Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfirliyin və mərkəzin əməkdaşları, Özbəkistanın ictimaiyyət, elm, mədəniyyət xadimləri, Daşkənddəki universitetlərin tələbələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab və Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin şagirdlərinin “20 Yanvar faciəsi uşaqların gözü ilə” rəsm sərgisi ilə tanış olublar. Mədəniyyət Mərkəzinin foyesində şamlar yandırılıb, qərənfillərdən hazırlanan və şəhidlərin xatirəsinə həsr olunan ekspozisiya nümayiş etdirilib.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan danışıb, 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında məlumat verib. Səfir deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilib, tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc sakini, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib. Öldürülənlər arasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də olub.
Diplomat qeyd edib ki, hadisə baş verən günün səhəri xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, Bakıda törədilən hərbi cinayətə etirazını bildirib, günahkarların cəzalandırılmasını tələb edib və etiraz əlaməti olaraq kommunist partiyası sıralarından çıxdığını bəyan edib.
Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut edib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının təşkilatçılarını və iştirakçılarını lənətləyib. O, 20 yanvar tarixinin Azərbaycan xalqının müstəqillik yolunda keçdiyi mühüm mərhələ olduğunu vurğulayaraq, yanvar şəhidlərinin Azərbaycanın istiqlala qovuşmasında müstəsna xidmətlərini qeyd edib.
Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş olunub.
Anım mərasimində Özbəkistan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Milli Konservatoriyanın kamera orkestri 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan konsert-rekviyem təqdim edib. Rekviyemdə bir sıra Azərbaycan və dünya klassiklərinin əsərləri ifa olunub.