4 İyul 2014 11:01
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a daxil olan məlumata görə, ötən 2013-ci ilin analoji dövrü ilə müqayisədə bu qəbildən olan müraciətlər 49 faiz artıb.

Cari ilin ilk 6 ayı ərzində DSMF-yə daxil olan 2406 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1754 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə Çümhuriyyəti gəlir və qardaş ölkədən Fonda 134 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir.

DSMF-yə daxil olan digər 518 müraciət isə ayrı-ayrı xarici ölkələrin və yerli rayon şöbələrinin, həmçinin vətəndaşlardan daxil olmuş müraciətlərin payına düşür.

Naibə


Müəllif: