Tanınmış ədəbi simalarla Gözdən Əlillər üçün Respublika kitabxanası üzvlərinin görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, şairlərlə oxucuların görüşünü jurnalist Dilarə Zamanova təşkil edib.
Tədbir təşkilatçının nitqi ilə açıq elan edilib: “Bu gün bura gələn hər kəsə öz minnətdarlığımı bildirirəm. Bu layihəni həyata keçirməkdə əsas məqsədim görmə qüsurlu gənclərin arasında da ədəbiyyata maraqlı və istedadlı bir çox insan olduğunu bilməyimdir. İstəyirəm ki, onlar da tam sağlam insanlar kimi ədəbiyyatla məşğul ola bilsinlər. Ədəbiyyatdakı tanınan simalarla görüşsünlər, hətta gələcəkdə onların da kitablarının təqdimat mərasimlərini keçirdək. Bir sözlə, cəmiyyətdən uzaq düşməsinlər.”
Daha sonra tədbir qonaqların – şair Aqşin Evrən, Rəbiqə Nazimqızı, Xəzər Süleymanlı, Əsəd Qaraqaplan, yazıçı Ülviyə Heydərovanın səmimi söhbətləri ilə davam etdirilib.
Sonda layihənin davam etdiriləcəyi və yeni görüşlərin keçiriləcəyi elan olunub.
Rəqsanə
Foto: Elçin Murad