Qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssisləri Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Bakının Nəsimi rayonu ərazisində yerləşən, Məmmədağa İbrahimova məxsus "Təzə bazar" MMC-də reyd keçirb.
DBNX-dən Teleqraf.com-a verilən məlumata görə, reyd zamanı “Təzə bazar” MMC-nin ət satışı şöbəsinin yanında gizli, qanunsuz, antisanitar şəraitdə gecələr fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış, əti sümükdən ayıran sex aşkar edilib.
Sexə baxış keçirərkən 14 hissəyə bölünmüş 320 kq heyvan əti, 5 ağ polietilen torbada 64 kq sümükdən ayrılmış heyvan əti, 5 heyvanın daxili orqanları aşkar edilib.
Ümumi çəkisi 445 kq olan heyvan ətinin və daxili orqanların mənşəyinə və sağlamlığına dair heç bir sənəd təqdim olunmadığı üçün onlardan nümunə götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Müayinələrin nəticələri məlum olana kimi ət komissiyanın iştirakı ilə soyuducu kameraya yerləşdirilərək möhürlənib.
İlhamə ƏBÜLFƏT