Teleqraf.com-un suallarını Səhiyyə Nazirliyinin baş nefroloqu, professor Mehman Ağayev cavablandırıb.
-Mehman həkim, öncə bu sadə sualdan başlayaq: böyrək problemləri əsasən hansı səbəblərdən yaranır?
-Böyrək xəstəlikləri üç qrupa bölünür. Böyrəyin birincilik xəstəlikləri, yəni böyrəyin özünə aid xəstəliklər, ikincisi, hər hansı başqa xəstəlik nəticəsində böyrəyin zədələnməsi, üçüncüsü isə anadangəlmə irsi xəstəliklər.
Şəkərli diabet, arterial hipertenziya, soyuqdəymələr, insanın immun sisteminin zəifləməsi, revmatik xəstəliklər, piylənmə kimi problemlər böyrək xəstəliyinin yaranmasına təkan verən əsas amillərdir.
-Bəs xroniki böyrək çatışmazlığının hansı dərəcələri var?
-İnsanlar ilk növbədə böyrəklərin bədən üçün nə iş gördüyünü bilməlidirlər. Böyrəklərin insan üçün başqa orqanların yerinə yetirə bilmədiyi funksiyaları var. Xroniki böyrək çatışmazlığı simptom-kompleks olub, birinci və ikinci xroniki böyrək xəstəlikləri zamanı nefronların tədricən məhvi və böyrək parenximasının sklerozu nəticəsində meydana çıxır. Sayı 2,4 milyona qədər olan nefronların yarısının sıradan çıxması hələ hemostazın pozulmasına səbəb olmur.
Ancaq fəaliyyət göstərən nefronların sayı 25 faizdən aşağı düşdükdə xroniki böyrək çatışmazlığının başlanğıc əlaməti aşkar olmağa başlayır.
Bu zaman normal böyrəklərin yerinə yetirdiyi funksiyalar tədricən pozulmağa başlayır. Bu dəyişiklik getdikcə inkişaf edir. Terminal xroniki böyrək çatışmazlığı mərhələsində hər iki böyrəkdə olan nefron populyasiyasının ancaq 10 faizə qədəri və ondan da az miqdarı toxunmaz qalır və fəaliyyət göstərir. Normal böyrəklərin kompleks requləedici, ekskretor, sintezedici, endokrin, metabolik funksiyaları var.
Hemodializ ancaq bu funksiyanın bəzilərini əvəz edə bilər. Böyrək çatışmazlığının dərəcəsi 5 yerə bölünür. Bu haqda ətraflı məlumat oxucuları yorar deyə onları sadalamırıq.
-Azərbaycanda böyrək transplantasiyası ilə bağlı vəziyyət necədir?
-Bizim ölkədə hazırda yalnız qohum donorlardan böyrək götürülərək transplantasiya olunur. Meyitdən orqan götürməsi təcrübəsi tətbiq edilmir. Bildiyim qədər hazırda yeni qanun hazırlanır və həyatını itirmiş insandan orqan köçürülməsi məsələsi bu qanunla tənzimlənəcək.
Azərbaycanda ilk böyrək transplantasiyası 1971-ci ildə mərhum akademik Mirməhəmməd Cavadzadənin rəhbərliyi ilə aparılıb. Bu əməliyyatlarda iştirak edən ilk həkimlərdən biri də mən olmuşam. Nəqliyyat qəzası zamanı həyatını itirən bir nəfərin böyrəyini xəstə insana köçürdük və həmin xəstə 10 ildən çox yaşadı.
Hazırda vəfat edən insanın böyrəyini xəstəyə köçürmək istədikdə, ölən şəxsin yaxınları razılaşmır. 90-ci illərə kimi 20-ə yaxın ölən insanın meyitindən böyrək köçürülməsi əməliyyatı etmişik. Hətta mən Moskvaya gedib, ölən adamların böyrəyini gətirmişəm və xəstəyə köçürmüşük.
-Böyrək transplantasiyasından sonra insan neçə il yaşaya bilər?
-Hazırda güclü dərmanlar var və bu hesaba insanların 20-30 il yaşamaq şansları mümkündür. Meyitdən götürülmüş böyrəklə isə 10-15 il ömür sürmək olur.
-Hər iki böyrək çıxarılsa necə?..
-Bir böyrəyin çıxarılması insan həyatına heç bir təhlükə yaratmır. Böyrəklərinin 75 faizə qədəri sıradan çıxmış insan da yaşaya bilir. Yəni bədəndə qalan tək böyrəyin yarısı kəsilib götürüldükdən sonra insan yenə normal yaşamağa qabil olur. Bir faktı deyim.
1980-ci illərdə dissertasiya yazan zaman böyrək çatışmazlığının modelini yaratmaq lazım idi. Biz də bu modeli itlərdə yaratdıq. İtin bir böyrəyini çıxardıq, o biri böyrəyinin yarısını kəsib götürdük, amma itdə böyrək çatışmazlığı əmələ gəlmədi. O zaman itin böyrəyinin anatomiyasını analiz etdik.
Anatomik olaraq itin damarları ön qrup və arxa qrup arteriyalar üzrə gedir. Arxa qrup və ön qrup arteriyaların hamısını bağladıq, yalnız bir damar saxladıq. Bu zaman itdə böyrək çatışmazlığı əmələ gəldi. Bu metodu ilk dəfə özümüz hazırladıq, dünyada belə bir üsul yox idi. Nəticədə məlum oldu ki, 1 böyrək olmasa, o biri böyrəyin yarısı salamat qalsa canlılar, o cümlədən insanlar yaşaya bilər.
-Əvəzedici böyrək terapiyasına nələr aiddir?
-Əvəzedici böyrək terapiyasına 3 prosedura aiddir. Hemoton, hemodializ və böyrək transplantasiyası. Son zamanlar müəyyən xəstəliklərdən sonra hər iki böyrəyi çıxarılmış xəstələrimiz də olur. Onların həyatı hemodializlə, yəni süni böyrək cihazı ilə təmin olunur. Böyrək transplantasiyasından sonra onlar normal həyata davam edirlər.
-Professor, il ərzində ölkədə nə qədər böyrək transplantasiyası əməliyyatı yerinə yetirilir?
-Üç yerdə - Azərbaycan Tibb Universitetində, Mirməhəmməd Cavadzadə adına Respublika Uroloji Klinikasında və Mərkəzi Neftçilər xəstəxanasında bu əməliyyat aparılır. Respublikada il ərzində 150-yə qədər böyrək transplantasiyası əməliyyatı icra olunur.
-Əhali arasında hansı böyrək xəstəliyi daha çox yayılıb? Bu xəstəliyə hansı yaş qrupunda daha çox rast gəlinir?
-Hazırda ən çox yayılanı şəkərli diabet nəticəsində böyrəklərin zədələnməsidir. Xəstələrimizin 35-40 faizi şəkərli diabetdən əziyyət çəkir. Böyrək xəstəlikləri ən çox 40-60 yaş arasında, bəzən də 72 yaşdan sonra müşahidə edilir.
Qadınlarda sidik yollarının iltihabi xəstəlikləri, piylənmə, hamiləliklə bağlı problemlər öndə durur. Kişilərdə prostat ademoniyası zamanı, eləcə də hipertenziya nəticəsində böyrəklərdə daha çox problemlər olur. Dünyada hər 10 nəfərdən biri böyrəklərin xroniki xəstəliyindən əziyyət çəkir. Hər 5 kişidən və hər 4 qadından biri (65-74 yaş arasında) bu xəstəliyə düçar olur. 75 yaşdan yuxarı insanların əksəriyyətində isə bu xəstəlik bu və ya başqa formada özünü göstərir.
-Mehman həkim, uşaqlarda hansı böyrək xəstəliyinə rast gəlinir?
-Əksər hallarda qohum nikahlardan doğulan uşaqlarda anadangəlmə böyrək xəstəlikləri müşahidə edilir. 3-5 yaşdan sonra belə uşaqlar ağır problemlə qarşılaşırlar. Əksər hallarda uşaqların 10 yaşı olduqdan sonra valideynlərin birindən götürülmüş böyrək transplantasiya edilir.
-Hamiləlik zamanı qadında böyrək əməliyyatı aparıla bilərmi? Bunun nə kimi riskləri var?
-Hamilə qadının müayinəsindən sonra vəziyyətin çıxılmaz olduğu aydınlaşarsa, əməliyyat aparılır.
-Bəs, hemodializ müalicəsi alan və ya böyrək transplantasiyası keçirən qadınların ana olmaq şansı varmı?
-Hemodializ müalicəsi alan qadınların ana olmaq şansı var. Amma bu həm həkimdən, həm də ana olmaq istəyən hemodializ alan xanımdan çox böyük zəhmət və dəqiqlik tələb edir.
-Mehman həkim, böyrəkdaşı xəstəliyini yaradan səbəblər nədir? Bu problemi aradan qaldırmaq üçün əməliyyat vacibdirmi? Bəzən reklamlarda xalq təbabətində istifadə etməklə böyrək daşının bədəndan xaric olunduğu bildirilir. Bu üsulla böyrək daşının müalicəsi mümkündürmü?
-Azərbaycan böyrəkdaşı xəstəliyinin endemik ocağı sayılan ölkələr qrupuna aid edilir. Bunun səbəbi tam aydın olmasa da, isti iqlim, içməli suyun tərkibi və milli mətbəxin rolu qeyd edilir. Allah xalqımıza çox xeyirli, möcüzəvi mineral sular bəxş edib. Bu mədən sularının lazımi miqdarda qəbulu böyrəkdaşı xəstəliyinin profilaktikası deməkdir. Böyrək daşının tərkibinə uyğun olaraq müvafiq pəhrizin saxlanması da vacib şərtlərdəndir.
Xalq təbabətində daşların sidik kanalından düşməsi üçün müxtəlif bitkilər vasitəsilə edilir. Buna fitoterapiya deyilir. Böyrəkdaşı diatezlərində və xəstəliyində, bitkilərin köməyi ilə sidiyi artırmaqla bu daşları salmaq olur. Əgər daşın diametri 8 millimetrdən az olarsa, xalq təbabəti onu sidik yollarından xaric etmək mümkündür. Daşlar həmin ölçüdən böyükdürsə, bunu ancaq həkimlərin köməyi ilə endoskopik əməliyyatla, daşın zərbə dalğası ilə dağıdılması, yaxud açıq cərrahi əməliyyat yolu ilə bədəndən xaric edilir.
Dərman bitkiləri düzgün qaydada istifadə edilmədikdə bəzən xəstələrə ziyanı ola bilər. Odur ki, bütün istifadə olunan fitoterapevtik tədbirlər həkim nəzarəti altında olsa yaxşıdır. Qeyd edim ki, həyatını qoruyan insan sağlamlığını düşünməlidir. Vaxtında həkimə müraciət edib müalicə ala, böyrəklərinin qayğısına qala bilər.
İlhamə ƏBÜLFƏT