5 İyul 2014 21:35
3 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibb kollecinin direktoru: “Onların göz hissiyyatı da əllərindədir...”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul planında 1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 20 yer ayırıb. TQDK-dan verilən məlumata görə, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014-2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına 20 plan yeri verilib.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan gözdən əlil abituriyentlər əlillik haqqında sənədlərini 2014-cü il avqustun 10-dək TQDK-ya təqdim etməlidirlər.

Direktor: “Kollecə Gözdən Əlillər Cəmiyyətindən kadr dəvət edəcəm”

1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nəriman Mövsümovun bildirdiyinə görə, müvafiq qərarı Nazirlər Kabineti verib. Məsələnin təşəbbüskarı Gözdən Əlillər Cəmiyyəti olub. Çünki cəmiyyətin nəzdində əlillərə vaxtilə keçirilən masaj kurslarının diplomları tanınmayıb. Bu səbəbdən də cəmiyyət aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb: “Mənə məlumat verildi ki, Nazirlər Kabinetinin qərarı əsasında 20 gözdən əlili kollecimizə təhsil almağa göndəriləcək. Hələlik bununla əlaqədar bizə rəsmi heç bir sənəd verilməyib. sənəd əldə etdikdən və bu tədrisdə nə qədər gözdən əlilin iştirakı müəyyənləşdikdən sonra onlar haqqında xüsusi tədris proqramı hazırlanacaq”.

Gözdən əlillərin tədrisinə gəlincə, kollecin rəhbəri bildirdi ki, onların dərs metodikası fərqlənəcək: “Onların proqramı daha qısa olacaq. Çünki gözdən əlillərdən masaj sahəsi üzrə ixtisaslı kadr olaraq hazırlanacaq. Bildiyimə görə, Gözdən Əlillər Cəmiyyətində masaj kurslarında dərs demiş müəllimlər var. Təcrübəsi olan həmin şəxsləri işə dəvət edəcəm.

Digər tərəfdən, öz müəllimlərimiz də gözdən əlillərin üçün nəzərdə tutulmuş xüsusi dərs metodikası ilə, audikasetlərlə onlara tədris təşkil edəcəyik. Praktika üçün isə harada ki, fizioterapiya, masaj və sair salonlar var, onların həmin müəssisələrə göndərilməsi nəzərdə tutulub".

“Onlarda əl göz funksiyasını da yerinə yetirir”

Nəriman Mövsümov əlillərin bu təşəbbüsünü təqdir etdi: “Mən heç yerdə eşitməmişəm ki, gözdən əlillər üçün bu səviyyədə ixtisas təşkil olunsun. Bu baxımdan, belə insanların təhsilinə imkan yaratmaq həm onların özü, həm də cəmiyyət üçün yaxşı haldır. Mən bir həkim olaraq deyə bilərəm ki, insanda bir orqanda hissiyyat funksiyası pozulduqda digər orqanında aktivləşir. Gözdən əlil insanlarda da əl göz funksiyasını yerinə yetirdiyinə görə hissiyyat daha çox onların barmaqlarında olur. Bu səbəbdən əlillərdən çox gözəl masajist kadrlar yetişir”.

Direktor hesab edir ki, gələcək gözdən əlil kadrların heç bir iş problemi olmayacaq: “Masaj işi ilə məşğul olan hər bir müəssisənin rəhbəri istəyər ki, onlarda peşəkar kadr fəaliyyət göstərsin. Digər tərəfdən, hər bir dövlət müəssisəsində hər 25 nəfər kadrdan bir və ya ikisinin əlil olması qanunla tənzimlənir. Bu səbəbdən onların istənilən səhiyyə müəssisəsində işlə təmin olunmaq hüququ var. Mən özüm də təhsillərini başa vurduqdan sonra onlardan bir neçəsini işə götürməyi nəzərdə tutmuşam”.

“Buna nail olmaq üçün mücadilə etdik”

Gələcəkdə gözdən əlillərin kollecdə qəbulunun davam edib-etməyəcəyinə gəlincə, direktor dedi ki, bunun üçün kollec heç bir səlahiyyətə malik deyil: “Nə qərar verilsə, biz onu icra edəcəyik”.

Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhanə Cəfərova deyir ki, 2008-ci ildən uzunmüddətli mücadilədən sonra bu işə nail olublar. Onun sözlərinə görə, hələ sovetlər dövründən əlillər üçün masaj kursları fəaliyyət göstərib: “Bir müddət sonra ”Oksfam" Humanitar Təşkilatının maliyyə dəstəyi ilə biz bu kursları bərpa etdik. 3 il layihə çərçivəsində bu məktəb fəaliyyət göstərdi. Maliyyə bitdikdən sonra yenə dayandırıldı.

Həm də bu kursları diplomlarını səhiyyə Nazirliyi təsdiq etsə də əksər səhiyyə müəssisələri onların diplomları nəzərə alınmırdı. Ona görə biz hər il səhiyyə, təhsil nazirlikləri, TQDK ilə birgə bu ixtisasın 1 saylı tibb kollecinə verilməsinə səy göstərirdik. Nəhayət ki, bu il reallaşdı. Məsələnin bu cür həlli ona əsas verir ki, onlar istənilən tibb müəssisəsində işləmək hüququ alacaq".

Masajist olmaq istəyən gözdən əlil olduqca çoxdur

Qəbul qaydalarına və bu əlillərin tədris prosesinə gəlincə, Reyhanə Cəfərova dedi ki, Təhsil Problemləri İnstitutu səhiyyə Nazirliyi ilə birgə müvafiq proqram hazırlayıb: “Qəbul qaydaları başqa abituriyentlərdə olduğu kimidir, lakin xüsusi proqram əsasında aparılacaq, onlar tələb olunan səviyyədə bal toplayacaq. Qəbul planında 20 yer olsa da iştirak etmək istəyən gözdən əlillər olduqca çoxdur. Qeyd edim ki, I, II qrup gözdən əlil XI sinif məzunları IV ixtisas qrupu üzrə TQDK-ya müraciət edə bilər”.

Sevil HİLALQIZI


Müəllif: