"Biz məcburi köçkünlərin adlı siyahılarını artıq toplamışıq".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Onun sözlərinə görə, həmin siyahıya sabah Dövlət Komitəsində keçiriləcək müşavirədə baxılacaq: "Məcburi köçkünlərin müavinətləri Novruz bayramından əvvəl - fevral və mart ayları bir yerdə veriləcək. Sayğac, qaz olmayan yerlər də dəqiqləşdirilib. 520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi olaraq aparılacaq. Hər ay dəqiqləşmə aparılacaq. Ola bilər ki, 3-5 yanlış düşüb, nəzərə alınacaq. Müraciət obyektivdirsə, mütləq nəzərə alınacaq".
Baş nazirin müavini bildirib ki, qaz olmayan yerlərdə ödəniş əvvəlki qaydada aparılacaq: "Həmin ödənişlər Dövlət Komitəsi tərəfindən ödəniləcək. Qaz olan yerlərdə isə məcburi köçkünlər adambaşına 36 manat alıb, özləri ödəyəcəklər".
Əli Həsənov qeyd edib ki, gələn həftədən Biləsuvarda yaşayan məcburi köçkünlərin yaşadığı qəsəbəyə qaz veriləcək: “Prezident tapşırıq vermişdi ki, köçkünlər yaşayan yerlərdə qazlaşma işlərinə başlanılsın. Xüsusilə Biləsuvar rayonu ərazisində 16 mindən çox məcburi köçkün 11 qəsəbədə yaşayır. SOCAR-a tapşırıq verilib və artıq icra olunub. Hesab edirəm ki gələn həftə orada təbii qazın verilişi təmin olunacaq”.
İlhamə