7 Mart 2017 17:48
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Qadınlar günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycanın hüquqi və demokratik cəmiyyət modelinin mühüm cəhətlərindən biri də qadınların digər sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malik olmalarıdır: “2003-cü illə müqayisədə respublikamızda məşğul əhali tərkibində qadınların xüsusi çəkisi 20,4 faiz artaraq 2016-cı ilin sonuna təqribən 2,3 milyon nəfərə çatıb.

Cari ilin 1 mart tarixinə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin 47,4 faizi qadınlarla bağlanan əmək müqavilələridir”.

Nazir diqqətə çatdırıb ki, 40-54 yaş arasında olan şəxslərlə bağlanmış əmək müqavilələri sırasında kişilərlə müqayisədə qadınlarla bağlanan əmək müqavilələri daha çoxdur: “40-44 yaş qruplarında bağlanmış əmək müqavilələrinin 51,9%-i, 45-49 yaşlarında olan şəxslərlə bağlanmış əmək müqavilələrinin 54,7%-i, 50-54 yaş qruplarında bağlanmış əmək müqavilələrinin 53,4%-i qadınlarla bağlanıb.

Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 39,6%-i, ali təhsilli şəxslərin 48,4%-i, orta ixtisas təhsilli şəxslərin 61,2%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24,7%-i qadınlardır. Ölkəmizdə qadınlar əsasən təhsil, səhiyyə və sosial xidmət sahələrində çalışırlar.

Yəni təhsil, səhiyyə və sosial xidmət sahələrində əmək müqaviləsi bağlananların 76%-78%-i qadınların payına düşür”.

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının yeni uzunmüddətli Məşğulluq Strategiyası layihəsində də qadınların əmək bazarına çıxış imkanlarının artırılması əsas hədəflər sırasındadır.

Nazir bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının 57,8 faizini, sosial müavinət və təqaüd alanların 41,5 faizini qadınlar təşkil edir: "Ölkəmizin pensiya və sosial müavinətlərlə bağlı qanunvericiliyində çoxuşaqlı qadınlar, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar üçün əlavə güzəştlər əksini tapıb. Beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə isə aylıq sosial müavinət verilir".

Sonra qadınlara gül dəstələri və hədiyyələr təqdim edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər