24 Fevral 2017 18:47
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

XVI əsrin görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsəri Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi beynəlxalq standart kitab nömrəsi əsasında fevralın 24-də Türkiyənin “Uzanlar” nəşriyyatında Azərbaycan dilində nəşr edilib.

Teleqraf.com xəbər verir ki, tərcümə işi 2009-cu ildən etibarən AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev və onun yetirməsi olan tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Musalı tərəfindən həyata keçirilməyə başlanıb.

Oqtay Əfəndiyev 2013-cü ildə vəfat etdikdən sonra bu işi Namiq Musalı davam etdirib. O, hazırda elmi-pedaqoji fəaliyyətini davam etdirdiyi Türkiyədə əsərin doğma dilimizə tərcüməsinin işıq üzü görməsinə nail olub.

Oxucular əsərlə yaxın günlərdə ölkəmizin kitabxanalarında və internet vasitəsilə elektron kitab resurslarında tanış olmaq imkanı əldə edəcəklər.

“Əhsənüt-təvarix”in iki cildi zamanımıza qədər gəlib çatıb. İstər vətənimizin, istərsə də bir sıra yaxın və uzaq ölkələrin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyan bu salnamə ilk dəfədir ki, tam şəkildə Azərbaycan dilinə nəşr olunur.

Əsərin zəmanəmizə çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapıb. Hər iki cildin tərcüməsi eyni kitab daxilində oxuculara təqdim edilir.

Tərcümə zamanı mənbənin Baroda və Tehran nəşrləri ilə yanaşı Bakıda, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən B-1696 və S-435 şifrəli iki əlyazma nüsxəsindən də istifadə olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər