“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədr müavini Bəhram Xəlilov layihənin ümumi məqsədinin Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək olduğunu bildirib: “Layihənin əsas məqsədi Dövlət İmtahan Mərkəzinin (DİM) malik olduğu alətlərin və potensialın artırılması, fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vəzifələrin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetməsinin dəstəklənməsi, qabaqcıl təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Layihənin tərəfdaşları Litva Respublikaının Dövlət Katibliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzidir ”.
Layihənin 2016-ci ildə hazırlandığını deyən DİM-in sədri Məleykə Abbaszadə bildirib ki, bu layihə qurumun ilk beynəlxalq layihəsidir: “Bizim müvəqqəti çətinliyimizi Avropa İttifaqı başa düşdü və dəstək verdilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komitəsinin birləşməsi təkcə maddi texniki bazanın deyil, həm də kadr potensialının birləşməsidir. Prezidentin Dövlət İmtahan Mərkəzinin qarşısında qoyduğu vəzifələrdən görünür ki, dövlət qulluğu sahəsinin islahatları hələ astanadır. Biz ölkədə olan mövcud vəziyyəti nəzərə almalıyıq. Bizim iqtsadiyyatın müxtəlif sahələrində, neft sahəsində kifayət qədər vakansiyalar yaranırdı və kifayət qədər kadr resurslarımız var idi. Lakin həmin vakansiyaları kadrlar tuta bilmirdilər”.
Məleykə Abbaszadə bildirib ki, belə vakansiyalar dövlət qulluğu sahəsində də var idi. “Müxtəlif dövlət qurumlarında İT sahəsində vakansiyalar boş qalırdı. Bu problemlərin kökü postsovet dövründən gəlirdi. Çünki ali məktəbi bitirən tələbələr təcrübəyə malik olmurdular və çox primitiv fikilərə malik idilər. Ali təhsilli insanlar əmək bazarına daxil olandan sonra müxtəlif kurslara müraciət edirdilər. Təqdirəlayiq haldır ki, bu istiqamətdə ciddi islahatlar aparılıb. Yeni ali təhsil müəssisələri və onların maddi-texniki bazasının olması, onların məzunlarının əmək bazarında yerlərini tutacağına əmin edir”.
DİM sədri qeyd edib ki, dövlət qulluğuna aparılan imtahanların məzmunu gənc nəsil üçün müəyyən investr olacaq, onlar bu istiamətdə işləyəcəklər və əmək bazarında olan təlabatlara hazır olacaqlar:
“Dövlət qulluğuna qəbul sahəsində bu günvəziyyət belədir ki, şəffaf imtahanlar üçün müvafiq hüquqi müstəvi yaratmışıq və bu proses davam etdirilir. Baxmayaraq ki, bütün mərhələrlərdə vətəndaş-məmur əlaqələri minuma endirilib, prosedurlar yenə də sadələşdirilməli və çeviklik təmin olunmalıdır. Əvvəllər insanlar özəl sektora yüksək məvaciba görə üz tuturdular və dövlət qulluğuna maraq az idi. Amma hal-hazırda dövlət qulluğuna qəbulda şəffaflığın və dövlət qulluğunun nüfuzunun artması müraciət edənlərin sayının artmasında özünü biruzə verməyə başlayıb".
Avropa İttifaqının Azərbaycandakı nümyəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və iki il müddət üçün nəzərdə tutulan layihənin büdcəsi 1.2 milyon avrodur:
“Layihənin əsas məqsədi kadların peşakar inkişafının tələb edilməsidir. Biz yenidən Azərbaycandakı tərəfdaşlarla işləməkdən məmnunuq. 2 il ərzində Azərbaycanda dövlər qulluğu sahəsində islahatlara dəstək verəcəyik. Son 10 ildə Azərbaycanda 47 tvininq layihəsi keçrilib. İlin sonunda bu layihələrin sayı 50-yə çatacaq”.
Litvanın Azərbaycandakı səfiri Valdas Lastatauskas qeyd edib ki, Tvinninq layihəsində litvalı ekspertlər aparıcı rol oynayacaq: "Litva Azərbaycandakı layihəni dəstəkləyir. 47 tvinninq layihəsindən 6 -si litvalı ekspertlər tərəfiindən həyata keçrilib”.
Avropa Komissiyasının təşəbbüsü olan Tvinninq aləti 1998-ci ildə namizəd ölkələrin Avropa İttifaqına inteqrasiya prosesini dəstəkləmək məqsədilə başlanıb. Tvinninq Avropa Qonşuluq və Əməkdaşlıq Aləti kimi Azərbaycanda 2006-cı ildən həyata keçirilir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Avropa İttifaqına üzv ölkələrin və benefisiar ölkənin dövlət sektoru təcrübəsini bir araya gətirir.
İndiyə kimi Azərbaycanda 25 Tvinninq layihəsi uğurla icra olunub. 10 Tvinninq layihəsi icra olunur, 10-u isə danışıqlar mərhələsindədir.
İlhamə Əbülfət