Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov sosial şəbəkədəki hesabında artıq uzun illərdir “Xocalıdan olan uşaqların şəkli” kimi yayılan foto ilə bağlı maraqlı məlumat açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, A.Qurbanov qeyd edib ki, doğrudur, doğma yerlərindən didərgin düşən körpələrin hamısı bu acı taleyi yaşayıblar. Bununla belə, bu fotoşəkili AzərTAC-ın İlqar adlı fotomüxbiri (İlqar Cəfərov - red.) 1993-cü ilin aprel ayının 3-də, Kəlbəcərin işğalından bir gün sonra Murov dağının aşağı hissəsində çəkib: “Ora ezam olunanlar arasında mən və qələm dostum, həmin dövrdə Prezident Aparatında işləyən Fərhad Abdullayev də vardı. Saat təqribən 09:00 olardı. Murova qalxmağa hazırlaşırdıq. Dağın ətəyində təcili yaradılmış səyyar qəbul məntəqəsinin ətrafına isə yüzlərlə Kəlbəcər qaçqını toplanmış, əzizlərini arayırdılar. Bu zaman için-için ağlayan bu qızcığazı gördük. Onu ovundura bilmirdilər. Heç kimi nə özünə, nə qucağındakı körpəyə yaxın buraxırdı. Anasını axtarırdı. İlhamın da gözləri dolmuşdu. Fotoaparatını götürüb şəkilini çəkdi…”
A.Qurbanov qeyd edib ki, sonralar bir jurnalist kimi onu çox axtarıb: “Nəhayət, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, kəlbəcərli dostum Qurban Sadıqovun köməyi ilə həmin qızcığazın taleyi haqqında məlumat əldə edə bildim. Onu sizə də təqdim edirəm: Bayramova Həyat Fikrət qızı, Kəlbəcər rayonunun Yanşaq-Zallar kəndindədir. Hazırda Goranboy rayonunun Sarısu kəndində yaşayır. Ailəlidir, gözəl övladları var.
Əzizimiz Həyat, səndən və ailəndən icazəsiz bu məlumatı yaydığım üçün yəqin ki, məni bağışlayarsan. Səni tapmağımıza, sağ və salamat olmağına, ailə səadətinə qovuşmağına çox sevindim. Səni ailənlə, əzizlərinlə birlikdə bir daha doğma Kəlbəcərimizdə görməyi arzulayıram”.
Səxavət HƏMİD