Ağcabədidə 5 ilə yaxındır biri-birilərini sevdiklərini deyən 23 yaşlı oğlan və qız qoşulub qaçıblar. Gənc qız atasının onu məcburən başqa oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyir. Oğlanın valideynləri isə qız evinin təzyiqi ilə üzləşiblər.
Onlar qızlarının zorla qaçırıldığı iddiası ilə polisə müraciət ediblər. Gənclər isə video çəkərək internetə yerləşdiriblər ki, zorla qaçmayıb və ya qaçırılmayıblar.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildirilib ki, bu məsələ ilə bağlı hər hansı açıqlama verilməyəcək: “Bu tip hadisələr çox olur. Qızın 22 yaşı var. Özünün müstəqil qərarıdır. Biz bu cür hadisələrlə bağlı maarifləndirci tədbirlər aparırıq”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, yetkinlik yaşına çatmamış qızla ailə qurmaq yolverilməzdi: “Bu hadisədə vəziyyət fərqlidir. Qız yeniyetmə deyil, amma valideyn başqa bir cinayətə əl atıb qızını zorla ərə vermək arzusundadır ki, bu da düzgün yanaşma deyil”.
Birliyin sədri qeyd edib ki, ailələrin öz övladları ilə normal söhbət aparıb vəziyyəti izah etməsi əvəzinə zora yolu seçməsi daha ağır fəsadlara gətirib çıxarır: “Düşməncilik münasibətində gənc ailənin gələcək taleyi artıq sual altda qalır. Gənclər biri-birini nə qədər sevsələr də, bir müddət sonra bu düşmənçilik onların ailə münasibətlərində öz təsirini göstərəcək. Təbii ki, bu da ailənin davamlılığını şübhə atında qoyur”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 144-cü maddəsinin 1-ci bəndinə görə, evlənmək məqsədilə qız qaçıran şəxslərə 5 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsi mümkündür. Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində göstərilir ki, eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, 144.2.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsində qeyd olunur ki, göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İlhamə ƏBÜLFƏT