3 Mart 2017 14:22
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki gün əvvəl baş verən problem bu gün tamamilə həll olunub. Bir sıra etik məsələləri nəzərə alaraq, mən həmin xoşagəlməz hadisənin formatı və sonluğunun təfərrüatları barədə ictimaiyyəti məlumatlandırmamağı qərara aldım. Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi tərəfindən bu məsələyə cəlb edilmiş bütün şəxslər qanunun aliliyinə əsaslanaraq, mənə qarşı və yaranmış vəziyyətlə əlaqədar olaraq çox yüksək dərəcədə hörmət və konstruktiv yanaşma nümayiş etdirib. Mən, öz tərəfimdən, Azərbaycan Respublikasının Prezidenti bütün dövlət qulluqçularından tələb etdiyi kimi, əmin-amanlığın, Azərbaycan vətəndaşlarının qanuni hüquq və maraqlarının mühafizəsi işində onlara uğurlar arzuladım”.

Teleqraf.com xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Feysbuk hesabında yazıb.

Diplomat əlavə edib ki, Azərbaycanda həmişə olduğu kimi sonradan müəyyən edildi ki, biz həmin şəxslərlə bir-birimizi hələ 1994-cü ildən, ABŞ-ın ATƏT-dəki səfiri Braunu Goranboy rayonunun Tapqaraqoyunlu kəndindəki təmas xəttinə müşayiət etdiyimiz vaxtdan tanıyırıq: “Əminəm ki, baş vermiş bu hadisənin bütün iştirakçıları özləri üçün lazımi nəticələri çıxarıblar. Demək istərdim ki, mənim gəldiyim nəticə ondan ibarətdir ki, qanuni hüquqlar uğrunda qanuni vasitələrlə mübarizə aparmaq lazımdır. Bu işdə ictimai rəy və KİV çox mühüm əhəmiyyətə malikdir. 15 gün əvvəl istifadə etməyə başladığım Facebook-un rolu da vacibdir. Demək olar ki, bu, bizim hamımızın keçdiyi məktəbdir və burada əsas qayda – qanunun aliliyidir. Qısası, qanuna hörmət edin və hər kəsdən bu hörməti tələb edin. Əminəm ki, uzunmüddətli müzakirələr üçün sensasiya dolu və qaynar faktları, “kim kimi məğlub edəcək” seriyasından yarışma səhnələrini açıqlamadığıma görə, bəzi dostlarım məni bərk tənqid edəcək. Ancaq mən sual verirəm: “Lazımdırmı?” Axı, aydındır ki, sizin göstərdiyiniz və mənim də səmimi şəkildə minnətdar olduğum ictimai dəstək və baş vermiş hadisə ətrafında yaranmış rezonans qalib gəldi. Daha doğrusu, qalib gələn qanun oldu”.

Xatırladaq ki, iki gün əvvəl sabiq nazirin avtomobili polis tərəfindən saxlanılmış və cərimə meydançasına aparılmışdı. Tofiq Zülfüqarov elan etmişdi ki, onun avtomobilinin saxlanılmasını polis generalı əmr edib.

Cavad


Müəllif:

Oxşar xəbərlər