Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
DİM-dən Teleqraf.com verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında Hesabat”ın təqdim olunması, imtahanların keçirilməsinin ilkin qrafikinin, ali təhsil müəssisələrinə qəbul qaydalarının, IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin keçirilmə forması, yanvarın 28-də vergi orqanlarına işə qəbulla bağlı keçirilmiş test imtahanlarının nəticələri müzakirə olunub.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, hazırkı hesabat prezidentə təqdim edilməzdən əvvəl tanış olub rəy bildirilməsi üçün Şura üzvlərinin diqqətinə çatdırılır: “Hesabat daha geniş formatda Təhsil Nazirliyinə göndəriləcək, ictimaiyyət üçün isə “Abituriyent” jurnalının 12-ci sayı disk şəklində istifadəyə veriləcək.
İmtahanların ilkin qrafiki ilə bağlı bildirildi ki, qrafikdə yalnız buraxılış və qəbul imtahanlarının tarixləri əks olunub, ona görə ki, bu imtahanların vaxtları tədris ilinin müddəti ilə sıx əlaqəlidir və ötən illər bu dövrdə biz qrafiki artıq elan etmişdik.
Lakin hazırda tariflərin müəyyən edilməsi ilə bağlı hüquqi məsələlərin həll olunması istiqamətində işlər aparılır. Bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra qrafikin elan olunması və müəyyən tədbirlərin (sınaq imtahanları, sənəd qəbulu və s.) başlanması mümkün olacaq. Dövlət qulluğuna qəbulla bağlı imtahanların da planlaşdırılması qeyd olunan məsələlərə görə hələ ki, təxirə salınır”.
Məleykə Abbaszadə qeyd edib ki, ali məktəblərin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya və kolleclərə qəbul qaydaları DİM tərəfindən rəy bildirilməsi üçün Təhsil və Ədliyyə Nazirliklərinə göndərilib. Sonuncuların rəyləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunub. IX sinif üzrə buraxılış imtahanlarının formaları (nümunələri) - sual vərəqi, cavab kartı və inşa üçün yazı vərəqi Şura üzvlərinin diqqətinə çatdırılıb.
Bu formalar DİM-in xüsusi mətbəə proqram təminatı vasitəsilə hər bir şagird üçün fərdi şəkildə çap olunacaq və təhlükəsizliyi barkodla qorunacaq. Mövcud qaydalara görə essenin (inşa) yazılması fərqlənmə attestatını almağa namizəd olanlar üçün mütləqdir, bu şagirdlər haqqında öncədən “Şagird-məzun” sistemində qeydiyyat aparılacaq və bu şagirdlər üçün imtahan müddəti fərqli olduğuna görə onlar imtahan zamanı ayrı otaqlarda yerləşdiriləcək.
Sədr bildirdi ki, vergi orqanlarına işə qəbulla bağlı keçirilmiş test imtahanlarında qeydiyyatdan keçmiş 2889 nəfərdən 763-ü iştirak etməyib: “İmtahan iştirakçılarının az bir hissəsi müəyyən olunmuş müsabiqə şərtini (70 və daha yuxarı bal) ödəyib. Aparılmış təhlil göstərir ki, imtahan zamanı DİM tərəfindən təqdim olunan məntiq və informatika üzrə sualların namizədlər tərəfindən cavablandırılmasında uyğunluq müşahidə olunub, lakin ixtisas üzrə suallara cavab verməkdə namizədlər çətinlik çəkiblər.
Mövcud problemin aradan qaldırılması məqsədilə qərara alındı ki, ixtisas üzrə test tapşırıqlarının müvafiq bilik və bacarıqların düzgün qiymətləndirilməsini təmin etmək üçün tapşırıqların testologiya qaydalarına uyğun tərtib edilməsi məqsədilə birgə işçi qrup yaradılsın”.
İlhamə ƏBÜLFƏ