Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Səudiyyə Ərəbistanı Krallığında keçirilən konfransda çıxış edib.
Komitədən Teleqraf.com-a verilə məlumata görə, Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin birinci Nazirlər Konfransı işinə başlayıb.
Konfrans “İslam Əməkdaşlıq Təşkilatı dövlətlərində evlilik, ailə institutu və bu dəyərlərin qorunması” mövzusuna həsr olunub.
Konfransda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.
Komitə sədri çıxış edərək ailə dəyərlərinin qorunması, gələcək nəsillərə ötürülməsi, ölkəmizdə ailəyə verilən qiymət və bu sahədə aparılan dövlət siyasəti haqqında məlumatları diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, hər bir xalqın öz ailə modeli var. Ailə üzvləri arasında səmimi əlaqələr, yaşlı nəslin nümayəndələrinə hörmət və valideyn-uşaq münasibətlərinin düzgün formalaşması Azərbaycan ailəsinin əsas dəyərlərindəndir. O, dövlət siyasətinin əsas istiqamətlərindən birinin ailə olduğunu qeyd edərək əlavə edib ki, bu gün ölkəmizdə gənc ailələrin, qaçqın və məcburi köçkün ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması prioritetlər siyahısındadır.
O, təklifləri irəli sürərək bildirib ki, kütləvi informasiya vasitələrində ailə dəyərləri, sağlam həyat tərzi daim təbliğ olunmalıdır. Qaçqın və məcburi köçkün ailələrin sosial problemlərinin həlli, onların cəmiyyətə inteqrasiyası, zorakılıq hallarının qarşısının alınması istiqamətində birgə proqramlar hazırlanmalıdır.
Konfrans çərçivəsində Hicran Hüseynova İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Othamin və Səudiyyə Ərəbistanı Krallığının Əmək və Sosial İnkişaf naziri Əli bin Nasir Əl-Hafiz ilə görüşlər keçirib.
İlhamə ƏBÜLFƏT