11 Fevral 2017 08:00
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnnovasiyalar üçün tərəfdaşlıq” proqramının dəvəti ilə Qazaxıstanın Almatı şəhərində keçirilən “Könüllülüyün inkişafı” beynəlxalq təcrübə mübadiləsi çərçivəsində Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistanla yanaşı Azərbaycandan da nümayəndə heyəti təmsil olunmub.

İctimai təşkilatların gənc fəallları və könüllüləri üçün 3 günlük tədbir çərçivəsində ilk əvvəl təlimlər təşkil edilib. Təlimlərdə könüllülüklə bağlı yerli təcrübə, beynəlxalq fəaliyyət, müxtəlif könüllülük proqramları və modellərin adaptasiyası, tətbiq edilməsi barədə iştirakçılara məlumat verilib.

Daha sonra Almatıda yerli ictimai təşkilatın fəalları tərəfindən açılmış “Treninq kafe”nin işi ilə yaxından tanış olan gənclərə məlumat verilib ki, bu kafe əlilliyi olan gənclər üçün iş imkanları təmin etmək məqsədi ilə bir qrup könüllünün təşəbbüsü nəticəsində yaradılmış və hazırda uğurla fəaliyyət göstərir.

Təcrübə mübadiləsi Almatıda təşkil edilən XXVIII Ümumdünya Qış Universiadasının keçirilməsi tarixlərinə təsadüf etdiyi üçün qonaqlar təşkilat komitəsində könüllülər üzrə qrupun rəhbərliyi ilə görüşüb, bu irimiqyaslı idman yarışına cəlb edilən könüllülərin vəzifə və məsuliyyətləri, göstərdiyi köməyin həcmi barədə məlumat verilib.

Görüş zamanı Azərbaycan nümayəndə heyətindən olan gənclər çıxış edərək bildirdilər ki, ölkəmizdə bu sahədə uzun illərdir ki, geniş işlər görülür, qanunvericilik səviyyəsində könüllülərin hüquq və vəzifələri müəyyən edilmiş, Bakıda təşkil edilmiş və ediləcək I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, “Formula 1” avtomobil yarışları, “Eurovision” mahnı müsabiqəsi və s. idman, mədəni, digər tədbirlərdə könüllülərin imkanlarından geniş istifadə olunur.

Qeyd olunmalıdır ki, bu səfər “İnnovasiyalar üçün tərəfdaşlıq – P4I” Proqramı çərçivəsində gerçəkləşmişdi. Qazaxıstanın “АRGO” Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyası həm ölkədaxili, həm də ölkələrarası vətəndaş cəmiyyəti təşkilatlarının inklüziv şəbəkələri arasında əlaqəsi və davamlı inkişafına dəstək yolu ilə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə istiqamətlənmiş “İnnovasiyalar üçün tərəfdaşlıq – P4I” proqramını həyata keçirir. Proqramı dövlət və ictimai sektorun innovativ yanaşmalar vasitəsi ilə sosial və iqtisadi problemlərinin birgə həll edilməsində səlahiyyətli vətəndaş cəmiyyətinin qurulmasına əhəmiyyətli töhfə verməli, iştirakçı-ölkələrin regional əməkdaşlığı ilk növbədə əlilliyi olan insanların hüquqları, ekologiya, sosial xidmətlər, gənclərin ictimai həyatda iştirakı, gender bərabərliyi kimi əhəmiyyətli mövzuları əhatə etməlidir.

Proqram çərçivəsində müxtəlif fəaliyyət sahələrində çalışan qeyri-hökumət təşkilatlarını özündə birləşdirəcək onlayn və offlayn platformalar yaradılacaq ki, bu da, onların fəal təlimləndirilməsinə və potensialının artırılmasına yardım edəcək. Beləliklə, “İnnovasiyalar üçün tərəfdaşlıq – P4I” vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin yaradılması, təcrübə və məlumat mübadiləsinə kömək edəcək, onların dayanaqlığının möhkəmlənməsi, effektivliyinin genişlənməsi və dəyişən şəraitə uyğunlaşmaq bacarığının artmasına istiqamətlənəcək.


Müəllif:

Oxşar xəbərlər