Bakı Təhsil Məlumat Mərkəzinin direktoru Bahar Hacızadə Teleqraf.com-un suallarını cavablandırıb.
- 5-10 il əvvəl tək-tək gənclər xaricdə oxumağa gedərdi. İndi 10 nəfərdən 6-sı İELTS, TOEFL imtahanı ilə maraqlanır. Belə maraq haradan qaynaqlanır, bunu nə ilə izah etmək olar?
- Söhbətimizə başlamazdan əvvəl qeyd etmək istərdim ki, bu il Bakı Təhsil Məlumat Mərkəzinin 20 ili tamam olur. Biz 1997-ci ildə mayın 1-dən fəaliyyətə başlamışıq. Onda internet geniş yayılmamışdı, ümumiyyətlə, xaricdə təhsil haqda məlumat az idi, həyat səviyyəsi yüksək deyildi, sosial şəbəkələr da yox idi.
İndi isə informasiya texnologiyaları inkişaf edib, feysbukda tanış-biliş bir-birindən soraqlaşır, dünya balacalaşıb. Hətta bəzi özəl məktəblərdə İELTS, TOEFL, SAT və başqa imtahanlar üzrə kurslar təşkil olunub. Biz işə başlayanda Bakıda ancaq dil kursları fəaliyyət göstərirdi, indisə hər tində xaricdə təhsil agentliyi var. Hər şey dəyişib, xaricdə təhsil barədə məlumatlar genişlənib və ona görə də hamının məlumatı var.
- Bəs ideya necə yarandı?
- İdeya Soros fondunun idi. Fond ABŞ-ın Azərbaycandakı səfirliyi birlikdə bizim mərkəzi yaratdı. Xaricdə təhsillə bağlı məsləhətlər verirdik, Soros Fondunun təqaüd proqramlarını aparırdıq, Amerikada təhsilin təbliğatı ilə məşğul idik. Biz Xaricdə təhsil konsultasiya mərkəzi kimi fəaliyyətə başlamışdıq. Azərbaycanda birinci idik, indi də biz yeganəyik, başqa belə açıq, pulsuz məlumat mərkəzi yoxdur. Gəncə, Sumqayıt və Lənkəranda da mərkəzlərimiz vardı, sonradan bağlandı. Birinci dəfə işə gələndə nə ilə məşğul olacağımı bilmirdim, başımı itirmişdim, Gürcüstana treninq üçün getdim, orada 3 il idi ki, belə mərkəz işləyirdi. 1 həftəlik treninqdən sonra xaricə səfərlər oldu, sonra bu işin mahiyyətini öyrəndim.
- İndi də ödənişsiz məsləhət verirsiz?
- Əlbəttə, kim gəlir-gəlsin, xaricdə təhsillə bağlı məsləhət veririk, təqdimatlar və keçiririk, bütün məlumatlarımız veb-saytımızda yerləşdiririk, feysbuk səhifəmiz aktivdir, təlim və yarmarkalarımız hamısı pulsuzdur.
- Maliyyə məsələsi necə həll edilir?
- Xaricdə təhsillə bağlı pullu proqramlarımız var. Müəyyən universitetlərlə işləyirik, biz tələbə göndəririksə, universitet komission faiz ödəyir.
- Bu sahədə peşəkar şəxssiniz, nabələd gəncin magistr pilləsində təhsil alması üçün hansı ölkəyə üz tutmasını optimal sayırsınız?
- Bu, gəncin maraq və səviyyəsindən asılıdır. Elə adam gəlir ki, heç nədən xəbəri yoxdur. Deyirəm, sən hələ heç yana getmə, filan şeyləri oxu, bir neçə aydan sonra gələrsən, danışarıq. Ümumiyyətlə nə baş verdiyindən xəbəri olmayan insanlar var. Hazırlıqlı uşaqlar da az deyil. Bəzən ümumiyyətlə ingilis dilini bilməyənlər gəlib xaricdə oxumaq istədiklərini deyirlər. Bu, əlbəttə, mümkün deyil.
- Azərbaycan spesifikasına uyğun olaraq gənclərimizin harada təhsil almasını məqsədəuyğun hesab edirsiniz?
- Belə spesifika yoxdur.
- Məsələn, neft sahəsi bizim üçün daha prioritetdir.
- Düzdür. Bəzən gəlib deyirlər ki, Harvard Universitetinə getmək istəyirəm, neft sahəsi üzrə oxumaq niyyətindəyəm. Harvardda neft fakültəsi yoxdur, Texasda, Norveçdə yaxşı ixtisaslar var. Məhz bu sahə üçün gənclərə əsasən ABŞ, Norveç və İngiltərəyə getməsini tövsiyə edirik. 20 illik təcrübəmə əsasən deyə bilərəm ki, ən yaxşı bakalavr təhsili ABŞ-dadır. Nə deyirlərsə desinlər, ABŞ bakalavr pilləsində mükəmməl təhsil verir.
Magistratura pilləsi üçün başqa ölkələri seçmək olar. Səbəb ondan ibarətdir ki, ABŞ-da bakalavr təhsili çox çevikdir, Avropada artıq 3 ilə endiriblər, uşaq üçün 3 il azdır, ABŞ-da isə 4 illik təhsildir. Hansısa fakültəyə daxil olan tələbə sonra ixtisasını dəyişə və ya iki ixtisas ala bilər. ABŞ universitetləri bakalavr üçün çox yaxşı təqaüd də verir. Elə tələbələr var ki, bütöv təqaüd əldə edirlər. Almaniyada, Finlandiyada da pulsuz təhsil var, ancaq yaşayışı tələbə özü təmin etməlidir. Türkiyədə təhsil çox populyar idi, ölkədəki durumla əlaqədar populyarlıq azalıb.
- Başqa ölkələrdən Azərbaycana təhsil almağa gələnlər varmı?
- ADA Universitetində, Tibb Universitetində xarici tələbələr var. Xəzər Universitetində dərs demişəm, orada az da olsa, xarici tələbələr görmüşəm. Əsasən ərəb və Afrika ölkələrindən, Hindistandan da gəlirlər.
- Xəzər Universitetində hansı ixtisas üzrə tədris aparmısınız?
- Biologiya elmləri namizədiyəm, ekologiya ilə də məşğul oluram. “Ekologiyaya giriş”, “Müasir ətraf mühit problemləri”, “Ətraf mühitin təhlükəsizliyi və sağlamlıq” fənlərindən dərs demişəm.
- Azərbaycandan Rusiyaya təhsil almaq üçün getmək istəyənlər necə?
- Biz Rusiya universitetləri ilə çalışmırıq, ancaq Azərbaycanda Rusiya universitetləri üçün imtahanlar təşkil edilir. Rusiya Mədəniyyət Mərkəzi ildə bir dəfə xüsusi imtahan keçirir. Rusiya ali məktəbləri bu gün kifayət qədər populyardır.
- Rusiyanın təhsil sisteminin dünyadakı yeri necədir?
- Dünyada universitetlərin reytinqi aparılır. Rusiya universitetləri yüksək pillədə deyil, amma Moskva, Peterburq, Novosibirsk dövlət universitetləri müəyyən səviyyədə qərarlaşıb.Düzdür, səviyyə çox yüksək deyil, hər halda son vaxtlar inkişaf hiss edilir. Rusiya sovet sistemindən yeni mərhələyə keçir, ancaq proses ləngdir.
Rusiya böyük və mühafizəkar ölkədir. Hazırda orada şagird məzun olanda verdiyi imtahanda topladığı balla universitet seçə bilir. Məsələn, MQU bu üsulu qəbul etmir.
- Sizin həyatınızın bir hissəsi də Rusiyada keçib.
- Rusiyada aspiranturada oxumuşam, sovet dönəmində...
- Həyat yoldaşınız Hikmət Hacızadənin səfir kimi fəaliyyət dönəmini nəzərdə tutmuşdum.
- 1 il olub.
- Həmin dövrdə Moskvada hansısa təhsil müəssisəsi ilə əməkdaşlıq etmişdiniz, yoxsa evdar qadın həyatı yaşadınız?
-Evdar qadın kimi yaşamışam deyə bilmərəm, çünki səfirlikdə çoxlu iş görmüşəm.
- Namizədlik işini həmin dövrdə müdafiə elədiniz?
-Yox, mən 1985-ci ildə müdafiə eləmişəm, Moskvaya işləməyə 1992-ci ildə getdik. Səfirlikdə ictimai işlə məşğul olurdum, Azərbaycan uşaqları üçün bazar günü məktəbləri təşkil etmişdik, Azərbaycan dili dərsləri deyirdik. Başqa tədbirlər də olurdu. Ümumiyyətlə, aktiv insanam, evdə bekar oturmaqla aram yoxdur, üstəlik vəziyyət gərgin idi.
- Siyasətlə məşğul olmusunuz?
- Yox, siyasətlə məşğul olmamışam.
- Hər halda insanın siyasi dünyagörüşü olur, demokratsınız, liberalsınız, mühafizəkarsınız?...
- Demokratam, ancaq heç bir siyasi partiya və ya qurumun üzvü olmamışam. Yadıma düşdü, Azərbaycan Yaşıllar Hərəkatının təsisçisindən biri idim. 1990-cı ildə demək olar ki, qeydiyyatdan keçən QHT-lər içərisində birinci təşkilat sırasında idik.
- Siz siyasətlə məşğul deyilsiniz. Amma həyat yoldaşınız Hikmət Hacızadəyə hər hansı iradınız, yaxud xüsusi dəstəyiniz olubmu? Böyük prosesin içərisində münasibətlər hansı formada davam edib?
- İradım olmayıb. Bizim Hikmət bəylə münasibətlərimiz prosesdən əvvəl başlayıb.
- Hikmət bəylə harada rastlaşdınız?
- Moskvada, təhsil aldığımız müddətdə. Hikmət bəy də o zaman təhsil alırdı.
- Hikmət bəyin “kapriz”li olduğu deyilir...
- Azərbaycan kişilərinin hamısı “kapriz”lidir. Hikmət bəyin xüsusi “kapriz”i yoxdur. İstərdim təhsil sektoru istiqamətində söhbətimizi davam edək. Hər kəsi mərkəzimizə dəvət edirəm, gəlib pulsuz məsləhətlər alsınlar.
Xaricdə təqaüd proqramları haqda ətrafı məlumatlar veririk. İngilis dili kursları keçirik, təhsil yarmarkaları da təşkil edirik. Bizim həmçinin həkimlər üçün unikal proqramımız var.
- Özünüz ixtisasınızı artırmaq üçün xaricdə hansısa proqrama qoşulmusunuz?
- Bir çox xaricdəki konfranslar, seminarlarda olmuşam.Düzdür, son illər getmirəm. 1996-clı ildə İndiana Universitetində QHT və ətraf mühit sahəsi ilə bağlı 3 aylıq proqramda iştirak etmişəm. Birinci dəfə idi ki, Amerikaya gedirdim. Geri qayıdıb işləməyə başladım. Maddi vəziyyət çətin idi, sonra müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanda fəaliyyətə başladı. Mənə dedilər ki, sən də qoşul, deyirdim kimdir məni işə götürən, cavan, Dillər Universitetini bitirən qızları götürürlər. Amma CV-mi yazdım və göndərməyə başladım.
CV-mi göndərdiyim 4-cü təşkilatdan cavab gəldi. Soros Fondunun QHT-lərlə əlaqələndirici vəzifəsinə iddialı idim. İşə götürəndə dedilər ki, sizi direktor götürürük. Məni bu, cəlb elədi (gülür). Dedilər konsultasiya mərkəzinə direktor təyin edirik.
Ali təhsil sahəsində bir çox layihəmiz olub: Azərbaycanda Boloniya prosesinin qiymətləndirilməsi, Ali təhsildə keyfiyyətə təminat, “Təhsil haqqında” qanunun analizi və başqaları. Ən uğurlu layihəmiz 2003-2006 illərdə Bakı Dövlət Universitetində psixologiya fakültəsində Sosial İş üzrə magistr proqramının yaradıması oldu. Bu layihə çərçivəsində biz bir neçə ABŞ universiteti ilə işləyirdik.
- Dediniz ki, ABŞ-da təhsil daha çevikdir. ABŞ-ın yeni prezidenti DonaldTrampın qərarları birmənalı qarşılanmır. Sizcə, təhsil sahəsində dəyişikliklər müsbətə, yoxsa mənfiyə doğru dəyişəcək?
- Bu barədə danışmaq çox çətindir. Bəlkə də orta təhsil verən məktəblər və ya dövlət universitetləri üçün mənfi nəsə olacaq. O ki qaldı maliyyə məsələsinə - təqaüd ayıran universitetlər əsasən özəldir, onlar müstəqildilər və çox varlıdırlar. Onlara Tramp təsir göstərə bilməz. Mən məsləhət üçün gələnləri ABŞ-ın özəl universitetlərinə yönəldirəm. Çünki hətta 50 min dollarlıq təqaüd verən universitetlər var.
- Test sisteminin ləğvi vaxtaşırı müzakirə olunur. Hər kəs öz arqumentini səsləndirir. Dünya kontekstində test sistemini təhsil vermək baxımından faydalı hesab edirsiniz?
-Test sistemini mütərəqqi addım hesab edirəm. Bu sistemi 1992-ci ildən dəstəkləyirəm. Bəzi fakültələr vardı ki, insanlar orada təhsil almağı ağıllarına da gətirmirdilər, ancaq test üsulu ilə qəbul oldular. Bundan başqa korrupsiyanı aradan qaldırıldı.
- Testin əleyhdarları deyirlər ki, bu sistem əzbərçilik yaratdı, təhsilin səviyyəsini aşağı saldı...
- Hesab etmirəm ki, Azərbaycanda çox yüksək təhsil vardı, test üsulu onun səviyyəsini aşağı saldı. Oxuyan tələbə yenə oxuyur. Əvvəl test sistemi qəbulda idi, indi universitet imtahanlarına da tətbiq edilir. Bütün Avropa bu prosesdə iştirak edirsə, deməli, bu, yaxşı prosesdir.
Problem cavan, savadlı və müttərəqqi müəllimləri həm məktəb, həm də universitet səviyyəsində tədrisə cəlb etməkdir, bu çətindir, çünki məvacib yüksək deyil. Bəziləri təhsil naziri Mikayıl Cavbbarovu tənqid edir. Hərdən özümü onun yerinə qoyuram, düşünürəm ki, bu sistemi dəyişmək çox çətindir. Gərək birinci sinifdən dəyişikliyə başlayasan. Bunu təsəvvürümə belə gətirə bilmirəm. Təhsil Nazirliyi müəyyən addımlar atır, baxaq görək sonu necə olacaq.
- Hər halda nazirin tənqidçilərindən deyilsiniz...
- Yox, özümü nazirin yerində təsəvvür edirəm, görürəm prosesi dəyişmək çox çətindir. Mikayıl Cabbarov korrupsioner deyil, bunu bilirik.Yaxşı təhsil alıb, ümumiyyətlə, ağıllı oğlandır, onu tanıyıram. Ancaq bu şəraitdə işləmək çətindir. Ən azı Mikayıl Cabbarovun Məleykə Abbaszadə ilə konflikti yoxdur, bir-birini başa düşürlər. Bu, yaxşı göstəricidir. Gəncləri Təhsil Nazirliyinə işə cəlb edir, bizim tələbələrdən də var, kadrların çoxu ləyaqətli insanlardır. Ancaq çətin olacaq, proses uzun çəkəcək.
- Azərbaycan universitetlərinin dünya ilə müqayisədə vəziyyəti barədə nə tənqidiniz, qeydiniz var?
- Səviyyə aşağıdır, reytinqə daxil ola bilmirlər. Bəzən belə xəbər yayılır ki, filan universitet reytinqdə filan yerdədir. Amma həmin reytinqi kimin necə apardığı bilinmir. Əsas məsələ savadlı kadrları universitetlərə cəlb etməkdir. Bunun üçün isə məvacib yüksək olmalıdır.
- Oğlunuz Adnanın ABŞ-da təhsilə istiqamətlənməsində rolunuz olub?
- İlk dəfə ABŞ-a səfirliyin məktəb proqramı ilə getmişdi, 1 il oxuyub qayıtdı, Qafqaz Universitetinə daxil oldu. ABŞ-da bakalavr səviyyəsində təhsil üçün planı yox idi, amma yaxın dostu getdi, o da bu fikrə düşdü, Qafqaz Universitetində ikinci kursda oxuyanda Amerikaya yollandı. Hazırda magistr pilləsində təhsilini davam etdirir.
- Yəqin daha Azərbaycana qayıtmaq istəməz.
- Yox, ürəyi burdadır.
- Perspektivi barədə nə düşünür?
- Yekə kişidir, gərək özü qərar qəbul etsin, əksinə bizə tövsiyələr versin.
- Hikmət bəy haqda sual ünvanlanamağa icazə vermədiniz, amma cavabınız çox maraqlıdır, Monika Belluçinin fotolarını feysbukda paylaşanda necə reaksiya verirsiniz?
- Müsbət (gülür). Dəstəkləyirəm. Mənim də Monika Bellucidən xoşum gəlir. Hikmət bəy nəinki Monika Bellucinin, başqa gözəl aktrisaların da fotolarını paylaşır. Ümumiyyətlə, qadınlara kompliment deməyi xoşlayır.
- Acıqlanmırsız?
- Yox, artıq alışmışam.
- Xaş yeməyi xoşlayır. Bişirməyi bacarırsınız?
- Yox, özümü yaxşı evdar qadın hesab etmirəm. Mətbəxlə aram yaxşıdır, ancaq yüksək səviyyəli aşpaz deyiləm.
Qurban Yaquboğlu, Nərgiz Ehlamqızı