Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufs ilə görüşüb.
Teleqraf.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Belçika arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanın NATO ilə müxtəlif proqramlar, o cümlədən "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əlaqələrini qeyd edən Müdafiə naziri Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında ölkəmizin də aktiv iştirak etdiyini xatırladıb.
Diplomat isə öz növbəsində deyib ki, Belçika Krallığı NATO və digər beynəlxalq qurumlar kimi Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.
Tərəflər regional təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı birgə mübarizə və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərini müzakirə edib, hərbi əlaqələrimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.