Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən çox dinc insan ölüb.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda bu gün keçirilən konfransda çıxışı zamanı deyib.
M.Quliyev deyib ki, Azərbaycan terrorun fəsadları ilə hələ yüz illər bundan əvvəl üzləşib:
"Erməni terrorçuları hələ ötən əsrdən Azərbaycana qarşı terror hadisələri törədib. Erməni terroru 1980-ci illərdən yenidən vüsət alıb. Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən artıq dinc insan həlak olub".
DTX rəisi bildirib ki, Azərbaycan mürəkkəb geosiyasi məkanda yerləşir:
"Bununla belə, respublikamız nəinki Cənubi Qafqazın, hətta Avropanın ən sabit ölkələrindən biridir. Bu, məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində mümkün olub. Bu gün məhz ulu öndərin qoyduğu siyasi xətt müasir dövrün tələbləri nəzərə alınmaqla cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutub və etibarlı tərəfdaş statusunu qazanıb".
M.Quliyevin sözlərinə görə, Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşularaq beynəlxalq terrorizmlə mübarizəyə töhfəsini verir. O əlavə edib ki, dünyada təhlükəsizliyi ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün çox mühüm bir məsələdir:
"Son dövrlərdə Azərbaycana yaxın olan Mərkəzi Asiya və Yaxın Şərqin bir sıra ölkələrində cərəyan edən proseslər beynəlxalq əmin-amanlığı qorxulu təhlükələrlə, o cümlədən terrorizm, ektremizm və digər qorxulu təhdidlərlə üzləşdirib. Bu gün İŞİD və digər terrorçu təşkilatlar ölkələrin ərazilərini işğal edərək beynəlxalq təhlükəsizliyə təhdid yaradır. Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulur və beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verir".