"2008-ci ildə bu layihələrlə Milli Məclisdə tanış olduqda təsəvvür etmirdim ki, bu qədər əhəmiyyətli olacaq".
Teleqraf.com xəbər verir ki, bunu “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Milli Məclis Aparat rəhbəri Səfa Mirzəyev deyib.
Onun sözlərinə görə, Tvinninq elə bir proqramdır ki, hansı tərəfdaş olmasından asılı olmayaraq, nəticə etibarilə uğur gətirir: "Avropa İttifaqı ilə əlaqələr üzrə bizim saytda xüsusi bölmə ayrılıb. 8 ilə yaxındır ki, işçi qrupu fəaliyyət göstərir. Bütün bu layihələr maliyyə tələb edir. Ancaq buna baxmayaraq, maliyyənin sərf edilməsinin düzgün qurulması orada iştirak edən ölkələrin təcrübəsindən çox asılıdır".
Səfa Mirzəyev qeyd edib ki, müəyyən çətinliklərin olması da qaçılmazdır: "Dövlət qulluğu ilə bağlı bu layihə çox vacibdir. Gündəlik qanunvericiliklə məşğul olan bir şəxs kimi deyə bilərəm ki, dövlət qulluğundan çox şey asılıdır. Əminəm ki, layihə 2 ildən sonra uğurla başa çatdırılacaq”.
İlhamə