9 Mart 2017 17:17
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Müdafiə Nazirliyinin beynəlxalq siyasət üzrə direktoru Nik Qurrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında növbəti qərargah danışıqlarının keçirilməsinə dair məsələlərin əsas müzakirə mövzusu olduğu görüşdə ölkələrimiz arasında hərbi təhsil, xüsusilə də Silahlı Qüvvələrimizin nümayəndələrinin “Hərbi ingilis dili kursu”nda iştirakı barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, ildən-ilə bu kursda iştirak edən zabitlərimizin sayı artır və bu, çox önəmlidir.

Regiondakı hazırkı vəziyyət barədə qonaqlara ətraflı məlumat verən müdafiə naziri vurğulayıb ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyi beynəlxalq və regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır.

2016-cı ilin sentyabr ayında general-polkovnik Z.Həsənovun Londonda keçirdiyi səmərəli görüşləri xatırladan N.Qurr qeyd edib ki, həmin səfərdən sonra ölkələrimiz arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Azərbaycanın NATO-nun Əfqanıstanda keçirdiyi missiyada iştirakını yüksək qiymətləndirən qonaq vurğulayıb ki, Böyük Britaniya ölkəmiz ilə hərbi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır.

N.Qurr xüsusi qeyd edib ki, Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqla yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır.

Bundan əlavə, görüşdə hərbi, hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri, regional, dəniz, enerji resurslarının təhlükəsizliyi, terrorizmə qarşı birgə mübarizə və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər