Bu gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən institutu Vaqif Verdiyev bildirib ki, 1951-1959-cu illərdə institutun direktoru olmuş Əziz Əliyev birinci növbədə keçmiş məktəb binasında yerləşən institutu xeyli abadlaşdırıb:
“Vətən müharibəsi əlillərinə tibbi xidməti gücləndirmək məqsədilə, institutun əməkdaşları müntəzəm surətdə respublika rayonlarına gedərək, yerlərdə tibbi müayinə komissiyaları təşkil ediblər. Respublika ərazisində icra edilən yoxlamaların nəticələrinə əsasən, institut müharibə əlillərini fəal surətdə müalicəyə dəvət edərək və onların yerlərdə xəstəxanaya qoyulması üçün tədbirlər görülüb.
İnstitutda yeni şöbə və laboratoriyalar açılıb, müasir müalicə metodları tətbiq edilib, istedadlı mütəxəssislər işə cəlb olunublar. İnstitutda 300 çarpayılıq bərpa cərrahlığı, üz-çənə cərrahlığı, travmatoloji, cərrahiyyə və ortopedik şöbələr açılıb.
Ortopedik-travmatoloji yardımı yaxşılaşdırmaq üçün 10 il ərzində təkcə: 1952-ci ildə - 29, 1953-cü ildə - 36, 1954-cü ildə - 49, 1955-ci ildə - 38, obyektə təlimat verilib”.
Vaqif Verdiyevin sözlərinə görə, son illər ərzində respublikanın kənd rayonlarında travmatizm xeyli azalıb: “1955-ci ildə ümumi xəstələnmənin həcminə nisbətən travmatizmin həcmi 1952-ci ildəki 9,2 faiz əvəzinə 7,7 faiz təşkil edib.
Keçmiş sovet miqyasında institut elm ocağına çevrilib. Kadrların yetişdirilməsi məsələsi ön planda dayanıb. 1946-1955-ci illərdə 871 tibb işçisi, o cümlədən 401 həkim və 470 orta tibb işçisi öz ixtisasını artırıb”.
Tədbirdə qeyd olunub ki, Əziz Əliyev bir çox orden, medal və fəxri adlarla təltif edilib.
“SSRİ-nin səhiyyə əlaçısı”, döş nişanı, iki dəfə Lenin ordeni, I dərəcəli “Vətən müharibəsi” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni və s. Onun redaktorluğu ilə institutun 122 elmi işini əhatə edən 5 cildlik elmi əsərləri çap edilib.
İlhamə ƏBÜLFƏT