9 Mart 2017 11:14
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbirləri keçirilir.

BŞTİ-dən Teleqraf.com-a verilən məlumata görə, tədbirlərin keçirilməsində əsas məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Tədbirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığına əsasən Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi tərəfindən təşkil edilir.

Tədbirlərdə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin, eləcə də Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürücü balondan istifadə qaydaları”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112 qaynar xətti” mövzularında məruzələrlə çıxış edirlər.

Tədbir iştirakçılarına ölkəmizdə baş verən fövqəladə hallar zamanı (yanan bina, dənizdə baş verən yanğın hadisəsi, sürüşmələr, güclü küləklərin yaratdığı fəsadlar, palçıq vulkanları) müvafiq qurumların həyata keçirdiyi təcili əməliyyatlar haqqında şagirdlərə geniş məlumat verilir. Məktəblilərə fövqəladə hallar zamanı davranış qaydaları geniş şəkildə izah olunur.

Tədbirlər zamanı həmçinin, müvafiq mövzularla bağlı müxtəlif videoçarxlar nümayiş olunur, şagirdləri maraqlandıran suallar cavablandırılır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər