2 Mart 2017 23:28
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni binalarda ev satılarkən sahələri torpaq sahəsi ilə hesablanır. Yəni divarları, hətta şaxtaları da daxil olmaqla həmin ev torpaq sahəsində nə qədər yer tutursa, ümumi sahəsi də o qədər yazılır. Bu isə tamamilə qanunsuzdur, evi alanlarda minlərlə manat pulun artıq alınması deməkdir.

Teleqraf.com "Xəzər xəbər"ə istinadən xəbər verir ki, fakt dövlət reyestr xidmətinin əməkdaşları belə evlərə çıxarış verərkən üzə çıxıb. Paytaxtın Binəqədi rayonunda bir yeni binanın sakinlərinin şikayəti əsasında araşdırılıb.

Satarkən mənzilin 98,8 kvadrat metr olduğu deyilib, sənədləşdirilərək buna uyğun pul alınıb. Ancaq evin çıxarışı hazırlanarkən ölçüb biçənlər başqa rəqəm yazıblar. Məlum olub ki, evin sahəsi 85,2 kvadrat metrdir. Yəni 13,6 kvadrat metr sahənin pulu boşuna ödənib.

Paytaxtın Binəqədi rayonundakı bir yeni tikilidən ev alanların demək olar hamısı bu şəkildə aldadıldıqlarını deyirlər. Nəticədə hərənin 8-10 min manat arasında pulu tikinti şirkəti tərəfindən mənimsənilib.

Həmin tikinti şirkətinin nümayəndəsi isə deyir ki, mənzillər satılarkən eyvanları da ölçülərək ümumi sahəyə daxil edilib. Dövlət Reyestr Xidmətinin verdiyi çıxarışlarda eyvanlar 0.3 əmsalına vurulduğuna görə, mənzilin ümumi sahəsi azalıb. Ancaq onun dediyi kimi hesablayanda da düzgün nəticə çıxmır. Çıxması üçün da həmin evlərin eyvanlarının azı 10-15 kvadrat metr sahəsi olmalıdır ki, bu belə deyil.

Ekspertlər isə deyir ki, bənzər hallar əksər yeni tikili binalardakı mənzillər satılarkən baş verir. Tikinti şirkətləri mənzilləri satarkən binanın ölçünü torpaq sahəsi ilə hesablayırlar. Bu isə divarların hətta şaxtaların tutduğu hissələrin də evin sahəsinə əlavə olunması deməkdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına görə isə bu ərazilər nəyin ki, mənzilin, heç binaların da sahəsinə daxil edilmir. Həmin sahələr binalar üçün bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır.

Əmlak məsələləri eksperti Ramil Osmanlı da mənzilin sahəsi hesablanarkən arakəsmə divarların qalınlığı və çöl divarın, eləcə də evvanın mənzilin yaşayış sahəsi kimi hesablana bilməyəcəyini xatırladır.

Belə problemlərin yaşanmaması üçün vətəndaşlar mənzili almazdan əvvəl ekspert dəvət etməli və mənzilin sahəsini qanunlara uyğun ölçdürməlidir ki, tikinti şirkəti ilə müqavilə bağladıqdan sonra ortaya çıxan problemlərin həlli çətinləşməsin.


Müəllif:

Oxşar xəbərlər