Rasim Nəbiyev: “Yatsaydım, yuxuma da girməzdi...”
Məlum olduğu kimi, Təhsil Nazirliyi Azərbaycan İctimai-Siyasi Universitetinin (ASİU) lisenziyasının müddətinin uzadılmaması barədə qərar verib.
Nazirliyin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə, təhsil nazirinin əmri ilə yaradılmış işçi qrupunun verdiyi müvafiq qərar universitet rəhbərliyinə təqdim olunub. Universitetdə aparılan araşdırmalar nəticəsində orada tədrisin formal xarakter daşıdığı, kafedraların mövcud qaydalara uyğun təşkil edilmədiyi məlum olub.
Hazırda ali məktəbdə 566 tələbə təhsil alır, onların mərkəzləşdirilmiş şəkildə digər ali məktəblərə köçürülməsi təşkil olunacaq. Cari ilin məzunları isə diplomlarını Azərbaycan İctimai Siyasi Universitetindən ala biləcəklər.
Nazirlik rəsmisinin sözlərinə görə, lisenziyanın geri alınması universiteti ləğv etmək deyil, qanunvericiliyin mövcud qaydalarındakı standartlara cavab verdiyi təqdirdə universitetə yenidən lisenziya verilməsi məsələsinə baxıla bilər.
Tələbələr ümidli, valideynlər nigarandır
Vəziyyətlə tanış olmaq üçün universitetə baş çəkdik. Yusif Məmmədəliyev-12 ünvanda yerləşən ali məktəbin qarşısında valideyn və müəllimlər toplaşmışdı. Kimi rektorun qəbulundan çıxır, kimi qəbula hazırlaşırdı. Rektorun qəbulundan çıxanlara yaxınlaşdıq. Bildirdilər ki, məsələdən dünən efirdən xəbər tutub gəliblər.
Tələbələr nigarançılıq içində olsalar da ümidlidirlər ki, Xəzər, Bakı Biznes, Təfəkkür, Odlar Yurdu universitetlərində seçim imkanı olacaq. Valideynlər isə daha çox narahatdırlar. Bir valideyn narazılıqla tələbələrin bölgələrdəki filiallara göndəriləcəyi xəbərindən danışdı. Onları maraqlandıran suallara isə rektorun qəbulunda qeyri-müəyyən cavab verilib. Bildirilib ki, hər bir tələbə haqqında məlumat Təhsil Nazirliyinə göndəriləcək və bundan sonra hansı addım atılacağı nazirlikdə qəbul edilən qərardan asılı olacaq.
Rektor: “Əmri müzakirə etmirlər”
Rektorun qəbulunda biz də olduq. Rektor Rasim Nəbiyev əvvəlcə bizi əsəbiliklə qarşıladı. Sanki universitetin fəaliyyətinin dayanması barədə qərarı Təhsil Nazirliyi yox, mətbuat çıxarıb: “Daha nə istəyirsiniz? Azərbaycanda 5-6 min jurnalist olar, mən hər gün onlarla jurnalist yola salırdım. Ürəyiniz sakit olsun, bağladılar. Gedin rahat nəfəs alın... Artıq əmr verilib, əmri müzakirə etmirlər”.
Yəqin ki, “reket” jurnalistika üçün qapı açan təhsil müəssisələrinin hər birinin aqibəti eynidir. “Hər gün onlarla “jurnalist” yola salan” rektorun görünür, indi özünü yola salırlar.
Layihə yarımçıq qaldı...
Rektor dedi ki, bu qərar barədə ona iyulun 7-də Təhsil Nazirliyinin nümayəndəsi məlumat verib: “Yatsaydım, yuxuma girməzdi. Axı nə çatışmırdı? Yer? Yeni bina tikdirirdik də. O gün mənə dedilər ki, Rasim müəllim, tikintiyə görə ekspertizadan keçdiniz. Dünən yuxudan durdum, sevinə-sevinə getdim sənədi götürdüm. İndiyədək Bakı şəhər icra hakimiyyətindən, Nəsimi rayon icra başçısından sərəncam almışdım, Azərbaycan Dövlət Layihə İnstitutu bizə eskiz layihəsi verib, işçi layihəmiz hazırdır.
Təkcə işçi layihəyə 31 mindən çox pul xərcləmişəm. Bir binanın tikintisi milyon yarıma başa gəlirsə, sənədləşməsi bunun 3-də biri qədər edir. Bütün sənədlər qaydasına salınıb, hazır olanda, bizə dedilər ki, lisenziya dayandırılıb. Ona görə də daha tikdirəsi olmadıq, tikinti yarımçıq qaldı. Bilirsinizmi, qüdrətli Azərbaycana qüdrətli universitet lazımdır. Azərbaycanda ən təmiz, ən pak ali məktəb bizim universitetdir”.
Rektor qəbulda olan tələbələrə üzünü tutub, “buyurun, oxuduğunuz bu universitet barədə öz fikrinizi” deyin söylədi. Tələbələrdən biri: “Görünür, Azərbaycana rüşvətsiz universitet lazım deyil”, digəri: “Burada dərs deyən müəllimlərin səviyyəsi yüksək idi”, başqa birisi: “Digər universitetlərə baxanda burada vəziyyət çox yaxşıdı” deyə yer-yerdən dilləndilər.
Rasim Nəbiyevin sözlərinə görə, nazirlik indiyədək universitetin lisenziyasının müddətini 3 dəfə uzadıb: “Dördüncü dəfə uzadılmadı. Mənə deyirlər ki, get tik, gəl lisenziyanın vaxtını uzadaq. Amma bu tələbələr oxumalıdırlar, axı. Onlar sentyabrdan dərsə gəlməlidirlər. Bəlkə mən binanın tikintisini 5-6 aya qurtardım. Bu barədə düşünüb, qərar verənlər var və onlar da belə qərar veriblər. Halbuki tələbələr yeni bina hazır olanadək müvəqqəti burada təhsillərini davam etdirə bilərdilər”.
“Odlar Yurdu” da bağlanacaq?
Valideynlər tələbələrin hansı universiteti seçmək imkanının olub-olmaması ilə maraqlandı. Rektor dedi ki, Təhsil Nazirliyində komissiyanın sədri İlham Pirməmmədovdur, o özü də komissiyanın üzvüdür: “Mən çalışacam tələbələrimizin istəyi nəzərə alınsın. Tələbə desə ki, mən Biznes Universitetində yox, “Odlar Yurdu” Universitetində oxumaq istəyirəm. Deyəcəklər, buyur, hansını istəyirsən seç. Valideynlərin narahatlığına əsas yoxdur”.
Rektor bu ilki məzunların isə diplomlarının noyabr ayınadək veriləcəyini bildirdi.
Valideynlər arasında gəzən söz-söhbətə görə, Azərbaycan İctimai-Siyasi Universiteti ilə yanaşı başqa özəl ali məktəblərin də bağlanması gözlənilir. Bu sırada “Odlar Yurdu” Universitetinin da adı çəkilir.
Az qaldı ki, rektor infarkt keçirsin...
Dəhlizdə universitetin əməkdaşı Səriyyə İsmayılova bizi söhbətə tutdu. Şikayətləndi ki, dünən aldıqları xəbər rektora qəfil zərbə qədər pis təsir edib: “Rektor az qaldı infarkt keçirsin. Bu universitetdən nizam-intizam, tədris həmişə öz qaydasında olub. Tələbələrə öz balamız kimi qayğı göstərmişik. Başqa universitetlər bağlananda məlum olur ki, orada rüşvət, saxta diplom alveri baş verib. Amma burada bina standartlara cavab vermir deyə, bağlayırlar. Yeni bina tikilirdi, yarım il gözləyə bilməzdilər?!”
Ailəsini ASİU-dan dolandıran müəllimlərin aqibəti...
Müəllimlərin əməkhaqqı ilə maraqlandıq. Səriyyə İsmayılova bu haqda ağızucu cavab verdi: “Bu barədə bilmirəm. Elə müəllimlər var başqa universitetlərdən dəvət olunur, amma eləsi var buradan ailəsini dolandırır. Burda 100-dən çox müəllim çalışırdı”.
Adının çəkliməsini istəməyən bir müəllim bildirdi ki, başqa universitetdə də dərs deyir, burdan isə 140 manat əməkhaqqı alır: “Hələ alacağımız da var. Bilmirik, necə olacaq”.
Universitetin müəllimi, akademik Teymur Bünyadov isə bizimlə telefon söhbətində bildirdi ki, dövlətin qərarı haqqında heç bir rəy vermək istəmir: “Qərar belə verilibsə, deməli, belə lazımdır”.
Azərbaycan İctimai-Siyasi Universiteti 26 iyun 1991-ci ildə Bakı Dövlət Universitetinin nəzdində İctimai-Siyasi Kollec olaraq yaradılıb. 2005-ci ildən Rasim Nəbiyevin rektorluğu ilə Azərbaycan İctimai-Siyasi Universiteti adı ilə fəaliyyət göstərib.
2012-2013 tədris ilində azxeber.com saytı 116 minlik facebook səhifəsində “Azərbaycanda fəaliyyət göstərən hansı özəl ali təhsil müəssisəsində təhsilin vəziyyəti bərbaddı?” sorğusunda 70 faiz səs çoxluğu ilə ilk yerlərdən birini İctimai-Siyasi Universitet tutub.
Sevil HİLALQIZI
ASİU-nun yeni binası
Bu korpus xeyli müddətdir fəaliyyət göstərmir