“Mətbuatda yayılan Şəmkir kənd məktəbinin direktoru Akif Namazova aid olduğu iddia edilən səsyazı M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş verən qalmaqallı hadisə ilə əlaqədar araşdırma aparan Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşlarına və Şəmkir Rayon Təhsil Şöbəsinin nümayəndələrinə də təqdim olunub”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Şəmkir Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Kənan İbrahimov bildirib.
Onun sözlərinə görə, məktəbdə laborant işləmiş Xatirə Əliyeva direktorun müəllimlərdən rüşvət almasını əks etdirən səsyazısını mediaya ötürdüyü kimi Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə və Şəmkir Rayon Təhsil Şöbəsinin nümayəndələrinə də təqdim edib: “Hazırda məktəbdə Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşları və Şəmkir Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri araşdırma aparır. Məktəbdəki müəllimlərdən izahat alınır, direktor və laborant dinlənilib. Araşdırma başa çatdıqdan sonra nəticə barədə mediaya geniş məlumat veriləcək”.
Qeyd edək ki, direktora aid olduğu iddia edilən səsyazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur. O, telefon danışığında kimliyi məlum olmayan müəllimdən bu pulun Təhsil Nazirliyi tərəfindən istəndiyini söyləyib.
Laborant Xatirə Əliyeva daha öncə mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə X.Əliyevanı xidməti noutbukda seks videosu olduğu üçün işdən uzaqlaşdırdığını açıqlayıb.
Nərgiz