21 Dekabr 2016 11:12
2 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ilk dəfə ağ camış sürüsü yaradan bioloq-alim, akademik Eyyub Bəşirovla müsahibə maraqla qarşılandı. Qocaman alimlə söhbət zamanı Mərdəkanda böyük arxivinin olduğunu, ona məxsus əşyaların qədim evində saxladığını söyləmişdi.

Eyyub Bəşirov demişdi ki, Roma papası VI Pavelin hədiyyə etdiyi portret, çoxsaylı kitabları, Hindistan, Çilidə və Əfqanıstanda çalışarkən çəkilən fotoşəkillər həmin evdə saxlanılır. Oğlu, əməkdar artist Xanlar Bəşirovla əlaqə saxlayıb Mərdəkana yollandıq. Bəşirov dostlarının zarafatla Mərdəkan qalasının yaxınlığındakı “Eyyub qalası” adlandırdığı 300 il yaşı olan evdə çalışıb.

O, 2000-ci illərdə Türkiyənin Azərbaycandakı səfirinin Bakının mərkəzində 5 otaqlı ev təklifindən imtina edərək Mərdəkanda işləməyi üstün tutub. 91 yaşı tamam olan Eyyub Bəşirovun müsahibəsini doğulduğu gündə dekabrın 12-də dərc etmişdik. Ancaq pasportunda doğum günü dekabrın 20-sinə qeyd edilib və bunun da maraqlı tarixçəsi var: “1961-ci ildə məni məcburən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru təyin elədilər. Həmişə elmi fəaliyyətə bağlı adam olmuşam deyə 2 il sonra öz xahişimlə yenidən laboratoriya müdiri vəzifəsinə qayıtdım.

Gəncədə mənə dedilər ki, pasportunu ver. Geri alanda gördüm yaşımı 1 il 8 gün səhv yazıblar. “Pasportstol”da işləyən oğlan da mənimlə dost idi, dedi, Eyyub müəllim, 1925-ci ildəki “5” rəqəmi elə yazılmışdı ki, 6-ya oxşayırdı, dekabrın 12-ni də dəyişib 20-i elədim. Stalin dekabrın 21-də, Brejnev 19-da doğulub, sən ortada olmalısan”.

Azərbaycanlıya görə Brejnevə təşəkkür məktubları

Eyyub Bəşirov müxtəlif dövrlərdə Hindistanda, Əlcəzairdə, Çilidə və Əfqanıstanda damazlıq-döllük sisteminin təşkili, inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə həmin dövlətlərin prezidentləri tərəfindən alimin şəxsən özünə və Leonid Brejnevə təşəkkür məktubları ünvanlanıb.

“Mil-Qarabağ” və “Abşeron” yeni qoyun cinsləri yaradılmasının elmi rəhbəri və təşkilatçısı olan Eyyub Bəşirov haqda Çili prezidenti Salvador Alyende “Mister Eyyub Bəşirovun 45 gündə gördüyü iş Çilinin birinci dərəcəli elmi-tədqiqat institutlarının altı ayda gördüyü işlərə bərabərdir”- fikrini deyib.

1971-ci ildə Sov.İKP MK-nın katibi A.P. Kirilenko Çiliyə gedəcək iki nəfər mütəxəssisin - Smirnovun və Bəşirovun sənədlərini baş katib Leonid İliç Brejnevə təqdim edib.

O: "Azərbaycan elminin nəzəriyyəsi də var, təcrübəsi də" - deyib, Azərbaycan heyvandarlıq elmi məktəbinə üstünlük verib. Məlumdur ki, Çilidə heyvandarlıq sahəsinin inkişafına böyük önəm verilir. Çünki ölkə əhalisinin heyvandarlığa, xüsusən də ətə, ət məhsullarına tələbatı olduqca böyükdür. Milli Birlik hökuməti dövründə, ötən əsrin 70-ci illərinin əvvəllərində sovet hökuməti tərəfindən mütəxəssis kimi Çiliyə ezam olunan Eyyub Bəşirov bu ölkənin iqlim şəraitini, heyvandarlığın ayrı-ayrı bölgələrdə inkişaf perspektivlərini tədqiq edərək “Çilinin heyvandarlığı” adlı əsər ortaya qoyub.

Şimali Afrika ölkələrində görünməmiş rekord göstərici

Əlcəzair prezidenti Huarı Bumedyanın minnətdarlıq məktubları da əbəs deyildi. Eyyub Bəşirovun 1946-1966 və 1968-1970-ci illərdə Əlcəzairdə apardığı elmi tədqiqatları bu ölkənin kənd təsərrüfatının, heyvandarlığının inkişafında mühüm rol oynayıb. Ölkədə damazlıq heyvandarlıq sistemi qurulub, süni mayalama stansiyaları təşkil edilib. Süni mayalamanın geniş tətbiqi vasitəsilə məhsuldarlıq artırılıb.

Müasir texnologiyalardan istifadə olunması, süni mayalamanın aparılması qısırlığı aradan qaldırıb. Həyata keçirilən tədbirlər hər 100 ana qoyundan 111, inəklərdən isə 100-102 bala almağa imkan verib. O dövrdə bu rəqəmlər Şimali Afrika ölkələrində qoyunçuluq sahəsində görünməmiş nəticə idi. İnəklərdən alınan balaların sayı isə dünya rekordu idi.

Fransalı general Bəşirovla məsləhətləşdi

1966-cı ilin yayında Fransanın Kənd Təsərrüfatı nazirinin, baytarlıq xidməti generalının Əlcəzairə gəlməsi, Eyyub Bəşirovla görüşməsi, onun bu ölkədə apardığı təcrübələr və əldə etdiyi elmi-təcrübəvi nailiyyətlərlə tanışlığı və ondan aldığı məsləhətlər nəticəsində, sonralar Fransada yeni bir texnologiya - fransız süni mayalama texnologiyası yaradılıb. Hazırda ən mütərəqqi, ən proqressiv texnologiya kimi bundan dünyanın bütün qabaqcıl ölkələrində istifadə edilir.

Ermənilər azərbaycanlı alimə necə mane oldu?

1961-ci ildə Hindistanda, Heydərabad şəhərində alimimizin təklifi ilə “Ümumhindistan heyvandarlıq sərgisi” təşkil edilir və həmin sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir. Bombey südçülük koloniyasından isə “Mürrəh” cinsindən olan damazlıq rekord camış kəllərini və düyələrini seçir. Azərbaycana gətiriləsi bu rekord cinsli heyvanlar son anda Moskvanın göstərişi ilə Bolqarıstana göndərilir. Həmin heyvanların əsasında da Eyyub Bəşirov bolqar alimi, professor Aleko Aliksiyevlə birgə “Bolqar mürrəhi” cinsini yaradır.


Eyyub Bəşirov ermənilərin bu işdə əli olduğunu bildirir: “Moskvada xarici ticarət nazirliyində elə millətlərin nümayəndələri vardı ki, camışların Azərbaycana getməsini istəmirdilər. Rəhbərlikdəki ermənilər imkan vermədilər. İddia elədilər ki, Eyyub Bəşirov camışları gətirib xəstəlik yayacaq, Bolqarıstana getsin, gördük pul qazandılar, sonra Azərbaycana gətirərik. Bolqarıstanda professor Aleko Aliksiyevlə birgə “Bolqar mürrəhi” cinsini yaratdıq. O, yüksək məhsuldarlığı, keyfiyyətilə seçildi. Camış ağartısı xərçəngin ən gözəl dərmanıdır, əvəzolunmaz heyvandır. Qan, can, uzun ömür verir insana. Nə düşməni var, nə də xəstəliyi. Şir o boyda fili yıxır, bircə camışa bata bilmir”.

Əfqanıstanda müharibənin qızğın vaxtında ezamiyyət

Ötən əsrin səksəninci illərində Əfqanıstanda gedən dərin, mürəkkəb tarixi proseslərin ən qızğın çağında Eyyub Bəşirov bu ölkədə işləməli olub. Kənd təsərrüfatı nazirinin müşaviri vəzifəsində çalışan alim bu ölkənin aqrar sektorunun dirçəlməsinə, məhsul istehsalının artırılmasına, sahənin elmi əsaslarının yaradılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nail olub.

Məlumata görə, həmin dövrdə Əfqanıstanda bir-birinə qənim kəsilən hər iki tərəf - Şürəvilər və “düşmənlər” Eyyub Bəşirova deyiblər ki, bizim ölkəyə müharibənin odunu, alovunu yarıb həyat gətirmisən, viran qalmış torpaqlarımızı dirildirsən.

Papanın hədiyyəsi

1964-cü ilin sentyabrın 6-dan 13-ə kimi İtaliyanın Trento şəhərində V Beynəlxalq Elmi Konqresində Eyyub Bəşirov “Camışların törəyib çoxalmasının biologiyası və süni mayalandırılması” mövzusundakı elmi məruzəsi qızıl medala layiq görülüb. Roma Papası VI Pavel şəxsən alimimizə öz portretini hədiyyə edib.

Eyyub Bəşirov mükafatın təqdim olunması mərasimini belə xatırlayır: “Təqdimata gəldik, gördüm ingilislər diz çöküb Papanın əlini öpürlər, Papa da öz növbəsində əlini onların başına çəkib öz portretini hədiyyə edir. Mən elmi rəhbərimə dedim ki, Papanın qarşısında diz çökmək istəmirəm. Kommunistəm, öz adətimizə uyğun görüşəcəm. Papaya yaxınlaşanda ayağa qalxdı, mən cavan idim, camış nəsli yaradan Eyyubun qırmızı, yumru sifəti vardı. Haqqımda eşitmişdi, əlimdən yapışdı, xalqımızın ünvanına elə səmimi sözlər dedi ki...”


Papanın hədiyyə etdiyi portreti, işlədiyi ölkələrdəki albomlardan görüntüləri, kitablarını, bir sözlə, kompaktlaşmış arxivini fotokameramızın obyektinə köçürdük.

Teleqraf.com sözügedən fotoları təqdim edir:

Nərgiz Ehlamqızı
Foto: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər