27 Fevral 2017 14:32
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi orta məktəblərin statusunun və tipinin dəyişdirilməsi – tam orta məktəblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə məlumatlar yayılıb. Bir sıra tam orta məktəblərin 9 illiyə çevrilməsi nəticəsində müəllimlərin ixtisara düşəcəyi də deyilir.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə bildirib ki, ümumi, yəni 9 illik icbari orta təhsil səviyyəsindən sonra - tam orta təhsil səviyyəsində təhsilin təmayüllülər üzrə təşkil olunması 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanunda təsbit olunub. Bu məsələ Təhsilin İnskişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb.

Nazirlik rəsmisi qeyd edib ki, təmayül sinfin yaranması üçün məktəbdə paralel siniflərin olması vacibdir. Çünki şagirdlərin meyl və maraqları nəzərə alınmaqla formalaşdırılan təmayül siniflərə məktəbin 9-cu sinfini bitirən bütün şagirdlər deyil, seçdikləri fənlər üzrə müvəffəq qiymətlə oxuyanlar, imtahan nəticələri yaxşı olan və fənn müəliminin müsbət rəy verdiyi şagirdlər cəlb olunmalıdır.

Bəs təmayülləşmə təhsilə nə verəcək?

Tanınmış pedaqoq, professor Əjdər Ağayev bildirib ki, təhsilin idarə edilməsində pedaqoji prosesi bilməyən, təcrübəsi olmayan adamlar çoxluq təşkil edir: “Bu adamlar təhsilin inkişaf mərhələlərini öyrənmənmədən müəyyən fikirlər deyirlər”.

Ekspertin sözlərinə görə, təmayülləşmə prosesi bizim təhsil sistemində əvvəllər də olub: “Buna dərinləşdirilmiş siniflər deyilirdi. Müəyyən məktəblər vardı ki, orda müəyyən fənlər üzrə dərinləşdirilmiş məlumat verildi. Sonradan bu məktəblər təmayüllü siniflər olan məktəblərə çevrildi. Hətta fars dilini öyrədən fars dilli təmayüllü məktəblər də vardı.

Həmin təcrübələr əsasında təmayüllü məktəblər, siniflər yaradılması nəzərdə tutulub. Burada təhsil 9-cu sinfə qədərdir. Amma 10-11, 12-ci siniflər təmayüllü adlanır.

Məqsəd ondan ibarətdir ki, ümumitəhsil məktəbi dərinləşdirilmiş proqramla keçilsin, şagirdlər əlavə hazırlıq üçün müəllim yanına getməsin və həmin təmayüllü siniflər nəticəsində ali məktəbə daxil olsunlar”.

Əjdər Ağayev deyir ki, tam orta məktəblərin ləğv olunması mümkün deyil: “Bunun üçün təhsil qanununda və konstitusiyada təhsil dəyişiklik edilməlidir. Hər bir dəyişiklik hüquqi əsaslara söykənir. Təhsil qanuna görə, orta təhsil 9 illikdir, tam orta təhsil isə hələlik 11 illikdir. Gələcək 12 illik olacaq.

Təmayüllü siniflər yaradılan zaman müəllimlərin dərs saatı azala bilər. Həmin siniflərdə dərs demək üçün müəllimlər xüsusi müsabiqə yolu ilə seçiləcək. Müəllimlərin təqaüdə çıxana kimi işləmək hüquqi var. Müəllim zavodda, tikintidə işləmirlər ixtisara getsinlər”.

AMEA-nın Tarix üzrə fəlsəfə doktoru Kamran Əsədovun sözlərinə görə, Azərbaycan Konstitusiyası və "Təhsil haqqında" qanunun tələblərində də göstərilib ki, dövlət bütün məktəb yaşlı vətəndaşların təhsilini təmin edir: “Heç bir halda onların bu hüququ məhdudlaşdırıla bilməz. Təhsilin inkişafı üzrə dövlət stategiyasında, bundan əlavə, digər qanunvericilik aktlarında orta məktəblərin təmayüllü siniflər halında təşkili nəzərdə tutulub.

Bu, təhsil alanların öz maraqlarına uyğun şəkildə təhsilini davam etdirmək üçün nəzərdə tutulub. Lakin bildiyiniz kimi, regionlarımızda bir çox məktəblər var ki, 10 və 11-ci siniflərdə şagird sayı 3-4 nəfərdən ibarətdir. Əlbəttə, bu say həddi normal tədris prosesini həyata keçirmək üçün yetərli deyil. Buna görə də bəzi məktəblərin, yəni yuxarı siniflərdə şagird sayı az olan məktəblərin yaxınlıqda yerləşən digər məktəblərlə birləşib 10-11-ci sinifləri təşkil etməsi mümkündür. Bu zaman məktəbin yerləşdiyi ərazi, nəqliyyat və digər məsələlər ciddi şəkildə araşdırılmalıdır”.

Kamran Əsədov deyir ki, təmayüllü siniflərin yaradılmasından sui-istifadə halları da mümkündür: “Təəssüf ki, bir çox rayon təhsil şöbələri üçün bu qərar bəhanəyə çevrilib. Nəticələri yüksək olan məktəblərin qeyri- rəsmi formada 9 illik elan olunması haqqında əsassız məlumatlar yayıb insanlara çaşqınlıq yaradırlar.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, indiyə qədər Təhsil Nazirliyi tərəfindən hansısa məktəbin bağlanması, tədris formasının dəyişdirilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib. Bu proses hazırda 182 orta məktəbdə pilot layihə çərçivəsində həyata keçirilir.

Bütün ölkə ərazisində tətbiqi 2017-ci ilin sentyabr ayından başlayacaq. Lakin heç də mətbuatda yazılan kimi, bu məktəblərin kütləvi şəkildə bağlanması ilə müşayiət olunmayacaq. Çünki təhsil bütün insanlar üçün əlçatan olmalıdır. İnsanların rahat təhsil almaları üçün bütün lazımi şərait yaradılmalıdır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər