütlələr arasında mədəni iş aparılmır. Uşaq bağçalarının əhəmiyyəti ilə bağlı izahat işi yoxdur. Yerli təşkilatların bu səhvi kənddə qolçomaqların uşaq bağçaları əleyhinə təbliğatını daha da gücləndirir. Qolçomaq Çibi Eyvaz oğlu uşaq bağçaları əleyhinə düşmən təbliğatı apararaq kolxozçuları körpələrini özləri ilə tarlaya götürməyə məcbur edir. Uşaqlar nəzarətsiz ac qalır, xəstələnirlər. Bu yaxınlarda bir uşaq tarlada ölüb, digəri isə valideynlərinin iş yerindən beş kilometr aralanaraq itib. Kolxozçular arasında qadın şöbəsinin fəallarının kütləvi iş aparması zəruridir”.

27 noyabr nömrəsindən bəzi xəbərlər:

Gəncə, Ləki, Dəvəçi və Şahağacda taxıl anbarlarının tikintisinin öhdəsindən gəlinməyib. Məsuliyyəti daşıyan qurumlara (“Taxıl tədarükü” və “Azkəndtikinti”) ciddi xəbərdarlıq edilib və bildirilib ki, tikinti bundan sonra da ləngiyərsə, qurumların direktorları ən sərt partiya məsuliyyətinə cəlb ediləcəklər.

1716-cı ildə Bakıya gəlmiş səyyah Zeynəddin Şamaxılının fars dilində əlyazması aşkar olunub. Əlyazmada qədim Bakının mədəniyyət abidələrinin və məişət həyatanın təsvirləri var. Əlyazmanın bir hissəsi artıq rus dilinə tərcümə edilib və yaxınlarda çap olunacaq.

Yaxın günlərdə Bakıda SSRİ xalqlarının mahnılarının tanınmış ifaçıları Dina Freyçko və Sergey Brujanitskinin (skripka) konserti olacaq.

Noyabrın 29-da Qırmızı Bayraqlı Türk işçi Teatrında Sovet yazıçısı Seyid Hüseynin “Kölgə” pyesi tamaşaya qoyulacaq.

1935-ci il

Noyabrın 22-də qəzet Lənkəran qəzasının polis idarəsindən tapılmış Lev Tolstoyla bağlı sənədlərdən bəhs edir.

Məsələn, sənədlərdən biri Bakı qubernatoru Alışevskinin Lənkəran qəza rəisinə yolladığı teleqramdır. Həmin vaxt Lev Tolstoy təzəcə vəfat etmişdi və qubernatorun teleqramında deyilir: “Qraf Tolstoya həsr olunmuş matəm mərasimiin keçirilməsinə icazə büsbütün ruhanilərdən asılıdır. Əgər onlar icazə verərlərsə, hökumət əleyhinə çıxışların qarşısını alın”.

Bu teleqramla bağlı Lənkəran qəza risi L.Karpoviç noyabrın 10-da məxfi şəkildə yazır: “Teleqramın nüsxəsini tədbir görülməsi üçün Lənkəran və Astara şəhər pristavlarına göndərirəm”. Arxivdə həmçinin Lev Tolstoyla bağlı Tiflisdən senator Vatatsinin Bakı qubernatoruna noyabrın 8-də yolladığı teleqram da var. Bütün bunlar Lənkəranda Tolstoyun anım mərasiminin yerli ziyalılar tərəfindən keçirilməsinə Qafqaz rəhbərliyinin necə həssas və həyəcanla yanaşdıqlarını göstərir.

1937-ci il

Noyabrın 24-də qəzet Bakı Nəbatat bağındakı yeniliklərdən yazır. Kaktusların kolleksiyası zənginləşib. Qəhvə ağacının ilk 2 nümunəsi yaxşı boy atır. Bağda bu yaxınlarda çoxlu ayıdöşəyi bitkiləri əkilib. Kiyev nəbatat bağından gətirilmiş səhləb çiçəklərinin yetişdirilməsi üçün ilk təcrübə işləri aparılıb. İlk dəfə toxumlardan sikada palmasının yetişdirilməsinə nail olunub.

Qəzet yazır: “Nəbatat bağında son günlərin ən böyük və gözlənilməz yeniliyi ilk dəfə olaraq bizim iqlimdə nadir halda çiçəkləyən əzvayın qönçə açmasıdır”.

Həmin sayında “Bakinski Raboçi”radioaktiv mineral və süxurların aşkarlanması sahəsində böyük uğurlardan xəbər verir: “Kirovabad yaxınlığında, Yelenino ərazisində - karnotit mineralı, Kürdüstandakı (Azərbaycanda həmin vaxt “Qırmızı Kürdüstan” mövcud idi - Red.) İstisu bulaqları yaxınlığında isə tərkibində radium elementi olan travertin süxurları tapılıb”. Qəzet onu da vurğulayır ki, İstisu mineral bulaqlarında radiumun şüalanması Kislovodsk “nazran”ındakı radioaktivlikdən üç dəfə çoxdur.

1946-cı il

Noyabrın 26-da “Bakinski Raboçi” qəzeti “Başlı-başına qalmış qəsəbə” başlığı altında Montin qəsəbəsinn (hazırda Nərimanov rayonuna daxildir - Red.) problemlərindən söz açır. Əsasən neftçilərin yaşadığı qəsəbənin problemləri ilə nə Keşlə rayon icraiyyə komitəsi, nə də “Azərneftzavodlar” birliyi maraqlanır.

Tramvay yollarının xarab olması səbəbindən artıq 1 aydan çoxdur ki qəsəbəni şəhərlə əlaqələndirən 34 nömrəli tramvay işləmir. Mütəmadi avtobus əlaqəsi də yoxdur. Elektrik qatarının dayandığı stansiyada axşamlar zülmət qaranlıq olur, qəsəbənin ərazisində də cəmisi 3-4 küçə fənəri yanır. “Bilmək istərdik, rayon təşkilatları qəsəbəyə nə vaxt diqqət ayıracaqlar?” - qəzet yazır.

Ah bu əbədi sual. 70 il əvvəl problemlər deyəsən daha az olub...

1954-cü il

23 noyabrda qəzet Xəzər balıqçılarının uğurlarından yazır.

Saray vətəgəsinin balıqçıları illik planı artıq yerinə yetirib. “1 May” gəmisinin ekipajı xüsusilə fərqlənərək 2000 sentner balıq ovlayıb.

Planı vaxtından əvvəl Neftçala balıqçıları da yerinə yetirib. Kalinin adına kolxozun balıqçıları plandan əlavə yüzlərlə sentner balıq təhvil veriblər. Xəzərin cənub sahillərinin balıqçıları arasında isə plana birinci olaraq əməl edənlər Astara rayonunun “Çkalov” balıqçılıq kolxozunun kollektivi olub. Aleksandr Komarın rəhbərlik etdiyi kollektiv plandan əlavə 1160 sentner balıq ovlayıb.

1957-ci il

Bakı elektro-mexanika zavodunda (BEMZ) yeni və böyük tibb-sanitar hissəsi yaradılıb - bu haqda qəzet noyabrın 24-də yazır. Bu vaxtadək zavodda cəmisi 1 həkim və bir neçə tibb bacısı çalışırdısa, bundan sonra poliklinika bölməsində ixtisaslı həkimlər - terapevt, cərrah, okulist, fizioterapevtlər fəaliyyət göstərəcək, sex həkimləri isə böyük prfilaktika işləri aparacaq.

Üstəlik tibb-sanitar hissənin stansionar bölməsi də açılıb. Artıq elektromexaniklərin 35 çarpayılıq öz xəstəxanaları var.

Qəzet yazır ki, təkcə 1957-ci ildə zavodun 300-dən çox işçisi göndərişlərlə (“putyovka”) Qara dəniz sahillərində, Kislovodskda, Tsxaltuboda və Abastumanidə istirahət evlərində dincəlib və müalicə alıblar. Göndərişlərin 70 faizi pulsuz olub!

Belə-belə işlər... Artıq nə BEMZ var, nə həkimlər, nə də sanatoriyada pulsuz dincələn fəhlələr...

1969-cu il

Noyabrın 26-da qəzet xəbər verir: Məşədi Əzizbəyov adına Akademik dram teatrının səhnəsində 850-ci dəfə Səməd Vurğunun “Vaqif” pyesi tamaşaya qoyulub.

Yubiley tamaşasının quruluşçu rejissoru SSRİ xalq artisti Ədil İsgəndərov, rəssamı Respublikanın xalq artisti Nüsrət Fətullayev, bəstəkarı isə Respublikanın xalq artisti Səid Rüstəmovdur. Baş rolu xalq artisti İsmayıl Dağıstanlı ifa edir.

1974-cü il

Noyabrın 21-də “Bakinski Raboçi” kənd klublarındakı tamaşalara diqqət ayırır. Məsələn, Vartaşen (indiki Oğuz - Red.) xalq teatrının tamaşalarından söz açılır:

“Rayonun Kalinin adına 5 nömrəli tütünçülük sovxozunda tamaşaçıların mühakiməsinə A.Əsgərovun “Qız atası” tamaşası verilib. Tezliklə Lenin adına taxılçılıq sovxozu və “Qələbə” meyvəçilik sovxozunda İ.Atəşin “Qapıçı” və M.İsmayılzadənin “Oyanmış xatirələr” əsərləri səhnələşdiriləcək. Yaranmağından keçən 2 il ərzində teatr rayonun 25 kolxoz və sovxozunda kənd həyatını əks etdirən geniş repertuarla çıxış edib”.

Məmməd Süleymanov


Müəllif:

Oxşar xəbərlər