Azərbaycanın tikinti sektorunun liderlərindən biri, bu sahədə dəbi müəyyənləşdirən AAAF Holdinq MMC öz yeni, möhtəşəm layihəsi – AAAF Park Astara layihəsini tam reallığa çevirmək istiqamətində addımlarını atmaqdadır. Buradakı vacib obyektləridən ikisi – ağır atletika üzrə təlim-məşq bazası və “Limuland” açıq və qapalı uşaq əyləncə mərkəzi martın 5-də təntənəli mərasimlə açıldı. Yağışlı havaya baxmayaraq, bir çox mötəbər qonaqlar tədbirə qatıldılar.
İlk öncə ağır atletika üzrə təlim-məşq bazasının açılışı həyata keçirildi. Qırmızı lenti Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Ruslan Xanverdiyev kəsdi. Qonaqlar içəri daxil olaraq bu çoxfunksiyalı bazadakı şəraitlə tanış oldular. Burada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilmişdir. Qonaqlar, mütəxəssislər gördüklərindən razılıq ifadə etdilər. Fikir bildirildi ki, ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsində regionlarda da idman kompleksləri, ixtisaslaşdırılmış zallar sürətlə istifadəyə verilir, həm insanların sağlam həyat tərzi sürməsi, həm də Azərbaycanın adının beynəlxalq arenada layiqli çıxışları ilə daima uca tutacaq idmançıların yetişməsi baxımından böyük addımlar atılır. Azərbaycan Ağır Atletika Federasiyası və “Zirvə” Beynəlxalq İdman Klubunun birgə layihəsi olan bu təlim-məşq bazasının ilk istifadəçiləri də məhz həmin gün zalda idilər. Ölkəmizin qadınlardan ibarət ağır atletika yığması təlim-məşq toplanışı üçün məkan olaraq buranı seçiblər. “Limuland” qapalı əyləncə mərkəzinin də açılışı təmtəraqlı alındı.
Regionun böyük hörmətə malik ağsaqqallarından biri olan Mirhəsən Heydərovun qırmızı lenti kəsməsindən sonra alqışlar səslənib. Qonaqlar ikimərtəbəli ailəvi istirahət mərkəzinə daxil olaraq buradakı yeniliklərlə tanış olublar. Təxminən 2 min kv2 ərazisi olan “Limuland”in 1-ci mərtəbəsində oyun aparatları olan əyləncə zalı yerləşir. Burada 30-a yaxın fərqli, böyük marağa səbəb olan və rəngarəng oyun aparatı uşaqlara xoş vaxt keçirmək, doyunca əylənmək, sevinclərinə sevinc qatmaq imkanı verir. Aparatlardan istifadə qiymətləri də çox münasibdir. Hətta regionlar üçün belə yetərincə ucuz olan bu qiymətlər eyni zamanda yüksək keyfiyyətə təminat verir.
Aparatlardan istifadə edən yeniyetmələrin ilk gün təəssüratları da bunu əminliklə söyləməyə imkan verdi. Mərkəzin ikinci mərtəbəsində 200 nəfərlik ailəvi restoran – “Limu Forest” fəaliyyət göstərir. Yüksək səviyyəli xidmət, canlı musiqi, ləziz yeməklər, özünəməxsus, orijinal dizayn buranı hər kəs üçün cəlbedici bir məkana çevirir. Yerli, türk və Avropa mətbəxinin təamları, müxtəlif şirniyyat və spirtsiz içkilər qonaqların xoşuna gələcək. Düz dəniz qırağında yerləşən Mərkəzin eyvanından gözəl mənzərə izləmək, üstəlik bunu sanki bir meşədə otururmuş kimi etmək şansı hər dəfə ələ düşməyə bilər. Azərbaycanın cənub qapısı olan Astara şəhərinin əhalisinin bura elə ilk gündən axın etməsi, təqdim edilən xidmətlərdən yararlanaraq razılığını ifadə etməsi görülən işlərin keyfiyyətindən xəbər verir. “Limuland” Əyləncə Mərkəzində yalnız yerli sakinlərdən təşkil olunan 40 nəfərlik personalın çalışması, həm də regionlarda yeni iş yerlərinin açılması, buradakı əhalinin rifahının yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Mərkəzin açılış mərasiminə toplaşan qonaqlara maraqlı konsert proqramı təqdim edildi. Buna qədər isə mötəbər qonaqlar öz ürək sözlərini bölüşməyi lazım bildilər. Astara rayon icra başçısının müavini İlqar Malıyev səhnəyə çıxaraq təbriklərini çatdırdı. O qeyd etdi ki, belə obyektlərin fəaliyyətinin genişləndirilməsi regionların inkişafına böyük dəstəkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sahibkarlara dəstək siyasətinin nəticəsi olaraq AAAF Park Astara kimi layihənin ərsəyə gəlməsi və dövlət başçısının işlərin gedişilə şəxsən maraqlanması, xeyir-duasını verməsinin yüksək qiymətləndirən Malıyev, bunun regiondakı digər iş adamlarına da nümunə olacağına əmin olduğunu bildirdi.
AAAF Holdinqin prezidenti Tofiq Heydərov açılış üçün gələnlərə təşəkkür edərək böyük əzmkarlıq hesabına ərsəyə gələn bu layihə haqda danışdı. O, Astaranın böyük turzim potensialına malik olduğunu, Türkiyənin, digər ölkələrin istər iqlim, istər xidmət, istər qida, istərsə də digər xidmətlərindən geri qalmadığını bildirdi. Heydərov AAAF Park Yaşayış Kompleksinin 2-ci böyük layihəsini regionda gerçəkləşdirilməsinin buranın əhalisinə, gənc və yeniyetmələrinə dəstək məqsədi güddüyünü dedi. O qeyd etdi ki, “Limuland” açıq və qapalı əyləncə mərkəzləri, təlim-məşq bazasından sonra çoxrtəbəli binlara və mehmanxanalar şəbəkəsinin də tikintisi sürətlənəcək, bütün bu obyektlərdə yerli əhalinin işə cəlb olunması ilə inkişafa təkan veriləcəkdir.
“Limu Forest” Əyləncə Mərkəzinin direktoru Doğan Tomris də yerli kadrlardan istifadəni vurğuladı. O, gənc astaralıların AAAF Park Astara Kompleksində işlə təmin olunduğunu, burada təcrübə qazanaraq daha böyük zirvələri fəth etməyə hazır vəziyyətə gələcəklərini bildirdi. Doğan bəy, “Limuland”in istər xidmət, istər qida, istərsə də infrastruktur baxımından ən yüksək səviyyədə olduğunu deyərək hər kəsə uğurlar arzuladı.
Son olaraq AAAF Holdinqin vitse-prezidenti Fəxri Ağayev çıxış etdi. O, “Limuland” və ağır atletika təlim-məşq bazasının açılışı münasibətilə hər kəsi təbrik etdi. Fəxri bəy Holdinq olaraq Azərbaycanda son vaxtlar qeydə alınan mənfi tendensiyanın əksinə olaraq regionların inkişafına yatırım etməsini, buradakı inkişafa fasiləsiz dəstək verməsini alqışlanacaq bir addım kimi qiymətləndirdi. Ağayev AAAF PARK Astaranın markalaşma baxımından da böyük əhəmiyyət daşıdığını, iqtisadi böhran zamanı çətinliklərin imkanlara çevrilməsinə ən gözəl nümunələrdən biri olduğunu qeyd etdi. Sonra bədii hissəyə start verildi. Regionun ən tanınmış müğənni və ifaçılarından olan Zaur Babayev, Əhməd Kərimov, “Xan Qrupu” və Skripkaçı İlqar zala toplaşanların xoş vaxt keçirməsi üçün müxtəlif mahnı və musiqi nömrələri ifa etdilər. İlk qonaqlara “Limuland” mətbəxinin təamlarından ödənişsiz dadmaq imkanı verildi. Rəqslər, mahnılar, dadlı yeməklər, xoş ab-hava bu günü unudulmazları sırasına yazdı.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il aprelin 11-də Astaraya səfəri zamanı “AAAF Park Astara” layihəsi ilə tanış olmuşdu. Ölkə başçısı layihədən razılığını dilə gətirərək, görülən və görüləcək işlərdən məmnunluğunu bildirib, tapşırıq və tövsiyələrini vermişdi. Daha sonra – 2016-cı il noyabrın 23-də Bakı Ekspo Mərkəzində keçirilən II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva AAAF Park Yaşayış Kompleksinin stendinə baş çəkib. Cənab prezident AAAF Park Astara layihəsi ilə xüsusilə maraqlanıb. Sahilboyu 4 km məsafədə, təxminən 80 hektar ərazidə inşaasına start verilən bu nəhəng layihə İlham Əliyevin xoşuna gəlib. O, ümumilikdə “AAAF Park Astara” layihəsini diqqətlə incələyib, görülən işlər barədə xoş sözlər işlədib. Prezidentə məlumat verilib ki, ötən ilin aprelində açılışında iştirak etdiyi “AAAF Park Astara” dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə edilməsinə, yeni iş yerlərinin açılması, burada yaşayan insanların rifahının yaxşılaşdırılması siyasətinə dəstək məqsədi güdür.