"Keçən il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olub, 63 mindən çox halda xəstə və zərərçəkən xəstəxanalara yerləşdirilib".
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hesabat konfransında baş həkimin müavini İradə Əliyeva deyib.
Onun sözlərinə görə, uşaqlar üçün çağırışların sayı 83 mindən çox olub: "Onlardan 13 mindən çoxu xəstəxanaya yerləşdirilib. Bu müddətdə reanimasiya tədbirləri nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilmiş xəstələrin sayı 2000 nəfərdən çox olub.
Miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın, insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950, doğuşla bağlı müraciətlərin sayı 3310, hospitalizasiya 3290, avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib.
Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilir”.
Həkim deyib ki, təcili tibbi yardıma ehtiyacı olan 180 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərildikdən, müxtəlif ixtisaslı bir neçə həkimin ətraflı tibbi müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib: "Təcili Yardım Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə-metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır, yeni dərman preparatları ilə əvəz olunur və ya əlavə edilir.
Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədi ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəqəmsal və plyonkalı rentgen aparatları ilə təmin olunub. Portativ rentgen aparatının olduqca əhəmiyyətli müsbət cəhətləri var. Belə ki, ağır yataq xəstələrini bəzən tərpətmək mümkün deyil, bu zaman tibbi göstəriş olarsa, ev şəraitində rentgen müayinəsi aparılır. Həmçinin ev şəraitində laborator müayinəsi apara bilən xüsusi həkim briqadası da mövcuddur və əhaliyə yüksək səviyyədə xidmət edir. Tibbi müəssisənin maddi-texniki təchizatı yüksək səviyyədədir”.
İlhamə ƏBÜLFƏT