28 Noyabr 2016 13:22
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurası sədrinin müavini, JuHİ sədri Müşfiq Ələsgərli baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinin 323.1-ci maddəsinə əlavələrin edilməsi ilə bağlı parlamentə göndərdiyi təklifi şərh edib.

Onunla müsahibəni təqdim edirik.

- Müşfiq bəy, Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinin 323.1-ci maddəsinə əlavələrlə bağlı parlamentə göndərdiyi təklifi necə dəyərləndirirsiniz?
- Əslində baş prokurorun Cinayət Məcəlləsinə təklif etdiyi əlavələrdə yeni qanunun qəbul edilməsindən söhbət getmir. İstər təhqir və böhtanın yolverilməzliyi, istərsə də, prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanun mövcuddur. Bu qanunlar zamanında müzakirə edilib, beynəlxalq standartlar nəzərə alınmaqla qəbul edilib və fəaliyyətdədirlər. İndi həmin qanunların internet üzərinə də tətbiq edilməsi nəzərdə tutulur. Burada da qeyri-adi bir şey yoxdur. Çünki “KİV haqqında” qanunun 3-cü maddəsinə görə, internet də digər yayımlar kimi kütləvi informasiya vasitəsi sayılır və ənənəvi KİV-lərdə qanunla yasaqlanan məsələlər internet üçün də keçərlidir. Əslində internet istifadəçiləri özləri bu məqamı nəzərə alıb, qeyd edilən sahədə qanun pozuntularına yol verməməlidirlər. Amma görünür, internet istifadəçiləri ayrı-ayrı qanunlarda əks olunmuş bu kimi hallara diqqət yetirmədikləri üçün qanunun konkretləşdirliməsinə zərurət yaranıb.

- Sözügedən təklifin söz və ifadə azadlığı kontekstində manipulyasiyalara yol açacağı barədə yanaşmalara münasibətiniz necədir?
- Dünyanın hər yerində təhqir və böhtanın yolverilməzliyi, dövlət başçılarının statusları qanunla tənzimlənir və bu qanunlar istər ənənəvi, istərsə də yeni media üçün keçərlidir. Kimlərinsə bu məsələ ətrafında əlavə ajiotaj yaratmasının heç bir əsası yoxdur. İddia edirlər ki, Avropada və dünyanın inkişaf etmiş bir sıra dövlətlərində təhqir və böhtana qarşı mübarizə artıq Diffamasiya qanunu əsasında aparılır, Azərbaycan isə “hələ də Cinayət Məcəlləsini möhkəmləndirməyə üstünlük verir”. Əlbəttə, beynəlxalq praktikada təhqir və böhtana görə məsuliyyətin Cinayət Məcəlləsindən çıxarılıb Diffamasiya haqqında qanunla tənzimlənməsi tendensiyası var. Amma nəzərə almaq lazımdır ki, Diffamasiya qanunu təhqir və böhtana yol verən, şərəf və ləyaqəti ləkələyən informasiyalar yayan şəxsləri hüquqi məsuliyyətdən azad etmir. Məsələnin Cinayət Məcəlləsi ilə deyil, Diffamasiya qanunu əsasında tənzimlənməsi bircə məqamı dəyişir ki, burada həbs cəzası maliyyə cəzası, maliyyə sanksiyası ilə əvəz olunur. Nəzərə almaq lazımdır ki, Baş prokurorluğun Cinayət Məcəlləsinə təklif etdiyi əlavədə də bu yöndə hüquqi pozuntuya yol vermiş şəxslərin 1000 manatdan 1500 manatadək cərimələnməsindən söhbət gedir. Yalnız xüsusi ağır hallarda, yəni şəxsin islah olunmasının mümkünsüzlüyü vəziyyətində qısa müddətli həbslər gündəmə gəlir. İkinci bir hal odur ki, ajiotajçılar lazım olan aşkar bir məqamın üzərindən sakitcə ötür və ya onu gizlətməyə çalışırlar. Məsələ ondadır ki, Diffamasiya qanunu Avropa Şurasına üzv olan 47 ölkədən yalnız 17 ölkədə qəbul edilib. Digər 30 ölkədə, o cümlədən Britaniyada hələ də Diffamasiya qanunu qəbul edilməyib. Azərbaycan Prezidenti 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq edib: “Həmin sərəncama əsasən, Azərbaycanda Diffamasiya qanununun qəbul edilməsi və digər qanunların buna uyğunlaşdırılması üçün hazırlıq aparılmalıdır. Hazırda bu istiqamətdə iş gedir. Media ictimaiyyətinin gözləntisi budur ki, prokurorluq internetdə təhqir və böhtanın qarşısının alınması üçün atdığı prinsipial addımlarla yanaşı, həm də Diffamasiya haqqında əlahiddə qanunun qəbul edilməsi yönündə prosesləri də sürətləndirsin.

- Deputat Qüdrət Həsənquliyevin fikrincə, internetdə Birinci Xanım, prezidentin ailə üzvləri və eks-prezidentləri təhqir edənlər də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu təkliflə bağlı düşüncələriniz necədir?
- Bu barədə məlumatlı deyiləm. Hesab edirəm ki, hüquqşünaslar, yaxud təklif müəllifləri özləri bu sahədə beynəlxalq təcrübəni öyrənib detallı bilgi versələr, daha məqbul olar.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər