Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Azərbaycanın gömrük sərhədindən müvəqqəti keçirilən mal və nəqliyyat vasitələrinin müəyyən edilmiş müddət ərzində geri qaytarılmasına gömrük orqanları tərəfindən nəzarətin həyata keçirilməsini tənzimləyən sistemin tətbiqi ilə bağlı seminar-müşavirə keçirilib.
Dövlət Gömrük komitəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev, DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev və rəis müavini, gömrük xidməti polkovniki Nüsrət Qurbanov iştirak ediblər.
Seminar-müşavirədə çıxış edən DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli, 744 nömrəli fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamədə edilən dəyişikliklər və Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 918 nömrəli fərmanı ilə Dövlət Gömrük Komitəsinin üzərinə qoyulan vəzifələr barədə iştirakçıları məlumatlandırıb.
İqbal Babayev gömrük əməkdaşlarına gömrük sərhədindən müvəqqəti keçirilən mal və nəqliyyat vasitələrinin müəyyən edilmiş müddət ərzində geri qaytarılmasına avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə gömrük nəzarətinin həyata keçirilməsi metodu barədə izahat verib.
Eyni zamanda, fiziki şəxslərin gömrük orqanları qarşısında götürdükləri öhdəliyi yerinə yetirmədikləri, yəni, müvəqqəti gətirdiyi və ya apardığı mal və ya nəqliyyat vasitələrini vaxtında qaytarmadıqları halda, sərhədkeçmə zamanı məhdudiyyətlə üzləşəcəklərini diqqətə çatdırıb.
Tədbirdə bu problemlərlə rastlaşan şəxslərlə bağlı gömrük əməkdaşlarının hüquqi baxımdan hərəkətləri və fiziki şəxslərə bu haqda müvafiq izahatların verilməsi kimi məsələlərə də toxunulub.
Daha sonra Dövlət Gömrük Komitəsi Aparatının əməkdaşları gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində (VAİS) gömrük sərhədindən müvəqqəti keçirilən mal və nəqliyyat vasitələrinin müəyyən edilmiş müddət ərzində geri qaytarılmasına nəzarətin həyata keçirilməsini əyani şəkildə nümayiş etdirib və bu mövzuda təqdimatla çıxış ediblər.
İlhamə ƏBÜLFƏT