Birbaşa mətləbə keçirəm: Siz Nurayın atasını çox pis mühakimə edirsiz.
Söhbətin hansı Nuraydan getdiyini yəqin bildiz, bu barədə ətraflı məlumat verməyə hövsələm çatmır. Heç buna ehtiyac da yoxdu. Neçə gündü sosial şəbəkə bu mövzuya köklənib, məsələ yoğundu. And içməyəcəm, amma inanmağınızı arzulayıram – həmin gün o dəhşətli videoya axıracan baxmağa tablayıb gözümü monitordan çəkəndə bildim ki, təfərrüat daha dəhşətli olacaq.
Təfərrüat açılır, gizli məqamlar, kameraya düşməmiş (məlum səbəbdən) mətləblər aydınlaşır. Məsələn, demə, əmlak mübahisəsi də varmış...
Nə olur-olsun, bütün günahları bir adama, bir ünvana yükləməklə can qurtarmağın əleyhinəyəm. Baxın məhkəməyə, görün nələr olur:
On yaşlı qızın atasına verilməsi barədə məhkəmə qətnaməsini icra edənlər çox insafsız davranırlar. Guya bütün qətnamələr bu cür qətiyyətlə, təxirə salınmadan icra olunur... Hansısa müəmmalı səbəbdən məhkəmə icraçılarına əmr vermək qədərində səlahiyyətə yiyələnmiş atanın hirsli-əsəbi, inadkar-qışqırıqlı tövrü də bağışlanmazdı.
Nurayı qucağına alıb axıracan dinməz dayanan xalanın sükutu da elə o qədər - bəlkə bir az artıq, bəlkə bir az əskik – dəhşətdi. Çünki saxtadı, ölçülü-biçilidi. Nəticəyə hesablanmış taktikadı.
Əminəm, ana sağ olsaydı belə eləməzdi. Ya ataya güzəştə gedərdi, ya başqa çıxış yolu tapardı. Hər necə, o cür susmazdı, susmazdı...
Mənim sözüm bu videonu izləyib sonra sosial şəbəkədə aşırı hirslə, hikkəylə, bulanıq emosiyanın diqtəsi altında yalnız atanı asıb-kəsən insanlaradı: Siz çox pis mühakimə edirsiz, çox pis... Hətta Quba rayon məhkəməsindən də pis! Əlinizə imkan düşsəydi, uf demədən edam qərarına imza atardız.
Mağıl Quba məhkəməsi formal da olsa, tərəfləri dinləyib. Siz isə tərəfləri vecə almırsız.
Təxminən 10 dəqiqəlik videodan da bilmək olur, indi artıq hadisəyə dəxli olan tərəflərin, ekspertlərin açıqlamaları bir mətləbi daha aydın xəbərləyir: Bu, böyüklərin konfliktidi. Nurayın atasından imtinası Nurayın öz qərarı deyil. Azərbaycanda çox vaxt ər-arvad nə bir damın altında yaşaya bilir, nə də boşanandan sonra ayrılıqda... Ya əmlak üstündə, ya birgə doğub törətdikləri övlad vasitəsilə, bunlar olmayanda da hər cür dolama üsullarla biri-birini bədbəxt eləməyə, biri o birinə “nüvə zərbəsi” endirib qəti qələbə çalmağa çalışır.
İşdi-şayəd, ana ölübsə, onda beşqat artığına onu əvəz eləyən birisi, məsələn, elə XALA çıxır ortaya.
Mən atanın məhkəmədəki hərəkətini əsla müdafiə eləmirəm. Ancaq onu ata kimi anlamaq lazımıydı. O, bioloji olaraq (bu amili heçə sayanların arqumenti bugünkü günəcən o qədər də güclü deyil) uşağa ən yaxın insandı. Anasını itirmiş uşağı üstəlik atasız qoymaq qədərində qəddar bir hökmü qəbullamağa, bu hökmə tərəfdar çıxmağa çox güclü, yenə deyirəm, çox güclü, daşdan keçən arqumentin olsun gərək...
Siz isə çox pis mühakimə edirsiz... Heç mühakimə edə bilmirsiz ki!