13 Mart 2017 11:02
4 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial şəbəkədə anonimlik insana problemi olduğu kimi təqdim etmə şansı verir”

Bu gün internetə çıxış imkanı olan qadınların böyük əksəriyyəti sosial şəbəkələrdə də aktivdir. Son zamanların əsas trendi isə qadınlara aid müxtəlif feysbuk qruplarıdır. Ucqar dağ kəndində yaşayan qadınlardan tutmuş, az qala qlamur xanımlaradək, əksəriyyət qadınlar maraq dairəsindəki mövzuların müzakirə edildiyi qruplarda vaxt keçirir.

10-20, hətta 30 mindən çox insanı özündə birləşdirən qadın qrupları maraqlı tövsiyələr də verir, körpələrin yoluxduğu xəstəliklərlə bağlı məsləhət edir və s. Ancaq qayınana-gəlin münasibətlərinin, xəyanət qubanı olmuş qadınların da bir başqa hekayəsi var bu qruplarda. Teleqraf.com qadınların sosial şəbəkədəki fəaliyyətlərilə bağlı Fərdi İnkişaf Mərkəzinin psixoloqu Nərgiz Süleymanlı ilə söhbət aparıb. Böyük qadın qruplarından birinin idarəçisi olan psixoloqla bu qruplardakı daha çox müzakirə edilən məsələlərə toxunduq.

- Son vaxtlar belə ifadələr tez-tez səslənir ki, internetin genişlənməsi insanların psixologiyasına təsirsiz ötüşməyib, hətta çox zaman ailə münaqişələrinə səbəb olur. Sizin qənaətiniz necədir?
- İnternet artıq həyatımızın əsas hissəsinə çevrilib. Özünü tək hiss edən bir çox adam çarəni virtual həyatda axtarır. Ancaq mütəxəssislər internet asılılığının ictimai həyatdan qopmağa səbəb olduğunu söyləyir. Dostluq saytları, cürbəcür oyunlar ... Artıq bir çox insan vaxtının böyük hissəsini kompüter qarşısında və ya əlində ağıllı telefonlarla keçirir. İnternet vasitəsilə edilən evliliklər, xəyanətlər tez-tez qarşılaşdığımız hadisələrdir. Belə ki, artıq bir çox evlilər eyni evdə 2 kompüter saxlayır. Qadın ayrı bir kompüter, kişi ayrı bir kompüter başında virtual həyatda öz çevrələrini qurur. İnternet əslində faydalı sahələrdə istifadə edildiyi müddətcə çox xeyirli bir texnologiya vasitəsidir. Lakin inkişaf edən texnologiya sayəsində internet asılılığı getdikcə artmaqdadır. İnsanların ətraflarında tapa bilmədikləri bir çox məlumatı ya da əyləncəli mühiti internetdə tapması bu vəziyyətin artmasında rol oynayır. Özünü tək hiss edən bir çox adam sosial şəbəkələrdə söhbət qurmağa və dost çevrəsini genişləndirməyə başlayıb. Buna görə də internetin təsirləri mənfi yöndə ailədaxili münasibətlərə təsir edir. Bir çox evli cüt evində danışmaq yerinə artıq internet üzərindən ünsiyyətə keçir. Ər-arvaddan biri internet başında vaxt keçirib əylənərkən digəri yalnız qalmanın verdiyi təsir ilə psixoloji problemlər yaşayır. Sosial heç bir şeyi paylaşmayan cütlər zamanla bir-birlərindən qopmağa başlayır və boşanmalar artır. Əlaqədəki qopmalar narahatlıq və qayğıları da artırır. Virtual mühitdə aldatmalar ya da bu problemlə əlaqədar şübhələr cütlərin bir-birlərinə olan etibarlarını da zədələyir.

- Sosial şəbəkələrdə qadınların böyük kəsimini özündə birləşdirən qruplar mövcuddur ki, orada insanlar öz adı və ya anonim imzalarla ailə problemlərini müzakirəyə çıxarır. Əvvəllər heç doğmalarla xəyanət mövzusunda müzakirə aparmağa çəkinirdi xanımlar, indi sanki tanımadıqları insanlardan belə mədət umurlar. Belə tendensiyanın yaranmasını necə izah edərdiniz?
- Xanımlarımız “məsləhətli don gen olar” prinsipiylə yanaşaraq bir sıra məsələlərdə qruplara üz tuturlar. Burada psixoloji məqam ondadırki, bir insan öz doğmasına problemini, yaşadıqları və hiss etdiklərini dürüstcə danışmaqdan çəkinir, çünki, duyğusal bağlılığı olan həmin insan tərəfindən qınanılmaqdan və o insanla əlaqələrinə dəyəbiləcək mənfi təsirlərdən qorxur. Əslində sosial şəbəkədə bunu yazmaq da cəsarət istəyir, çünki qarşısındakı kütlə onu tanımır və tərəfsiz fikrini bildirir, qınayır, məsləhətini də o insan haqda heç bir düşüncəsi olmadan verir. Real həyatda qarşılaşma ehtimalının azlığı da bu vəziyyətə təkan olur. O insan bəzən hər kəsə özünü izah etməyə çalışaraq problemi özü üçün böyüdür.

- Siz özünüz də sosial şəbəkədə populyar olan qruplardan birinin adminisiniz. Diqqət etmişəm, anonim paylaşımlar daha çox olur, qadınların çoxu həyat yoldaşlarının xəyanəti ilə üzləşdiklərini yazır və məsləhət istəyirlər. Bu durumu necə qiymətləndirirsiniz? Heç əks effektin şahidi olmusunuz?
- Qadınlarımız bu cür paylaşımı çox zaman xəyanətlə bağlı şübhəsi olanda və ya bunu dəqiqləşdirəndə yaşadığı panika, üzüntü halı ilə edirlər. Hər kəs eyni iradədə və eyni gücdə olmadığına görə öz məsələsini ailə yaxınları ilə deyil, sosial şəbəkədə işıqlandırmaqla sanki dəstək umurlar. Aldığı zərbədən sonra necə davranıb nə qərar verəcəyini düşünə bilmir və təcrübəli xanımlarımızın fikirlərinə önəm verirlər. Burada da reaksiyalar birmənalı olmur. Çoxluq əks cinsi günahlandırarkən, qadında da səhv axtaranlar az olmur. Bu da geniş müzakirələr doğurur. İctimai qınağa hazır ola bilməyənlər və ya qohum-tanışının məsələdən agah olmasını istəməyənlər isə anonimliyə üz tuturlar. Çünki an kömək istəyib, dəstək alacağı kimsələri olmur. Əslində anonimlik özünü və problemi olduğu kimi təqdim etmə şansı verir.

- Hansısa xəstəliklə bağlı açılan statuslara diqqətin azlığından şikayətlər olur, deyirlər qaynana və baldızla davadan, xəyanətdən yazılsaydı, daha tez reaksiya verilərdi. Doğrudan da ikinci qeyd edilən mövzularda müzakirələr daha çox aparılır. Burada psixoloji məqamın təsiri nə dərəcədə rol oynayır?
- Bəli qrupun üzvlərinin doxsan faizi evli xanımlardır və hər birinin ailədaxili münasibətlərində müxtəlif mənfi və ya müsbət təcrübələri vardır. Çünki bizim həyatımızın önəmli hissəsini şəxsiyyətlərarası münasibətlər tutur. Müxtəlif xəstəlik növləri bu xanımların sadəcə bir qisminin başına gəlirsə də, siz qeyd edənlər hər bir xanımın həyatında daha aktual mövzulardır. Buna görə digər mövzuların diqqətsiz qalmasında günahkar axtarılmasını düz hesab etmirəm.

- Siz istər real, istərsə də virtual olaraq qadınlarla sıx təmaslar qurursunuz, nədir bu gün Azərbaycan qadınını əsas narahat edən məqamlar?
- Bu mövzu çoxşaxəlidir. Çünki qadın çox incə məxluqdur. Azərbaycan xanımı da öz emosionallığı və yeri gəldikdə güclü iradəsi ilə seçilir. Ailə Azərbaycan xanımı üçün çox önəmli və dəyərlidir. Onu qorumağı, övladını möhtac olmadan böyütməyi həyatının əsas məqsədi edir. Hər mövzu kimi bunu da ümumiləşdirmək doğru deyil, ancaq çoxluğun yaşadıqlarına baxdıqda xəyanətin daha aktual olduğunu görə bilərik. Əks cinsin diqqətsizliyindən gileylənənlər az deyil, ailədaxili zorakılıqdan danışanlar da. Burada söhbət sadəcə fiziki zorakılıqdan getmir, həm də psixoloji zorakılıq da yaşam keyfiyyətini aşağı salan faktlardandır. Buna görə öz ayaqları üzərində durub övladını oxutmağa çalışan analarımızın sayı heç də az deyil. Ancaq bunun üçün hər qadının şansı olmur. Zamanında təhsildən məhrum qoyulmuş qadın yola tək davam edə bilməyəcəyini düşünür və bu əziyyətlərə qatlanaraq ömrünün gözəl yaşlarını üzüntü içində keçirir. Bu halın qarşısını almaq üçün ailələr övladlarına, xüsusilə də qızlarına təhsil verməlidirlər. Valideynlərin övladlarına verə biləcəyi ən gözəl həyat hədiyyəsi ilk növbədə nümunəvi ata - ana modeli və təhsildir. Güclü xanımlarımızdan danışanda bunun sadəcə sözdə olmadığını nəzərinizə çatdırmaq istəyirəm. Virtual həyatda bununla bağlı dərs verən həyat hekayələriylə saysız xanımlar tanımışıq. Onlardan biri Sevinc xanımdır. Bu xanım illər öncə 2 yaşında qızının qan xərçəngi olduğunu öyrəndikdən sonra həyatın əsl üzünü gördü. Tək tənha balasının həyatı uğrunda savaşmağa başladı. Bu gün o qızcığaz - Zəhranın 6 yaşı var. Anasıyla bir-birinə elə dayaq olurlar ki, onların əzmi çox insanlara örnəkdir. Xanımlarımızın hər biri çiçək qədər gözəldir. Son olaraq onlara xitabən qeyd etmək istərdim ki, qoy qadınlarımızın danışığı da, davranışı da çiçəyə layiq olsun. Böyütdüyümüz balalar bizim gələcəyimiz, hər evin bir atası və anasıdır. Onların ən çox nümunə aldıqları insanlar valideynləridir. Biz daim özümüzü tərbiyə edək, sözsüz onlar bizə bənzəyəcəklər.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər