22 Fevral 2017 13:44
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilib. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklik internet informasiya resurslarından təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır və bunun üçün qanuna yeni fəsil, yeni maddələrin əlavə olunması təklif edilir. Dəyişikliyə əsasən, internet informasiya resurslarının yaradılması, uçotu, yayılması, bəzi informasiyaların yayılmasının qarşısının alınması və buradan irəli gələn digər münasibətlər tənzimlənəcək.

“Telekommunikasiya haqqında” qanunda təklif edilən dəyişikliklər isə telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etmək, baş vermiş kiberhücumların mənbələrini müəyyən etmək, istifadəçilərə qarşı yönəlmiş elektron təhlükələrin, gələcəkdə baş verəcək kiberhücumların qarşısını almaq üçün ölkədə internet xidməti göstərən operatorların və provayderlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləmək məqsədi daşıyır.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli media ilə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklikləri Teleqraf.com-a şərh edib.

Onun sözlərinə görə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” dəyişikliklərə onlayn media resurslarının tənzimlənməsi ilə bağlı müddəalar daxil edilib və burada bəzi anlayışların təsnifatı verilib: “Məsələn, “domen nədir və onu kim verir, verilən domendən sui-istifadəyə görə məsuliyyəti kim daşıyır” suallarına cavablar olacaq. Hostinqlə bağlı məqamlara aydınlıq gətirilir”.

M.Ələsgərli qeyd edib ki, qanun internet informasiya resurslarının formalaşdırılması və onun tənzimlənməsini özündə ehtiva edir: “Bu da günümüz üçün çox vacib məsələdir. “KİV haqqında” qanunun 3-cü maddəsinə görə internet media resursları kütləvi informasiya vasitələridir. Çox zaman “KİV haqqında” qanunun bu müddəası nəzərə alınmır. İnsanlar daha çox onlayn informasiya resurslarına nəzarətsiz zona kimi baxırlar, yeri gələndə baş verən pozuntularla bağlı kimisə suçlamaq olmur. Çünki qanuni anlayışların özü yoxdur. Mənə elə gəlir ki, qanundakı dəyişiklikdən sonra bu sahənin tənzimlənməsi mümkün olacaq. Qanunvericilikdə bütün detallar, o cümlədən onlayn informasiya resursunun hansı komponentləri olduğu və məsuliyyətlilik anlayışı formalaşdığına görə gələcəkdə onun tənzimlənməsi asanlaşacaq. Hesab edirəm ki, bu, vacib olan məqamdır. Söhbət onlayn informasiya resurslarının tənzimlənməsindən gedir. Onlayn informasiya resursları isə təkcə xəbər portallarından ibarət deyil. Hər bir təşkilatın, dövlət qurumunun və ya idarənin özünün onlayn informasiya resursu olur. Bizi maraqlandıran daha çox onlayn media resurslarıdır. Bildiyimiz kimi, onlayn resurslardan öz məqsədləri üçün qanunsuz istifadə etməyə qarşı Mətbuat Şurası, məhkəmələr, polis mübarizə aparır. Bu qanun sui-istifadəyə qarşı mübarizə aparan qurumlara imkan verəcək ki, atmalı olduqları addımları dəqiq müəyyənləşdirib ölçü götürə bilsinlər. Qanun özü birbaşa reket mediaya qarşı deyil, detallı bilgilərin dəyişməsi neqativ hallara qarşı mübarizə aparan qurumların işini asanlaşdıracaq və onlar rahatlıqla tənzimləmə prosesini həyata keçirə biləcəklər”.

Nərgiz


Müəllif: