23 Fevral 2017 16:21
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com cəbhədə baş verən son hadisələrlə bağlı hərbçi ekspert Üzeyir Cəfərovla müsahibəni təqdim edir.

- Üzeyir bəy, Ermənistan Silahlı Qüvvələri artıq 3 həftəyə yaxındır ki, cəbhə xəttində diversiya-kəşfiyyat fəaliyyətini aktivləşdirib. Sizcə, düşmənin cəbhədə aktivləşməsini səbəbi nədir?
- Əslində bunun dərin kökləri var. Məncə, bu ötən ildən qaynaqlanır. Ötən il beynəlxalq qurumlar tərəfindən erməniləri ruhlandıran, yeni təxribatlara sövq edən bəyanatlar səsləndirilib. Rusiya tərəfindən Ermənistana dəstək addımları olub. Bundan sonra Ermənistanda özünə əminlik yarandı. Eyni zamanda bu yaxınlarda Fransa prezidenti Ollandın Azərbaycanın ziddinə, beynəlxalq hüquqa əks mövqe sərgilədiyi məlum oldu. Bütün bunlar erməniləri ruhlandırır, onlar hesab edirlər ki, bu faktiki olaraq verilən kart-blanşdır. Odur ki, cəbhədə vəziyyəti gərginləşdirirlər. Həm də bu gərginliyi prezident Sarkisiyanın ötən həftə Ermənistan Müdafiə Nazirliyində keçirdiyi görüşdə axtarmaq lazımdır. Sarksiyan bir sıra tapşırıqlar verib. Bu tapşırıqların ana xəttini onun hakimiyyətini qoruyub saxlaması təşkil edir. Ermənistan Müdafiə Nazirliyi də bu tapşırıqda mühüm yer tutur. Ermənistan cəmiyyətində böyük gərginlik, ümidsizlik və narahatçılıq var. Daxildə cəmiyyətin diqqətini problemlərdən yayındırmaq məqsədilə cəbhə bölgəsində vəziyyəti qəlizləşdirirlər.

- Yəni indi Sarksiyan vəziyyətdən çıxmaq, diqqəti yayındırmaq, daxili etirazların qarşısını almaq üçün cəbhədə aktivləşir?
- Bəli. Hesab edirəm ki, cəbhədə olan durum artan xətt üzrə davam edəcək. Bildiyiniz kimi, apreldə Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçki başa çatana, prezident Sarksiyan hakimiyyətinin davamına təminat alana qədər cəbhədə vəziyyət gərgin olacaq. Yəni lokal müharibələr, atışmalar olacaq.

- Demək istəyirsiniz ki, ötən ilin aprelində baş verən hərbi əməliyyatlar yenidən bərpa oluna bilər?
- Əlbəttə, mən inanmıram ki, apreldə baş verən müharibənin miqyası qədər toqquşmalar olsun. Amma istənilən hadisə baş verə bilər. Mən hesab edirəm ki, erməni tərəfi bundan sonra da vəziyyəti gərginləşdirməkdə davam edəcək.

- Azərbaycan müdafiə naziri cəbhə bölgəsinə gedib. Erməni ordusunun yerdəyişmələr etdiyi, qoşun və texnikanı ön xəttə çəkdiyi ortaya çıxıb. Siz bu durumu nə dərəcədə ciddi hesab edirsiniz?
- Əvvəla, Azərbaycan müdafiə nazirinin cəbhəyə mütəmadi səfərləri olur. Amma bu gün baş tutan səfər zənnimcə, erməni tərəfinin ağır silahlardan istifadə etməsindən sonra baş verib. Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinə xəbərdarlıq etmişdi ki, onların istifadə edəcəyi silahlardan dəfələrlə ağır və güclü silahlar tətbiq ediləcək. Güman edirəm ki, yaxın vaxtlarda Azərbaycan Müdafiə Nazirliyinin cavab tədbirləri haqqında eşidəcəyik. Çünki Azərbaycan Müdafiə Nazirliyi düşmənin azğın və qanunsuz hərəkətlərini özbaşına qoymayacaq. Eləcə də dünən verdiyimiz şəhidin də qisası alınacaq. Güman ki, ermənilər yaxın saatlarda itkilərini etiraf etməli olacaq. Qənaətimcə, bu gün və ya sabah düşmənin istər hərəkət edən, istərsə də ön cəbhədə təxribat hərəkətləri həyata keçirən qüvvələrinə qarşı lazımı tədbirlər həyata keçiriləcək. Zənnimcə, nazirin cəbhəyə səfəri bununla əlaqəlidir. Çünki dünən düşmən cəbhənin Tərtər və Ağdam istiqamətində bəzi hərəkətlərə yol verib və bunlar narahatedici hərəkətlərdir. Bu hərəkətlərin cavabsız qalması sonrakı mərhələdə düşmənin azğınlaşmasına gətirib çıxara bilər. Odur ki, Azərbaycan buna heç bir halda imkan verməyəcək.

- Cəbhədə gərginliklə bağlı beynəlxalq aləmin reaksiyası yoxdur, bunu gözləməyimiz nə dərəcədə əsaslı olar?
- Ola bilsin ki, yaxın günlərdə Rusiyanın növbətçi bəyanatı ola bilər, onlar tərəfləri sakitliyə dəvət edə, ağır silahlardan istifadəni dayandırmağa səsləyər və s. Ancaq iş ondadır ki, bütün bu məsələlərin başında başda ATƏT olmaqla beynəlxalq qurumların fəaliyyətsizliyi durur. Rusiya özü gözəl bilir ki, işğalçı cəzasını almayana qədər vəziyyət bu cür davam edəcək, itkilər olacaq. Ötən ilin aprelində baş verən hadisələrə, ölənlərə görə məsuliyyəti Rusiya, ABŞ və Fransa daşıyır. Ümumiyyətlə, son zamanlar ATƏT-in Minsk Qrupunda olan iki həmsədr ölkə tərəfsizliyini saxlaya bilməyib, hətta beynəlxalq hüquqa zidd açıqlamaları olub. ABŞ-ın mövqeyi hələlik yoxdur, ancaq onlar da Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. Ortada isə faktiki olaraq fəaliyyət yoxdur. Təsəvvür edin, BMT baş katibi münaqişələrdən danışır və deyir ki, Qarabağ münaqişəsi ilə bağlı fəallıq olmalıdır. Ancaq baş katib BMT-nin 4 mühüm qərarı ilə bağlı bir söz deməyib. Nə qədər ki, beynəlxalq qurumlar Ermənistan kimi cılız ölkə ilə “bacarmırlarsa”, deməli, cəbhədə bu kimi hallar baş verəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər