Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Polisi İdarəsinin Yol Patrul Xidməti alayları əməkdaşlarının sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayında keçirilən, kurator nazir müavininin, DİN-in aidiyyəti Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir yol patrul xidməti əməkdaşlarının düzüldükləri ayrı-ayrı kalonların önündən keçərək onların zahiri görkəmi, fiziki və peşə hazırlığının vəziyyəti ilə maraqlanıb. O, tələb olunan parametrlərə uyğun gəlməyən bəzi əməkdaşların qısa müddətdə öz fiziki hazırlıqlarını və peşəkarlıqlarını artırmalarını, göstərilən nöqsan və çatışmazlıqları aradan qaldırmalarını tələb edib, irad və tövsiyələrini bildirib, ümumən, sıra baxışının nəticələrindən razı qaldığını deyib.
Sonra əməkdaşlar qarşısında çıxış edən Ramil Usubov polis peşəsinin çətin və həm də şərəfli olduğunu diqqətə çatdırıb. Daxili işlər naziri xüsusən əhali ilə ən çox təmasda olan yol patrul xidməti əməkdaşlarının insanlara həssas münasibətinin, diqqət və qayğısının həmişə minnətdarlıqla qarşılandığını, belə nümunəvi rəftarın polisin nüfuzunu daha da yüksəltdiyini vurğulayıb, onlar tərəfindən hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət edilməsinin, törədilmiş inzibati xətanın yarada biləcəyi mənfi nəticələrin sürücülərə izah olunmasının zəruriliyini bildirib.
Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını, şəxsi heyətin böyük qayğı ilə əhatə olunduğunu xüsusi qeyd edən Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın qanunla müəyyən edilmiş vəzifələri bundan sonra da layiqincə yerinə yetirməli, xalqa, Vətənə ləyaqətlə xidmət etməli olduğunu vurğulayıb.